Tələbələr elmi seminarda
AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədovun rəhbərliyi ilə Humanitar, təhsil və sosial elmlər fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri 2026-cı il mayın 15- də Milli Azərbaycan Tarixi Muzeyində “Muzeydə qorunan Nüydü sikkə dəfinəsi və müasir numizmatik nəticələr” mövzusunda elmi seminarda iştirak ediblər.
Çıxış edən “Fondların elmi uçotu və təsnifatı” şöbəsinin böyük elmi işçisi, Dr. Aygün Məmmədova muzeyin ekspozisiyasında nümayiş etdirilən Nüydü sikkə dəfinəsi (e.ə. II–I əsrlər), Qafqaz Albaniyasının pul təsərrüfatı və xarici ticarət əlaqələri barədə ətraflı məlumat verib. O, həmçinin, bu dəfinənin elmi tədqiqi nəticəsində əldə olunmuş müasir numizmatik nəticələri açıqlayıb, sikkələrin dövrün iqtisadi həyatını, ticarət yollarını və mədəni əlaqələri öyrənmək baxımından mühüm mənbə olduğunu bildirib. Məruzədə Qafqaz Albaniyasının regionda iqtisadi və siyasi mövqeyini əks etdirən faktlar, sikkələrin yayılma arealı və onların digər qədim dövlətlərin pul vahidləri ilə müqayisəsi də diqqətə çatdırılıb.
Məruzə ilə əlaqədar hazırlanmış elektron təqdimatda Numizmatika Fondunda qorunan bu dəfinənin sikkələri və onların müxtəlif tiplərinin fotoları nümayiş etdirilib.
Seminarı yekunlaşdıran Dr. Yaqub Məmmədov dövrün arxeoloji və numizmatik tapıntılarının tədrisdə əhəmiyyətini qeyd edib, bu materialların tələbələrin elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. O, mədəni irsimizin qorunmasının və əsaslandırılmış elmi məlumatlarla beynəlxalq miqyasda tanıdılmasının vacibliyini diqqətə çatdırıb.
Dr. Y. Məmmədov seminarın təşkilinə görə, Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə və numizmat alim Dr. Aygün Məmmədovaya təşəkkürünü bildirib, belə tədbirlərin davamlı şəkildə keçirilməsinin və ənənəyə çevrilməsinin zəruriliyini vurğulayıb.
Sonda tələbələr muzeyin zəngin ekspozisiyası ilə tanış olublar. Dr. Aygün Məmmədova çıxışında haqqında bəhs etdiyi sikkə nümunələrini tələbələrə əyani şəkildə göstərib, onların müxtəlif tipoloji xüsusiyyətləri barədə söz açıb.
Oxunub: 0