Dünya şöhrətli Şekspirin "KRAL Lirin qfaciəsi" Azərbaycan
Akademik Milli Dram teatrında gürcü rejissoru DAVİD
SAKVARELİDZE nın quruluşunda premyerası baş tutdu. Əsərin əsas
ideyası yalan və yaltaqlıqdan kənarda əsl həqiqətin aranması, nizamla
xaosun toqquşmasıdır.
Tamaşa, Res.xalq artisti Nurəddin Mehdixanlının yubileyinə həsr
olunmuşdu. Qeyd edək ki, rejissor həm də musiqi tərtibatını da
hazırlamışdı.
Gürcü rejissorunun maraqlı dəst xətti elə ilk səhnələrdən öz
kreativliyi ilə diqqəti cəlb etdi. Dekor, səhnə tərtibatı, musiqi duyumu,
aktyor seçimi, səhnələrdəki dinamika, əsərə uyğun mistik abu hava
bütövlükdə əsərin monumentallığını vurğulayırdı ki, tamaşaçı tədricən
hadisələrin mərkəzinə yönəlirdi.
Əlbəttə ki, Kral Liri hər rejissor öz baxış bucağından görür və
müəllif bunun üçün də yetərincə zəmin yaradıb... Və bu rejissorun tərtibatı
da növbəti yenilikdir.
Dəyərli sənətkarımız Nurəddin Mehdixanlının Kral Liri də bir
başqadır... Məhz ömrünün bu çağında onu oynamağın sevincini yaşamaq
da hər aktyora nəsib olmur... Aktyor nəhəng bir obraz yaratmalıdır!
Yaradır da! Onun Kral Liri səhnədən səhnəyə dəyişdikcə, cizgilər
də dəyişir, xarakterin daha incə məqamları üzə çıxır. Nurəddin
Mehdixanlının çiyinlərində illərin səhnə təcrübəsi var və o məhz bu gün
arxayınca Krala səhnə həyatı verir. Aktyor indiyədək oynadığı bütün
obrazlarında qoyduğu yüksək hədəfə doğru can atıb və tamaşaçı da bunu
yüksək qiymətləndirib. Kral Lirin həyatında, mənəviyyatında baş verən
psixoloji gərginliklər, ailə məcrasındakı sədaqətsizlik, hiylə, yaltaqlıq,
ata övlad münasibəti, var dövlət davası və s... Bunlar hamısı yaşanır və
nəticə faciə ilə sonlanır!
Digər obraz Qraf Qlosteri res.xalq artisti Sabir Məmmədov
canlandırır. Artıq tək yerişi belə, onun haqqındakı ilk təsəvvürümüzü
asanlaşdırır.
Obraz xarakter etibarı ilə maraqlıdır. Və məhz bu aktyorun
oyununda maraq ikiqat artır.
O da əslində Krala bənzəyir... Ata-övlad münasibətindəki düzgün
qərara varmaması, həqiqətə kor olması, yalnız böyük səhvlər zəminində
saflığa can atması tamaşa boyu yaşanır.
Aktyor Sabir Mammadov, obrazının ən xırda cizgilərini belə
özünəməxsusluqla ötürə bilir... Nə qədər rejissor dəst xətti zəngindirsə,
bir o qədər də obraza can, qan verib onu bizə ötürməyi, öz ruhundan
keçirib canlandıran aktyorun əməyi danılmazdı.
Aktyorun tamaşa boyu qulaqlarımızdan birbaşa ruhumuza xitab
edən səsi də tamaşada bir başqa ahəng yaradır.
Res.əməkdar artisti Münəvvər Əliyeva bu dəfə yeni ampluada bizi
qarşılayır.Onun Qonerilyası ilk baxışdan deyil də, tədricən kimliyini
sübut edir. Aktrisa, səhnədə həmişəki kimi maraqlıdır, istedadına
arxalanır və nəticədə obrazın tamlığına nail olur. Tamaşaçı onun amplua
sərhədinin olmadığına şahid olur. Münəvvər Əliyeva bu dəfə də obrazını
sözün əsl mənasında sevdirə bildi.
Digər obraz Qraf Kent Res.əməkdar artisti Elşən Rüstəmov!
Aktyorun illərdi ki, teatrda canlandırdığı obrazlar qalereyasında yeni bir
nəfəs! Rejissor bu obrazı məhz ona həvalə etməkdə əsla yanılmayıb...
Aktyor obrazının bitkin alınması üçün təcrübəsinə arxalanır... Rejissorun
fikirlərinə əsaslanıb cızdığı yolda o öz mənini obraz vasitəsilə bizə
asanlıqla ötürür. Nəticədə, obraz onun ifasında sevilir və qəbul olunur.
Və nəhayət, Res.əməkdar artisti Anar Heybətov! Uzun illərdi ki
,teatrımızın Müşfiqini canlandıran, ona ruhundan, canından, qanından pay
verən bir teatr fədaisi kimi qalıb yaddaşlarımızda!
Bu dəfə gürcü rejissoru ona Hersoq Kornuolu həvalə etdi. Aktyorun
maraqlı oyun tərzi, obrazına xüsusi yanaşması diqqətdən yayınmadı.
Ümumiyyətlə aktyorun hər dəfə yeni obrazda çıxışı yaddaqalan olur,
obrazın böyük ya kiçikliyindən asılı olmayaraq... Məncə faktura ilə
istedadın birləşməsi buna xüsusi zəmin yaradır ki, Anar Heybətov da
bundan səhnədə yetərincə faydalanır.
Digər aktrisalar: İlahə Həsənova, Rəbbilə Ələkbərzadənin oyununu
xüsusi vurğulamaq istəyirəm. Hər iki aktrisa öz maraqlı oyun üslubu ilə
tamaşada sevildi. Düşünürəm ki, belə bir əsərdə rol almaları onların hər
ikisi üçün yeni bir yaradıcı mərhələ olacaq.
Aktyorlar Elnar Qarayev, Tural İbrahimov, Vüsal Mustafayev, Elçin
Nurəliyev, Əliulla Vəliyev və Rəvan Səmədov öz obrazları ilə tamaşaya
xüsusi rəng qatdılar ki, bu da tamaşanın bütövlüyünə xidmət edən vacib
nüansdır.
Təlxək rolunda olan Elsevər Rəhimov da bu missiyadan kənarda
qalmadı desək, doğru olar.
Balaca Kordeliya Aylin Həşimova isə xüsusi təbrikə layiqdir.
Son vaxtlar teatrla bağlı düşüncələrim müxtəlif olur… Düşünürəm
ki, əsl teatr siyasət müstəvisindən kənarda qala bilməz. Onun siyasi
xəttinin başlıca amili İNSAN faktorudur ki, bu da bütün canlılardan
üstündür. Bütün klassik əsərləri araşdırsaq, bu günümüzə güzgü tutur!
Şekspir belə, dövrünün aktuallığını qələmə alanda düşünürdü ki,
fikirləri əsrləri aşıb, dünyaya meydan oxuyacaq, ölümsüz olacaq!
Bəli, bəli düşünürdü, əks halda o dahi Şekspir olmazdı!
Siz də düşünün cənablar ! Teatra baxmaq naminə deyil, yaşamaq,
yaşatmaq, sevmək, sevilmək, HƏYATI gözəlləşdirmək naminə gəlin,
baxın!
Siz də düşünün əziz aktyorlar, rejissorlar və Cəmi Teatr Əhli!
Düşünün ki, sizə göndərdiyimiz hər alqış çəkilən zəhmətinizə, sənətdə
döyünən qəlbinizə, bəlkə həyatda olmasa da, Səhnədə yaşanan hər
xoşbəxt anınıza, gününüzə verdiyimiz Dəyərdir! Sevgidir! Hörmətdir!
Təranə Feyzullayeva.
Oxunub: 0