İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan artıq güclü dövlətdir. Regionda söz sahibidir, aparıcı dövlətdir. Bunu təkcə biz yox, regionla məşğul olan bütün təşkilatlar, böyük ölkələrin mötəbər dairələri də təsdiq edir ki, Azərbaycan bölgədə lider dövlətdir və bölgədə heç bir məsələ bizim razılığımız olmadan həll edilə bilməz. Bölgədə Azərbaycanın iştirakı olmadan regional əməkdaşlıq çərçivəsində heç bir məsələ həll edilə bilməz.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
“Mən ona özüm qədər inanıram…”
“Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir”.
Bu sözlər, müstəqilliyinin 25 ili yenicə tamam olmuş kiçik bir ölkənin rəhbərinin dünyaya qınağı və bu dünyanın idarə edilməsində baş rollarda olan dövlətlərin nümayiş etdirdiyi ədalətsizliyə sərt bir etiraz idi. Ölkəsinin haqqını tanımaq istəməyən, qətiyyətsizlik göstərməklə, əslində, ikibaşlı oyun oynayıb işğalçını öz əqidəsinin yolçusu kimi dəstəkləyən aktorlara xislətlərinin ona bəlli olduğunu anlatmaq cəsarəti idi.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda dünyanın bir çox aparıcı dövlət rəhbərlərinin iştirak etdiyi BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında, bu qurumun simasında bəşəriyyəti qınayan möhtəşəm nitqini dinlədikcə xəyal məni 14 il əvvələ – 2003-cü ilə çəkib apardı. Ümummilli lider Heydər Əliyevin Vətənə, canı qədər sevdiyi Azərbaycana son borcunu verirmiş kimi, 2003-cü il oktyabrın 1-də kütləvi informasiya vasitələri ilə Azərbaycan xalqına ünvanladığı tarixi müraciətindəki aşağadakı ifadələr qulağımda təkrar – təkrar səsləndi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Zəngin keçmişi olan ölkələrin tarixində olduğu kimi, Azərbaycan tarixində də şəxsiyyətlərin rolu həmişə diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyev də xalqımızın görkəmli şəxsiyyətlərindən ən parlağı, öz zəmanəsinin dahisi və müstəqilliyimizin memarı kimi tarixə düşdü. XX əsrin sonlarından başlayan müstəqillik tariximizin müasirləri olaraq ulu öndərin Azərbaycan dövlətinin azadlıq və müstəqillik mücadiləsindəki, dövlətçiliyimizin və milli varlığımızın xilası yolundakı müstəsna xidmətlərini yaxşı bilirik. Etiraf edək ki, elə bu xidmətlər onun böyük dövlət xadimi kimi müstəqil Azərbaycan tarixinin zirvəsində əbədi qərarlaşmasına kifayət edirdi. Lakin 2003-cü ildə, xalqın uzun əsrlər arzusunda olduğu müstəqil Azərbaycanın gələcək taleyini kimə etibar etmək sualı yarananda, müdrik dövlət adamının qəlbində çox böyük bir narahatlıq baş qaldırmışdı.
Ömür missiyasını xalqına və Vətəninə xidmətdə görən bu dahi insan son nəfəsində belə yenicə müstəqilliyə qovuşan ölkəsinin taleyini, bu ölkədə başa çatdırmağa macal tapmadığı dövlət quruculuğu sahəsindəki layihələri gerçəkləşdirmək iqtidarında olan, sözün əsl mənasında, onun kimi ömrünü Vətəninə həsr etməyə, buna həm siyasi, həm iqtisadi, həm diplomatik, həm də xarakter baxımından kifayət qədər hazır olan yetkin bir siyasət adamına etibar etmək haqqında düşündü. Bütün dünyanın diqqətində olan, sərvətlərinə bir çox dövlətlərin tamahkarcasına diş qıcadığı, ərazilərinin 20 faizinin ədalətsiz dünyanın gözü qarşısında işğal olunduğu gənc müstəqil Azərbaycanın varlığı üçün bu, “olum, ya ölüm” məsələsi idi. Əcəl aman bilmir deyə, nəhayət, tərəddüd etmədən, son dərəcə böyük bir inamla İlham Əliyev adında arxayınlıq tapdı.
Onun bu müdrik tarixi qərarından elə də çox vaxt ötməmişdir, cəmi 14 il. Əslində dövlətçilik tarixi üçün 14 il bir göz qırpımı kimidir. Amma Azərbaycan üçün bu son dərəcə uzun və böyük bir zaman idi. Bu zaman həm də Heydər Əliyevin tarixi qərarının, xalqa ünvanlanan müdrik vəsiyyətinin kərpic-kərpic müstəqil Azərbaycanın tarixi bünövrəsinə hörülən, onun müstəqilliyini əbədiləşdirən çox qiymətli məhək daşı idi. Və zaman hər gün, hər ay, hər il təkrar-təkrar təsdiqləyir ki, heç zaman siyasi qərarlarında yanılmayan, fəhmi və uzaqgörənliyi ilə dünyanı heyrətə salan Heydər Əliyev amansız əcəlin təqibləri altında belə verdiyi qərarda da yanılmadı.
Heydər Əliyevin başa çatdıra bilmədikləri və İlham Əliyevə əmanət etdiyi işlər miqyasına görə elə də sadə işlər deyildi. 1993-cü ildə işğalçı Ermənistanla atəşkəs əldə edilməsinə səy göstərəndə Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri, ilk növbədə, diz çökməkdə olan, iflasa uğrayan Azərbaycanı ayağa qaldırmaq idisə, 2003-cü ildə Prezident seçilmiş İlham Əliyevin qarşısında duran əsas məsələ qəddini düzəltmiş Azərbaycanı müasir sosial rifah ölkəsinə, bütün göstəricilərinə görə regionun lider dövlətinə, beynəlxalq siyasi müstəvidə söz sahibinə çevirmək idi. Özündə çox mürəkkəb və bir çoxlarının reallaşacağına belə inanmadığı hədəfləri ehtiva edən bu vəzifələrin həyata keçməsi üçün kifayət qədər uzun vaxt lazım gəlirdi. Amma Prezident İlham Əliyevə elə bir onillik də bəs etdi. Bu gün Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında gedən prosesləri, qazanılan uğurları, ölkənin sürətlə dəyişən simasını gördükcə düşünürsən ki, belə nəhəng işlər bu qısa zamana necə sığmışdır?!
Bəli, İlham Əliyevin 10 illik Prezident idarəçiliyindən sonra Azərbaycan demokratik dəyişikliklərin dönməz xarakter aldığı, siyasi sistemin ölkə qarşısında duran çağırışlara adekvat cavab verdiyi keyfiyyətcə yeni bir dövrə qədəm qoydu.
Qonşulardan fərqli olaraq, Azərbaycanın iqtisadi və siyasi modernləşməsi təcrübəsinin özünəməxsusluğu ondadır ki, Prezidentin çevik siyasi və iqtisadi islahatları nəticəsində ölkədə sabit bir inkişaf modeli yarandı və bu modelin sayəsində respublika sənayenin inkişaf tempinə, gəlirlərin səviyyəsinə və əhalinin rifah halına görə lider dövlət mövqeyinə çıxdı.
Gürcüstan və Ermənistandan fərqli olaraq, 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinə qədər Azərbaycanın hazırkı siyasi-hüquqi inkişaf modelinin formalaşması evolyusiya yolu ilə yox, siyasi sarsıntılar və vətəndaş qarşıdurması ilə müşayiət edilmişdir. Azərbaycanın postsovet məkandan milli dövlətçiliyə gedən yolu ziddiyyətlərlə xarakterik olmuşdur. Azərbaycan müharibədən, xarici ölkələrin təzyiqlərindən, vətəndaş qarşıdurmasından, hakimiyyət uğrunda savaşlardan keçmişdir. Böyük dövlət idarəçiliyi təcrübəsinə sahib olan dərin zəka sahibi ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdandan sonra aydın görürdü ki, ölkənin siyasi vəziyyətinin sabitləşdirilməsi, iqtisadiyyatın tənəzzüldən xilası və modernləşdirilməsi, milli dövlətçilik quruculuğu çevik vertikal icra hakimiyyətinin olmasını, Prezidentin rolunun daha da gücləndirilməsini tələb edir. Bunları reallaşdırmaq üçün, ilk növbədə, qüvvələr nisbətinin Azərbaycanın xeyrinə olmadığı müharibəni dayandırmaq lazım gəldi.
Qətiyyətli addımlar, siyasi intuisiyanın diktə etdiyi müdrik qərarlar və xalqın inamı hadisələri tarixin ümumi inkişaf axarına saldı. Qarşıdurmalardan, ayrı-ayrı qrupların hakimiyyət savaşlarından, sosial-iqtisadi iflasın gətirdiyi səfalətdən rəncidə olmuş xalq, nihilizmə qapılmış ölkə zaman- zaman dirçəlməyə, ayağa qalxmağa başladı. Bu istiqamətdə görülən qətiyyətli tədbirlər və Azərbaycanda Heydər Əliyevin və Prezident İlham Əliyevin artıq ənənəyə çevrilmiş dövlət idarəçiliyi təcrübəsi Samuel Hantinqtonun öz nəzəriyyəsində nə qədər haqlı olduğunu təsdiqləyir. O qeyd etmişdir ki, uğurlu sosial-iqtisadi modernləşdirmənin əsas amili dövlətin hakimiyyət institutlarının mövcud proseslərin idarə etməsini təmin etmək və nəzarət edilməyən bütöv cəmiyyətin və ayrı-ayrı sosial qrupların siyasətdə iştirakını minimuma endirməkdir.
Əbədi müstəqillik yoluna davam
Bütün qonşularından fərqli olaraq, Azərbaycan Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra özünün hüquqi sisteminin modernləşdirilməsinə başlamış və bununla da demokratik azadlıqların daha da genişləndirilməsi üçün bazis yaratmışdır. Gerçək inkişaf, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi islahatlar Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilmişdir. Siyasi varisliyin yüksək sədaqətlə təmin edildiyini göstərən bu gerçəklik, xalqın dövlətə, onun icra mexanizmlərinə, dövlətin təmin etdiyi hüquq və azadlıqlara inamını möhkəmləndirmiş və öz lideri ətrafında birləşməyə, zamanın çağırışlarına hazır olmağa səfərbər etmişdir.
İstər Heydər Əliyev, istərsə də İlham Əliyev Azərbaycanın siyasi-hüquqi və iqtisadi modelinin qurulmasında əsas diqqəti bazar münasibətlərinə əsaslanan və özü-özünü inkişaf etdirmək mexanizminə malik bazar iqtisadiyyatının formalaşdırılmasını təmin etməyə yönəltmişlər. Ancaq bu hansısa ölkənin getdiyi yolun kor-koranə tətbiqi olmamışdır. Azərbaycan öz strategiyasını müəyyənləşdirmiş, öz inkişaf modelini yaratmış, öz yolu, öz inkişaf xətti olmuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın geoiqtisadi maraqlarından daha çox geosiyasi maraqlarına yönələn böyük strateji layihələrindən olan “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkə həm siyasi, həm də iqtisadi baxımdan tam yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdu. Prezident İlham Əliyev bu müqavilənin imzalanmasından 23 il sonra onun əhəmiyyətini belə qiymətləndirir: “1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün Cənub Qaz Dəhlizi icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, – bu gün Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi reallaşır, – heç kim heç vaxt bu layihəyə vəsait qoymazdı”.
Məhz dünyanın 8 ölkəsini təmsil edən 13 neft şirkətilə imzalanmış bu müqavilədən sonra, hələ Qarabağ münaqişəsinin barıt qoxuyan siyasi ab-havası çəkilməmiş, iqtisadi baxımdan risklərlə dolu bir ölkənin iqtisadiyyatına yeni həyat bəxş edən milyardlarla dollar investisiya axını başladı. Bu tərəqqinin start nöqtəsi idi və ölkənin iqtisadi arteriyasına vurulan yeni “qan” tam yeni münasibətlərlə qurulmağa başlayan sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, tikinti bazarının bütün potensialını hərəkətə gətirməli və tam yeni, müasir bir sənaye-iqtisadi infrastruktur yaratmalı idi. Yeni münasibətlər zəminində qurulmağa başlayan “iqtisadi lokomotiv” sürət götürdükcə, ölkənin ümumi mənzərəsi dəyişir, insanlar nihilizmdən xilas olub yeni dünyanın çağırışlarına cavab vermək üçün toparlanmağa başlayırdılar.
Ümummilli lider Heydər Əliyevin strateji inkişaf xəttinə uyğun ölkənin gələcəyini proqnozlaşdırmaq, şübhəsiz, praqmatik düşüncə ilə yanaşı, çevik fəaliyyət, qətiyyətli qərarlar qəbul etmək müdriklik tələb edirdi. Bir mühüm reallıq da ondan ibarət idi ki, öz incəlikləri və xarakterik xüsusiyyətləri ilə seçilən Heydər Əliyevin dövlət idarəçiliyindən sonra hakimiyyətdə olmaq elə də asan məsələ deyildi. Bütün bunları nəzərə alan İlham Əliyev yaxından müşahidə etdiyi ustad təcrübəsini əsas götürməklə dövlət idarəçiliyini öz baxışları ilə daha da zənginləşdirməyə və müasir dövrün tələbləri səviyyəsinə qaldırmağa başladı.
İnkişaf etmiş dünya ölkələrinin təcrübəsini dərindən bilən Prezident İlham Əliyev həyatın bir müdrik fəlsəfəsini yaxşı dərk edir ki, proqnozlaşdırma və proqramlaşdırma real hərəkət olmadan heç bir səmərə verməyəcək. Elə bu fəlsəfədən çıxış edən gənc və böyük enerjiyə sahib yeni dövrün lideri təkcə ölkəsinin inkişafını hədəfləyən möhtəşəm layihələr hazırlamaq, planlar qurmaq deyil, həm də onları ən qısa vaxtda həyata keçirməklə müstəqilliyin illərlə itirilmiş fürsətlərini ona qaytarmağa başladı.
Bunun üçün əlbəttə, onun şəxsi keyfiyyətləri, lider xarizması müstəsna rol oynayır. İlham Əliyev son dərəcə bilikli və beynəlxalq siyasətin incəliklərinə bələd olan dərin zəka sahibidir. Bilik isə, müqəddəs kitabların da təsdiq etdiyi kimi, güc, qüvvədir. Bilik ona görə əsas zəruri göstəricilərdən hesab edilir ki, hər hansı bir işi, düşüncəni onsuz uğurla tamamlamaq olmur. Digər tərəfdən dövlət başçısı nə qədər çox bilikli və savadlı olur-olsun, əgər o, cəsarətli və müdrik deyilsə, düşüncələrinin, planlarının reallaşmasına çətin ki, nail olsun. Müdriklik bildiyini doğru-düzgün tətbiq etmək bacarığıdır. Cəsarət isə hərəkətə keçmək üçün qətiyyət verir. İlham Əliyevin 14 illik Prezidentliyi göstərdi ki, o, bütün bunlara malik bir şəxsiyyət, dövlət xadimi və siyasi liderdir.
Əgər əfsanəvi Anteyin gücü onun yerlə bağlılığında idisə, lider şəxsiyyətin gücü onun xalqla birliyindədir. İlham Əliyev bu birliyin müasir dövr üçün ən bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev xalqla nə qədər yaxın idisə, Prezident İlham Əliyev xalqla bir o qədər bağlı adamdır: “Sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz bax, bu sabitliyi yaratmışıq və Azərbaycanda hökm sürən sabitliyin təməlində bu amillər dayanır – xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar”. Prezidentin bu sözləri Azərbaycanın ictimai-siyasi həyatının gerçək mənzərəsini əks etdirməklə yanaşı, həm də İlham Əliyevin öz xalqına olan dərin inamını ifadə edir.
Tərəqqiyə aparan strateji layihələr
İlham Əliyev hakimiyyətə gələndən bu günə həllinə nail olduğu çox mühüm məsələlərdən biri onun mükəmməl hakimiyyət mexanizmini yaratması olmuşdur. Bu hakimiyyət mexanizmi təcili çağırışlara adekvat reaksiya verməklə yanaşı, həm də strategiya işləyib hazırlayır və reallaşdırır. Onun idarəçiliyinin 14 ilində məhz bu strategiyanın gerçəkləşməsi sayəsində Azərbaycanda elə möhtəşəm dəyişikliklər və nailiyyətlər əldə edilmişdir ki, əsl mənada, ölkədə yeni siyasi epoxanın başlandığını söyləmək mümkündür.
Praqmatik düşüncəli, müasir dünyanın siyasi-iqtisadi inkişaf tendensiyasını qabaqlamağı bacaran, xarizması ilə dünyanın diqqətini çəkən Azərbaycanın gənc lideri İlham Əliyev, sözün əsl mənasında, ölkədə inqilabi dəyişikliklərə start vermişdir. Onun, müstəqil Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarının yüksək səviyyədə təmin olunması əsas götürülməklə, həyata keçirməyə başladığı strateji layihələr ölkəyə daha çox xarici investisiya axınına yol açmışdır. Bu gün rəqəmlərə diqqət yetirəndə Azərbaycan reallıqlarını diqqətlə izləyən hər bir insan möcüzənin baş verdiyinə qətiyyən şübhə etməz: 2004-2017-ci illər ərzində Azərbaycana 225 milyard dollar investisiya qoyulmuşdur ki, bunun 107,2 milyardı xarici investorların payına düşür. 1993-cü ildə büdcəsi göyə üfürülmüş ölkənin bu gün valyuta ehtiyatları 42 milyard dolları keçir ki, bu da 2003-cü illə müqayisədə 26,2 dəfə çoxdur.
2004-2016-cı illərdə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Ölkə sənayesi bu illərdə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artaraq tam yeni bir miqyasda inkişaf etməyə başlamışdır. Cəmi 10 ilə Azərbaycanın müxtəlif regionlarında 6 beynəlxalq hava limanı inşa olunmuş, 11 min kilometr müasir avtomobil yolları çəkilmiş, 400-dən çox körpü və tunel tikilmiş və ya əsaslı təmir olunmuşdur. Müstəqil Azərbaycan bayrağı altında üzən 270 gəmidən ibarət müasir iri ticarət donanması yaradılmış, Ələt qəsəbəsində ən müasir Beynəlxalq Dəniz Limanının tikintisinə start verilmiş və onun ilk növbəsi artıq istifadəyə verilmişdir. Yeni əsrin iqtisadi tərəqqisində elektrikləşmənin və elektrik güclərinin artırılmasının nə qədər vacib olduğunu fəhmi ilə duyan gənc lider 14 il ərzində ümumi gücü 2300 MVt-dən artıq olan 26 yeni elektrik stansiyasının tikilib istifadəyə verilməsinə nail olmuşdur.
Amma ən əsası ondan ibarətdir ki, bütün bu uğurlar Prezident İlham Əliyevin Azərbaycanın geostrateji maraqlarına xidmət edən, regionda və dünyada ölkəmizin siyasi mövqeyini möhkəmləndirən bir neçə mühüm layihələrin reallaşdırılması ilə paralel əldə edilmişdir. Etiraf etmək lazımdır ki, bu layihələrin hər biri ölkə başçısının müstəqil, qətiyyətli və müdrik siyasi diplomatiyası sayəsində reallaşmışdır. Çünki o layihələr “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan” neft, “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərləri kimi bir və bəzən bir neçə ölkənin ciddi təzyiqi ilə müşahidə edilən layihələr olmuşdur. Onlardan biri, Prezident İlham Əliyevin dediyi kimi, “yüzilliklər boyu maraqlarımızı təmin edəcək” Trans Anadolu təbii qaz kəməri – TANAP, digəri isə bu il oktyabrın 30-da böyük təntənə ilə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu layihələr, sözün həqiqi mənasında, miqyasına görə əsrin super layihələri sırasında yer almağa iddialı beynəlxalq layihələrdir. Əgər TANAP Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu qəti şəkildə təsdiqləyirsə, BTQ dəmir yolu “60-dan çox ölkədən keçən… 40 milyon kvadratkilometrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən” “Böyük İpək yolunun” əsas tranzit dəhlizi kimi Avropanı Asiya ilə birləşdirməklə, beynəlxalq müstəvidə Azərbaycanın geosiyasi və geoiqtisadi mövqelərini daha əsaslı şəkildə möhkəmləndirir.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki yerindən danışaraq deyir: “Dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub” Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır”. Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanın iştirak etdiyi bu layihəyə bir neçə Balkan ölkəsi də qoşulmaq niyyətindədir. Bu gün əldə olan məlumatlara görə, minimum təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir.
Azərbaycan müstəqilliyinin daha bir möcüzəsi, məncə, yanılmarıq desək, ölkəmizin dünya kosmik klubunun üzvləri sırasına daxil olmasıdır. Artıq Azərbaycanın 2 telekommunikasiya və yer səthinin müşahidəsi peyki – “Azerspace” və “Azersky” sənayemizə, elmimizə və iqtisadiyyatımıza öz töhfələrini verməkdədir. Yaxınlarda isə “Azerspace-2” adlanan üçüncü peykimiz kosmosa buraxılacaq.
Belə strateji əhəmiyyətli layihələrlə ölkənin iqtisadi potensialı gücləndikcə, Prezident İlham Əliyevin sosial problemlərə yanaşması da dəyişmişdir və insanlara investisiya yönəltmək kursunu əsas götürməklə Azərbaycanın gələcəyinə kapital qoyuluşunu artırmışdır. İllərlə diqqətdən kənarda qalan səhiyyə, təhsil, mənzil, kənd təsərrüfatı, məşğulluq kimi sahələrdə strateji layihələrin həyata keçirilməsi ölkənin sosial mühitini kökündən dəyişmişdır. Bu illərdə regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunmuşdur ki, onlardan ikisi möhtəşəm uğurlu nəticələri ilə artıq tarixə qovuşmuşdur. Hazırda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam etdirilir.
Cəmi 14 il ərzində 3 mindən çox yeni məktəb binası, 600 səhiyyə ocağı ya yenidən tikilmiş, ya da tam əsaslı şəkildə yenidən qurularaq ən müasir avadanlıqla təmin edilmişdir. 1,43 milyonu daimi olmaqla, 1,9 milyondan artıq yeni iş yeri açılmışdır. Daimi iş yerlərinin 67,5 faizi regionların payına düşür. Orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2016-cı ildə 498,6 manata yüksəlmişdir. Bu dövrdə əhalinin nominal gəlirləri 7,9 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəkinə nisbətən 8 dəfəyədək, işsizliyin səviyyəsi isə 5 faizədək azalmışdır. Hələ 2008-ci ildə Dünya Bankının məlumatlarında qeyd edilirdi ki, Azərbaycanda adambaşına düşən gəlirin həcmi 3830 dollara çatıb. 2010-2011-ci illərdə Azərbaycan Qlobal Rəqabət Qabiliyyəti İndeksinə görə 137 ölkə arasında 55-ci yerdə qərarlaşmışdısa, 2017-ci ildə bu göstəriciyə görə ölkəmiz 35-ci yerə qalxmışdır. Rusiya 43, Türkiyə 55, Gürcüstan 59, İran 76, Ermənistan isə 79-cu yerdədir.
Yalnız son 5-6 ildə qaçqın problemi ilə üzləşən Avropa ölkələrinin çıxılmaz bir vəziyyətə düşdüyü və dünyaya insan azadlığı dərsi keçən “qoca dünya” qaçqın axınının qarşısını almaq üçün onların zorla deportasiyasına qərar verdikləri bir halda, Azərbaycan 24 ildir ki, bir milyon qaçqın və məcburi köçkünün problemlərini təkbaşına həll edir. Azərbaycan dövləti heç bir xarici maliyyə dəstəyi olmadan qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmış, 250 mindən artıq insanın həyat şəraitini yaxşılaşdıraraq, onlara yeni evlər və mənzillər vermişdir. Bu şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.
Qazanılan uğurlar son nəticədə ona gətirib çıxarmışdır ki, hətta belə bir vəziyyətdə 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmiş Azərbaycan 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətlərinə görə həmin ilin “Cənub-Cənub” mükafatına layiq görülmüşdür.
Suverenliyin, müstəqilliyin və təhlükəsizliyin qarantı
Bütün bunlarla yanaşı, Azərbaycanın daha böyük sürətlə inkişafına mane olan, sosial siyasətin üstün fazasına keçmək planlarını ləngidən, bir çox hallarda dövlətin daha qətiyyətli addımlar atmasına və ölkəmizin bütün potensialının üzə çıxarılmasına imkan verməyən Qarabağ münaqişəsini, Ermənistanın ərazilərimizi 24 ildən artıq işğal altında saxlamasını və müharibə şəraitinin davam etdiyini nəzərə alsaq, o zaman qazanılan uğurların möhtəşəmliyinə heyrət etməmək olmaz. Amma münaqişə ocağı közərdikcə, torpaqlar işğal altında qaldıqca, Ermənistan öz cəzasızlığına daha çox inanmağa başlayır, onun havadarları isə münaqişəni dondurmağa çalışır, ikili standartlar oyunu oynamaqla Azərbaycanın haqlı mövqeyini qulaqardına vururlar.
Təbii ki, belə vəziyyət ölkənin bütün problemlərinin həllini üzərinə götürən, onun təhlükəsizliyinin qarantı olan və həm də əsl Azərbaycan övladı kimi xalqının, torpağının təəssübünü çəkən, “Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür” deyən Prezident İlham Əliyevi düşündürməyə, narahat etməyə bilməz. Prezident bunu BMT başda olmaqla bütün beynəlxalq qurumlara açıq şəkildə bəyan edir: “Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq”.
Bu yerdə Çin Xalq Respublikasının görkəmli dövlət xadimi Maonun belə bir ifadəsi yada düşür: “Düşmən öz-özünə yoxa çıxan deyil”. Bəli, düşməni əzmək və darmadağın etməklə torpaqlarımızdan yoxa çıxarmaq lazımdır. Bu missiya isə Azərbaycan Silahlı Qüvvələrinin üzərinə düşür. Ona görə də İlham Əliyev kimi uzaqgörən strateq və dərin zəka sahibi Prezident vəzifəsinin icrasına başladığı ilk gündən ölkənin müasir Silahlı Qüvvələrini yaratmaq, dövlətin müdafiə potensialını kompleks şəkildə möhkəmləndirmək kimi mühüm bir vəzifənin həllini daha da sürətləndirdi. Çünki o, belə bir işi sabaha qoymağın təhlükəli nəticələr verə biləcəyini yaxşı başa düşürdü. Bu istiqamətdə ilk qətiyyətli addımlar atılanda bir çox dövlətlər hay-küy qaldırmağa başladılar və dünyanın bu kimi münaqişələrinin “silahlanma yolu ilə deyil, sülh danışıqları yolu ilə həlli” nağılını yenidən gündəmə gətirdilər. Mən şübhə etmirəm ki, müstəqil ölkənin gənc dövlət başçısına müxtəlif səviyyələrdə təzyiqlər göstərməyə də cəhdlər olmuşdur. Lakin bu ölkələrin rəhbərləri unudurdular ki, Azərbaycana, gənc olmasına baxmayaraq, müstəqil, polad iradəli, cəsarətli, diplomat və eyni zamanda, müdrik gənc lider rəhbərlik edir. Ona təzyiq göstərmək mümkün deyil. “Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir”. Prezidentin qəti mövqeyi budur.
Müdrik Konfutsi vaxtı ilə demişdir: “Uzağa baxmayan insanı yaxında bədbəxtliklər gözləyir”. İlham Əliyev dövlət başçısı olmaqla bərabər, siyasi lider kimi də hadisələrin ümumi inkişaf xəttini tam aydın izləmək, qarşıdakı hadisələri proqnozlaşdırmaq və görmək iqtidarındadır. O, baş verən hadisələrdə hansı yolu seçməyin lazım gəldiyini, yetişməkdə olan tarixi imkanları necə reallığa çevirməyi hamıdan əvvəl görür və qiymətləndirir. Onun fəhmi güclü olduğu qədər, yaşından artıq siyasi həyat təcrübəsi də var. İlham Əliyev ali hakimiyyətin vəzifələrinin necə ağır olduğunu yaşının yetkin dövrlərində böyük dövlət xadimi Heydər Əliyevlə birgə yaşamış və görmüşdür.
Prezident İlham Əliyev dövlət siyasətinin perspektivində ölkənin Silahlı Qüvvələrinin dinamik inkişafının təmin edilməsini mühüm prioritet kimi qarşıya qoymaqla işini bitmiş hesab etmir. Bu işin sürətlə əməli həllinə başlayır. Təbii ki, Azərbaycan torpaqlarını Ermənistanın işğalından qurtarmaq kimi həyatı əhəmiyyətli məsələni həll etməyə qadir bir ordudan söhbət gedir. Çünki artıq zaman isbat etmişdir ki, indi münaqişənin həllində Azərbaycan yalnız diplomatik və iqtisadi metodlarla heç də istədiyinə nail ola bilməz. Dünyada gedən proseslər onu diktə edir ki, ölkənin müdafiə qabiliyyətini artırmaq və müasir silahlara və texnikaya sahib olan milli ordu formalaşdırmaq lazımdır. Silahlı qüvvələr, xüsusi xidmət orqanları və digər güc strukturları yeni çağırışlara çevik və səmərəli cavab verməyə hazır olmalıdırlar. Azərbaycan bir dövlət kimi yalnız bu şəraitdə özünü təhlükəsiz hiss edə bilər. Yəni İlham Əliyev bu istiqamətdə həyata keçirdiyi strateji siyasətlə dövlətimizi, xalqımızı mümkün ola biləcək təhlükələrdən sığortalamışdır.
2013-cü ildə Azadlıq meydanında keçirilən hərbi parad zamanı Prezident ordu quruculuğu sahəsində görülən işlərdən bəhs edərkən deyir: “Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur. Bu da təbiidir”.
Torpaqlarımızın işğal altında olduğu bir vaxtda Milli Ordunun möhkəmləndirilməsinin strateji məsələ kimi qarşıya qoyulması və onu yüksək səviyyədə həll etməsi bir daha onu göstərdi ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli yolunda fəaliyyəti Prezident İlham Əliyevi heç də arxayın salmır. Son illər cəbhə bölgəsində baş verən hadisələr də göstərir ki, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönələn vəsait də, ölkə başçısının diqqəti də tam əsaslandırılmış qətiyyətli addımlardır. Ötən ilin aprelində düşmənin təxribatına cavab olaraq silahlı birləşmələrimizin bir əkshəmlə ilə işğalçı qüvvələrin böyük canlı qüvvəsini məhv edərək, bir neçə strateji məntəqəni azad etməsi də bunu sübut etdi. Azərbaycan Prezidenti bunu çəkinmədən BMT-nin tribunasından dünyaya bəyan edərək deyir: “Uğurlu əkshücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda – Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.
“İkili standartlara son qoyulmalıdır”
Müasir dünyada siyasi iradə nümayiş etdirmək üçün təkcə xarakter, diplomatik düşüncə və cəsarət kifayət etmir. Bunun üçün yetərincə qüvvə olmalıdır. Bu qüvvə Azərbaycanın iqtisadi potensialı, insan resursları və əlbəttə, silahlı qüvvələridir. Doğrudur, Ermənistan sahibsiz ov tulası deyil ki, Azərbaycan Ordusu onu bir həmlə ilə İrəvana qədər qovsun. Amma onun sahiblərinə bu köpəyin başının bir gün əziləcəyini və buna yetərincə gücümüzün olduğunu göstərmək lazım idi və göstərildi də.
Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin həlli və torpaqlarımızın azad edilməsi üçün bütün siyasi imkanlardan da kifayət qədər ağıllı və müdrikcəsinə istifadə edir. Beynəlxalq təşkilatların ən yüksək kürsülərindən belə təkcə Ermənistanı deyil, dünyanı ittiham edir: “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.
Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki, onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər”.
Azərbaycan Prezidentinin BMT kürsüsündən dünyaya mesajında həm də Ermənistanı himayə edən ölkələrin ünvanına sərt ittiham səslənir. Əlbəttə, bütün bunları açıq mətnlə söyləmək üçün İlham Əliyevin siyasi iradəsi, cəsarəti kifayət edir. Doğrudur, Ermənistanı himayə edən ölkələrlə müqayisədə Azərbaycanın nə hərbi potensialı, nə də ki, dünya dövlətlərinə siyasi təzyiq vasitələri var. Ancaq beynəlxalq qanunlar bütün dövlətlər kimi, Azərbaycana da öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək hüququ verir. O, bunu da xatırlatmağı unutmur: “Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”.
Son illər dövlət başçısının həyata keçirdiyi xarici siyasət öz bəhrəsini verir. Azərbaycanın mövqeyini başa düşənlər və münaqişəyə ədalətli mövqe göstərənlər artır. Avropa parlamentariləri ilə görüşdə də biz bunun şahidi olduq. Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran görüş zamanı bunu xüsusi vurğuladı: “Biz də Siz düşündüyünüz kimi, hesab edirik ki, status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq. Məqsədimiz çox aydındır: beynəlxalq hüququn prinsiplərinə, xüsusən də hamımız üçün sarsılmaz olan Helsinki Yekun Aktına uyğun şəkildə məsələnin həllinə nail olmaq”.
Prezident İlham Əliyev Azərbaycana qarşı olan münasibətlər kontekstində dünyadakı proseslərdə ikili standartlara qarşı ittiham irəli sürür. Əslində, onun çıxışının mahiyyətində duran əsas arqument dünyanı fəlakətə sürükləyən bu tendensiyaya son qoymağa ciddi bir çağırışdır. BMT hansı islahatları keçirir keçirsin, əgər onun üzvlərində, xüsusilə də onu yönəldən dövlətlərdə ədalət yoxdursa, baş verən münaqişələrə obyektiv baxış yoxdursa, bunun heç bir mənası olmayacaq.
“Bizim siyasətimizə təsir etmək mümkün deyil”
Dünya sürətlə dəyişir. Bu dünyada baş verən qlobal transformasiya prosesləri özündə ən müxtəlif, hətta ağıla gəlməyən xarakterdə risklər daşıyır. Bəşəriyyətdə iqtisadi və digər sarsıntılar baş verdikdə böyük dövlətlər, bir çox hallarda öz problemlərini başqalarının hesabına, təzyiqlərlə, güc tətbiq etməklə həll etməyə şirniklənirlər. Elə bu günün özündə bəzən belə çağırışlar səsləndirilir; “milli suverenlik qlobal əhəmiyyətli resurslara şamil edilməməlidir”. Əlbəttə, söhbət təbii resurslardan, karbohidrogen ehtiyatlarından gedir ki, Azərbaycan da belə ehtiyatlarla zəngin ölkələr sırasındadır. Amma Azərbaycan Prezidenti İlham Əliyevin prinsipləri dəyişməzdir: “Bizim siyasətimizə təsir etmək mümkün deyil. Məncə, artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yəqin ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sıfıra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır”.
Dünya düzəninin sürətlə dəyişdiyi bir dövrdə hakimiyyətin ağır və məsuliyyətli vəzifələrinin öhdəsindən ləyaqətlə gələn Prezident İlham Əliyev Heydər Əliyevin əbədi müstəqillik və davamlı inkişaf ideyaları əsasında tam müasir və möhtəşəm bir Azərbaycan qurmuşdur. O, müstəqil Azərbaycanın fəaliyyət dairəsini genişləndirərək, ölkəni Cənubi Qafqazın fəal siyasi qüvvəsinə və geosiyasi mərkəzinə çevirmişdir. Azərbaycan indi Avroasiyada təkcə enerji sahəsində deyil, həm də geosiyasi trendlərin müəyyənləşməsində əhəmiyyətli rol oynayır.
Prezident İlham Əliyev gözümüz qarşısında bir çox ölkələri xaos və anarxiyaya, dağıntılara və fəlakətlərə sürükləyən “Sorosların” rəngli inqilab layihələrinin Azərbaycanda baş tutmasına imkan verməmiş və ölkəsini fəlakətlərdən məharətlə qoruya bilmişdir.
Qoca dünyanın oynadığı demokratiya oyunlarına gəldikdə isə, kimlər bilməsə də biz “siyasi təqiblər” mövzusunun Avropa üçün yeni bir “layihə” olmadığını yaxşı bilirik.
Dünyanın güc mərkəzlərinə indi daha böyük həcmdə enerji resursları tələb olunur. Ona görə də Qərbi təmsil edən beynəlxalq təşkilatlara Azərbaycanla bağlı vahid mövqe formalaşdırmaq lazım gəlir. Əksər hallarda ortada böyük iqtisadi faydalardan söhbət gedəndə onlar bu taktikaya üz tuturlar. Azərbaycan isə enerji resursları ilə zəngin olan bir ölkə kimi vaxtaşırı bu təzyiq mexanizmi ilə üzləşməli olur. Belə məqamlarda ABŞ dövlət Departamenti, AŞPA, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu, Avropa Komissiyası, Avropa Parlamenti tərəfindən “Azərbaycanda demokratiyanın və insan hüquqlarının vəziyyəti” ilə bağlı heç bir fakta əsaslanmayan güclü tənqidi Qərb strukturlarının əsas kartına çevrilir.
Elə bu yaxınlarda – 2017-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edərkən belə bir halın şahidi olduq. Çox ibrətamiz bir hal idi ki, bu görüş televiziya ekranlarından bütün ölkəyə yayımlandı. Qərb “demokratlarının” məlum tənqidlərinə Prezident İlham Əliyev onların öz “demokratiya məkanlarında” baş verən məlum faktlarla çox müdrikcəsinə və tutarlı arqumentlərlə cavab verərək dedi: “Hər hansı bir azadlığın (Azərbaycanda-H.M.) məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz. Həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq. Atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Yəni, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır. Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq”.
Buradan aydın görünür ki, Prezident İlham Əliyev ölkəsinin Avropanın, bütövlükdə, Qərbin qınaq obyektinə, siyasi alver predmetinə çevrilməsinə imkan vermir. Şübhəsiz, Prezidentimizin bu, son dərəcə məntiqli və ağıllı cavabı Azərbaycanda baş verən hadisələrdən guya ki, narahat olan Qərb dünyasının siyasi isteblişmentini çətin vəziyyətə salır.
Müdrik dövlət xadimi, xarici siyasəti dərindən bilən diplomat və beynəlxalq münasibətlərdə öz strategiyası olan dövlət başçısı ilə danışmaq, əslində, qarşı tərəfə heç də xoş təsir bağışlamır, onlar bundan qətiyyən məmnun deyillər. Onlar Azərbaycanda aciz və cılız, sözəbaxan dövlət başçısı görmək arzusundadırlar ki, maraqlarını gerçəkləşdirə bilsinlər. Prezident İlham Əliyevin qətiyyəti, cəsarəti, dərin zəkası və ən əsası ölkəsinin milli maraqlarını heç bir təzyiq və təpki qarşısında təslim etməyən şəxsiyyət olması onları qətiyyən qane etmir.
Azərbaycanın maraqlarını hiddət və emosiyalarla, narazılıq nümayiş etdirməklə deyil, tutarlı, arqumentləşdirilmiş özünəməxsus diplomatik gedişlərlə, çox cəsarətlə müdafiə edən Prezident İlham Əliyev həqiqətən, el məsəlində deyildiyi kimi, daşların qarşısında bir qayaya çevrilir: “2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni, onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram… Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər”.
Azərbaycan Prezidentinin Avropa parlamentarilərinə söylədiyi bu fikirlər Avropa İttifaqı Şurasının rəsmiləri vasitəsilə təkcə Avropa Şurasına deyil, eyni zamanda, ikili standartlardan əl çəkməyən bütün Qərbə çox ciddi bir mesajdır. Prezident İlham Əliyev Qərbin ikili standartlarının mahiyyətini açıq bəyan etməklə yanaşı, onlara həm də Ermənistandan fərqli olaraq, müstəqil Azərbaycanın müstəqil dövlət siyasəti yeritdiyini sözün əsl mənasında başa salmaqdır. Bu cəsarətli və müdrik xətt prezidentin bütün xarici siyasət strategiyasında özünü açıq şəkildə nümayiş etdirməkdədir. Maraqlıdır ki, bunu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens də təsdiq edir: “Regional hadisələr baxımından Azərbaycan beynəlxalq arenada çox mühüm müstəqil iştirakçıdır”.
Azərbaycan Prezidenti ölkəsinin Avropa strukturlarına möhtac olmadığını açıq bəyan etməklə yanaşı, ölkəsinə qarşı qərəz və hiddətlə çıxış edən Avropa rəsmilərini də adı ilə çağırır: “Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”.
Prezident İlham Əliyevin bilavasitə siyasi layihələri əsasında Azərbaycan artıq neçə illərdir ki, dünyanı narahat edən müsəlman-xristian qarşıdurmasının aradan qaldırılması, dünyada İslamofobiyaya son qoyulması kimi çox böyük bir missiyanı üzərinə götürüb ki, bu da regional təhlükəsizlikdən daha çox beynəlxalq təhlükəsizliyə ünvanlanıb. 2008-ci ildə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin müvafiq nazirləri dəvət edildi. İlk dəfə idi ki, 100-dən artıq dövlətin nümayəndəsi bir araya gəlirdi və artıq bu gün o tarixə “Bakı prosesi” adı ilə daxil olaraq vətəndaşlıq qazanmışdır.
Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunmuşdur. Bu il Azərbaycan 54 ölkəni təmsil edən təxminən 3 min idmançının iştirakı ilə dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bütün bu tədbirlərin əsas məramı ondan ibarətdir ki, dünya İslamın sülh, mərhəmət, bərabərlik dini olduğunu görsün. İslam heç də beynəlxalq terrorçu təşkilat olan İŞİD-in təqdim etdiyi qaniçən din deyil. Azərbaycan Prezidenti ənənəvi İslami dəyərləri müdafiə etməklə yanaşı, ona qarşı ədalətsizliyi də kəskin ittiham edir: “Beynəlxalq terrorizmlə mübarizədə yalnız hərbi vasitələrlə uğur qazanmaq mümkünsüzdür. Çünki əvvəlcə ideoloji təhlükələrdən qorunmaq lazımdır. İnsanları qane edəcək yaşayış standartları və rahatlıq təmin olunmalıdır ki, onlar həyatlarından məmnun olsunlar… Terrorizm prosesin son mərhələsidir. Manipulyasiya, savadsızlıq, təbliğat, narazılıq, sosial qeyri-bərabərlik, yoxsulluq, işsizlik və nəhayət, terrorizm. Yəni, bütün bu amillər aradan qaldırılmalıdır”.
Bununla Azərbaycan Prezidenti dünyanı gərginlikdə saxlayan terrorizmin özünün də ədalətsizlikdən, sosial qeyri-bərabərlikdən qaynaqlandığını diqqətə çatdırır. Beləliklə, İslam dünyasının siyasi liderlərindən biri kimi üzərinə düşən vəzifəni yerinə yetirir.
Bu gün dünyada gedən qloballaşma ilə yanaşı, planetin super dövlətləri arasında gedən qarşıdurma meşə yanğınları sürətilə genişləndikcə yeni siyasi çağırışlar və siyasi münasibətlər formalaşmağa başlamışdır. Təbii ki, belə bir vəziyyətdə dövlət başçısı beynəlxalq və daxili vəziyyətin, ictimai təcrübənin, bütövlükdə, elmi və mədəni nailiyyətlərin dərin nəzəri təhlilini və ümumiləşdirilməsini aparır, baş verə biləcək hadisələri önləmək üçün uyğun siyasi və iqtisadi addımlar atır. Hətta dünyanın çox gərgin günlər yaşadığı zamanlarda belə – son illərin maliyyə böhranları, neftin qiymətinin kəskin aşağı düşməsi, Yaxın Şərqdə lokal münaqişə ocaqlarının genişlənməsilə, Avropanın qaçqın dalğasından siyasi stress keçirməsi. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev qarşıya qoyulan vəzifələrin, qəbul edilmiş sosial-iqtisadi inkişaf proqramlarının və regional beynəlxalq layihələrin icrasını bir an belə dayandırmamışdır.
Psixoloq Səid Nurtəbrizi.
Oxunub: 1 179