Q O R X U R A M
Mənə nə gəlibsə kələkdən gəlib ,
İndi şeş gətirən zərdən qorxuram .
Bu tale , bu qismət fələkdən gəlib ,
Yalandan , böhtandan , şərdən qorxuram .
Bəzən "hə" deyirik "yox" yerinə biz ,
Tapmayır yerini , nə əyri , nə düz .
O qədər qiymətdən düşübdür ki , söz
Düşünə - düşünə hərdən qorxuram .
Əzəli , sonu var dağın , daşın da ,
Bir gün itəcəyəm ömrün qışında .
Vətən yaddaşında , el yaddaşında
Layiq olmadığım yerdən qorxuram .
İnsan bağbanıyam güllər əkmişəm ,
Bu yolda nə qədər əzab çəkmişəm .
Əqidəm yolunda çox tər tökmüşəm ,
Əcəl gətirdiyi tərdən qorxmuram ,
Layiq olmadığım yerdən qorxuram ,
Layiq olmadığım yerdən qorxuram .
CƏNUB HAQQINDA ŞEİR
Kəndimizin kənarı ilə çəkilmiş tikanlı məftillər Vətəni iki yerə ayırır .
Araz axar , hey çağlayar suları ,
O tay , bu tay - hey ağlayar suları ,
Sahilləri qucaqlayar suları ,
Qara bulud çəkilməz ki çəkilməz .
Xəyalımda yaşatdığım gümanlar ,
Daş üstünə daş atdığım gümanlar .
Ürəyimdə yaratdığım gümanlar
Daşa dönüb sökülməz ki sökülməz .
Araz çayı ...
Yüz illərin göz dağı ,
O qardaşın bu qardaşa söz dağı ,
Həsrətimin sərhəd boyu yac dağı ,
Vətən dərdi kiçilmız ki keçilməz .
Parçalandıq , o tay , bu tay yarandı ,
Aramızda qəmli bir çay yarandı ,
"Heydərbaba" adlı haray yarandı
Gülüstanı tikilməsi ki tikilməz .
Acı həsrət duman çəkib yollara ,
Ayrılığı zaman çəkib yollara ,
Təbriz , Bakı gözün dikib yollara ,
Vüsal tumu əkilməz ki əkilməz .
Qocaldıqca cavanlaşır kədərim ,
Onun dizi bükülməz ki bükülməz !
G Ö R Ü Ş Ə C Ə Y İ K
Sən elə bilmə ki , bu son görüşdür ,
Günəş nur saçanda görüşəcəyik .
Təbiət yuxulu , hələ ki qışdır ,
Çiçəklər açanda görüşəcəyik .
Çaxanda ildırım , yağanda yağış ,
Düşəndə göylərə yeddi cür naxış ,
Sən də görüşümə çıxmağa çalış -
Arılar uçanda görüşəcək .
Göylər ağlayanda yerin halına ,
Ay girəndə buludların dalına ,
Dağlar bürünəndə duman şalına ,
Gizli yer seçəndə görüşəcəyik .
Demə yaş ötübdür il - ildən keçib ,
Özgəsi bu kövrək könüldən keçib ,
Sənin çox yaşıdın evindən köçüb .
Deyirik haçandır , "görüşəcəyik" .
Ləldir vətənimin hər daşı mənə ,
Qıymaram yarpağın verəm düşmənə .
Qulaq as , son dəfə deyirəm sənə :
"Biz hələ Laçında görüşəcəyik " .
Yoxsa ürəyində nə qəzəb , nə kin ,
Varsa Əlizadəyə zərrəcən sevgin ,
Tabutum önünə çıxarsan bir gün -
Məzara köçəndə görüşəcəyik .
K Ə H D İ M İ Z
İkinci Qarabağ müharibəsində beş şəhid vermiş doğma ZEVİN KƏNDİMİZƏ ithaf edirəm .
Qışda şaxtasıyla , yayda tozuyla ,
Uşaq yaddaşımda qalıb kəndimiz .
Koroğlu oğluyla , Nigar qızıyla
Yaşamaq hüququ alıb kəndimiz .
Tarixi çox qədim - min il , milyon il ,
Saxsı küp qəbirlər buna bir dəlil .
Dəyişib o vaxtdan gör neçə nəsil ,
Min dəfə boşalıb dolub kəndimiz .
Qayalar söykənib daş çomağına ,
Şeh düşüb güllərin tər yanağına .
Yolları- bələdçi yad qonağına ,
Mehrini dağlara salıb kəndimiz .
Bitər kövşənində gül- çiçək yonca ,
Arısı bal çəkər ondan doyunca .
Dumanı - ağ cuna dərə boyunca ,
Elə bil xəyala dalıb kəndimiz .
Yağılar vətəni basmasın deyə ,
Oğullar veribdir müharibəyə .
Beş şəhid tabutu gəlib geriyə ,
Acı qəm rübabı çalıb kəndimiz .
Görsəm də hüsnünü çox şəhərlərin ,
Qəlbimdə yeri var dərindən dərin .
Yazdığım nə varsa bu şeirlərin
İlkin müəllifi olub kəndimiz.
Oxunub: 0