Xəzər Universitetinin Hasvet Baytarlıq Təbabəti fakültəsinin yeni tədris binasında 2026-cı il mayın 12-də tələbələrin valideynləri üçün “Açıq Qapı Günü” təşkil edilib. Tədbirin əsas məqsədi valideynləri fakültənin tədris prosesi, klinik imkanları, tələbələrin praktiki hazırlıq mühiti və həyata keçirilən akademik fəaliyyətlərlə yaxından tanış etmək olub.
Tədbir çərçivəsində valideynlər müasir avadanlıqlarla təchiz edilmiş tədris-təcrübə klinikasının müayinə və müalicə otaqları, laboratoriyaları, əməliyyat bölmələri və praktiki tədris sahələri ilə tanış olublar. Fakültənin dekanı, biologiya üzrə fəlsəfə doktoru Çiçək Əliyeva baytarlıq təhsili sahəsində tətbiq edilən innovativ yanaşmalar, tələbələrin klinik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər, eləcə də fakültənin gələcək inkişaf perspektivləri barədə valideynlərə ətraflı məlumat verib. Eyni zamanda, valideynlərin sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.
Keçirilən görüş zamanı tələbələrin nəzəri və praktiki biliklərinin inteqrasiyası, beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyətləri və təcrübə proqramları barədə təqdimatlar nümayiş etdirilib.
Tədbirin sonunda valideynlər tələbələr üçün yaradılmış müasir tədris və klinik mühiti yüksək qiymətləndirərək, belə təşəbbüslərin universitet-valideyn əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Oxunub: 0