Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində
2026-cı il mayın 15- də Xəzər Universitetində Beynəlxalq əlaqələr ofisinin təşkilatçılığı ilə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Ralf Horlemann ilə tələbə və akademik heyətin iştirakı ilə görüş keçirilib. “Germany and Azerbaijan: A Dynamic Relationship” mövzusuna həsr olunan tədbirdə Azərbaycan və Almaniya arasında mövcud əməkdaşlıq əlaqələri, siyasi, iqtisadi, təhsil və mədəni sahələrdə tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüş iki hissədən ibarət olub. İlk olaraq, universitet nümayəndə heyəti ilə rəsmi görüş keçirilib. Görüşdə Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva və Beynəlxalq əlaqələr ofisinin müdiri Dr. Firuz Süleymanov iştirak ediblər. Müzakirələr zamanı Almaniya universitetləri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gələcək akademik tərəfdaşlıqlar, tələbə və müəllim mübadilə imkanları, Xəzər Universitetində alman dili tədrisinin inkişafına göstərilə biləcək dəstək və Almaniya səfirliyi tərəfindən təşkil olunan tədbirlərdə Xəzər Universiteti tələbələrinin daha fəal iştirakının təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin seminar hissəsində səfir Dr. Ralf Horlemann Almaniya ilə Azərbaycan arasında uzun illərə əsaslanan münasibətlərdən, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafından və xüsusilə, təhsil sahəsində beynəlxalq tərəfdaşlıqların əhəmiyyətindən bəhs edib. O, həmçinin, Almaniyada təhsil imkanları, akademik mübadilə proqramları, gənclərin beynəlxalq əməkdaşlıq proseslərində rolu və gələcək perspektivlər barədə iştirakçılarla fikirlərini bölüşüb.
Seminar interaktiv müzakirələrlə davam edib. Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələri səfirə Almaniya–Azərbaycan münasibətləri, beynəlxalq siyasət, təhsil imkanları, tələbə mübadilə proqramları, diplomatik fəaliyyət və gənclərin beynəlxalq münasibətlərdə rolu ilə bağlı müxtəlif suallar ünvanlayıblar. Səfir tələbələrin suallarını ətraflı şəkildə cavablandıraraq, onların beynəlxalq təcrübə və təhsilə marağını yüksək qiymətləndirib.
Sonda Dr. Ralf Horlemanna Xəzər Universiteti adından xatirə hədiyyəsi təqdim olunub, görüş iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirilib. Tədbir tələbələr üçün beynəlxalq münasibətlər və diplomatiya sahəsində faydalı fikir mübadiləsi və təcrübə platforması kimi yadda qalıb.
Oxunub: 0