dini radikalizm və ekstremizmlə mübarizə

Müqəddəs niyyətə açılan yol…


Qarşıdan gələn müqəddəs Qurban bayramı ərəfəsində müqəddəs Həcc ziyarətinə yola düşməyə hazırlaşan zəvvarların könüllərində mənəvi saflıq, dualarında isə Vətən və millət sevgisi yaşayır. Belə zəvvarlardan biri də Biləsuvarda xeyirxahlığı, alicənablığı və dini-mənəvi dəyərlərə bağlılığı ilə tanınan Seyyid nəslinin nümayəndəsi Ağakərim ƏZİMOVDUR.
Həcc səfərinə çıxmamışdan öncə Ağakərim Əzimov öz evində rayon ictimaiyyətinin nümayəndələrinin, din xadimlərinin, ziyalıların, şəhid və qazi ailələrinin iştirakı ilə geniş ehsan süfrəsi təşkil edib.
Əvvəlcə rayonun Şəhidlər xiyabanını ziyarət edən zəvvar Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyub. Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Biləsuvar şəhərinin mərkəzində ucalan əzəmətli abidəsi önünə gül dəstələri düzərək dərin ehtiramını ifadə edib. O, çıxışında dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizdə hökm sürən sabitlik və rifah naminə Heydər Əliyev ideyalarına daim sadiq qalacağını, milli-mənəvi və islami dəyərlərimizin yaşadılmasına bundan sonra da xidmət edəcəyini bildirib.
Ehsan mərasimində rayonun nüfuzlu ziyalıları və din xadimləri çıxış edərək Həcc ziyarətinin mənəvi mahiyyətindən danışıb, zəvvarlara xeyir-dualarını çatdırıblar.
Rayon Cümə məscidinin axundu Hacı Əlifağa Murtuzov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, Seyyid Miralim Mirsultanov, Seyyid Mir Bəşir Kazımov, Ağaqardaş Kazımov, Hacı Mirsahib Zəkiyev, Qarabağ Əlilləri Cəmiyyətinin rayon filialının sədri Bəhruz Əliyev və digər çıxış edənlər müqəddəs torpaqlara üz tutacaq zəvvarlara sağlam yol, qəbul olunmuş ibadət və dualar arzulayıblar.
Mərasim boyu şəhidlərimizin müqəddəs ruhu ehtiramla yad olunub, Azərbaycanın əmin-amanlığı, xalqımızın birliyi və dövlətimizin qüdrəti naminə dualar səsləndirilib.
Allah yoluna çıxan hər bir zəvvarın niyyəti saf, duaları qəbul olsun. Qurban bayramının bərəkəti, Həcc ziyarətinin nuru hər zaman xalqımızın üzərindən əskik olmasın.

Əhməd Qala










Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR