dini radikalizm və ekstremizmlə mübarizə

Vətəndaşlıq borcu və minnət psixologiyası


Müharibə – bəşəriyyətin faciəsi olsa da, vətəni qorumaq instinkti bir o qədər təbiidir.Dünyada bütün xalqlar müharibə zamanı öz evi, ailəsi, torpağı üçün savaşır. 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsi, milli qürurumuzun zirvəsi oldu.

Biz bu qələbəni şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına qazandıq. Lakin son dövrlərdə cəmiyyətimizdə bu təbii prosesin, yəni Vətən müharibəsində iştirakın sonradan "sosial alətə" çevrilməsi tendensiyası müşahidə olunur ki, bu da olduqca təhlükəli bir haldır. Müharibəyə getməyin iki yolu var: ya dövlət səni çağırır (səfərbərlik), ya da sən dövləti çağırırsan (könüllülük). Əgər səfərbərliklə getmisənsə, bu, sənin konstitusion borcundur. Necə ki, hər bir vətəndaş vergi verir, qanunlara tabe olur, eləcə də təhlükə anında silahlanıb sərhədə getmək hər bir kişinin, hər bir vətəndaşın borcudur. Bu, "mən etdim, digərləri etmədi" deyib fəxrlənmək üçün deyil, sadəcə, öhdəlikdir.

Yox, əgər sən könüllü getmisənsə, bu, sənin şəxsi mənəvi seçimindir. Bu, sənin vicdanının səsi, ürəyinin diktəsidir. Bu, daha ali bir mərtəbədir, lakin yenə də bu seçim sənə ətrafdakıları alçaltmaq haqqı vermir. Könüllü olmaq, fədakarlıq etmək deməkdir. Fədakarlıq isə qarşılıqsız olanda ucalır. "Mən sizin üçün döyüşdüm, siz isti yatağınızda yatanda mən səngərdə idim" deyərək cəmiyyətə minnət qoymaq, o müqəddəs əməli ucuzlaşdırmaqdan başqa bir şey deyil. Unutmayaq ki, cəmiyyət bir orqanizmdir. Biri səngərdə döyüşərkən, digəri arxa cəbhədə çörək bişirir, həkimi yaralı əsgəri əməliyyat edir, müəllimi gələcək nəsli yetişdirir. Hər kəs öz yerində bu vətənin ayaqda qalması üçün çalışır. Kiminsə xidmətini digərinin xidmətindən daha üstün tutub, bunu bir təzyiq vasitəsinə çevirmək, əslində, uğrunda döyüşülən o dəyəri zədələyir.

Cəmiyyətimizdə bəzən belə bir hadisə yaşanır: Yol hərəkəti qaydalarını pozur, məmurla kobud danışır, vətəndaşı incidir və ya ictimai asayişi pozur və sonda məsələ hüquqi müstəviyə çatanda deyir "Mən qaziyəm, siz burda rahat yaşayasınız deyə can qoymuşam". Paradoks ondadır ki, əgər sən bu dövlət üçün, bu vətən üçün canını ortaya qoymusansa, deməli, bu dövlətin qanunlarının ən sadiq keşikçisi məhz sən olmalısan. Dövlət təkcə torpaq sahəsindən ibarət deyil; Dövlət həm də onun qanunları, qaydaları və institutlarıdır. Sən səngərdə düşmənə qarşı ona görə vuruşurdun ki, bu ölkədə anarxiya yox, qanun, ədalət və nizam hökm sürsün.

İndi geri dönüb, uğrunda vuruşduğun dövlətin qoyduğu qanunu pozmaq, əslində, öz mübarizənə qarşı çıxmaq deməkdir.

Şübhəsiz ki, xalq olaraq, cəmiyyət olaraq qazilərimizə, şəhidlərimizə sonsuz minnətdarıq. Onların haqqı ödənilməzdir.

Lakin mənəvi ehtiramla hüquqi bərabərliyi qarışdırmaq olmaz. Hüquq qarşısında general da, əsgər də, həkim də, fəhlə də bərabərdir. Birinin keçmiş xidmətləri, onun bugünkü cinayətinə və ya xətasına bəraət qazandıra bilməz. Əgər biz hüquqi dövlət qurmaq istəyiriksə, "imtiyazlı təbəqə" yaratmaqdan qaçmalıyıq.

Dr. Benjamin Kərimov

Oxunub: 13
Oxşar xəbərlər
SON XƏBƏRLƏR