dini radikalizm və ekstremizmlə mübarizə

ƏMƏKDAR MEŞƏÇİ TEYYUB AXUNDOVUN ŞƏRƏFLİ ÖMÜR YOLU


Azərbaycan meşə təsərrüfatının inkişafında, xüsusilə Talış meşələrinin qorunmasında və zənginləşdirilməsində mühüm xidmətləri olan Əməkdar meşəçi Teyyub Mirzəməhəmməd oğlu Axundov ömrünün yarım əsrdən çoxunu doğma torpağının təbiətinə, meşələrin mühafizəsinə və yaşıllıqların artırılmasına həsr etmiş görkəmli ziyalılardan biri olmuşdur.

Teyyub Axundov 1932-ci ildə Lənkəran şəhərində, Mirzəməhəmməd ağanın ailəsində dünyaya göz açmışdır. 1950-ci ildə Lənkəran şəhər orta məktəbini bitirdikdən sonra həmin il Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meşə təsərrüfatı fakültəsinə daxil olmuşdur. Ali təhsil aldığı illərdə qarşısına qoyduğu əsas məqsəd təhsilini başa vurduqdan sonra doğma Lənkərana qayıdaraq öz bilik və bacarığını el-obasının inkişafına sərf etmək idi.

Arzuladığı gün 1955-ci ilin avqust ayında gəlib çatır. Teyyub Axundov Astara Meşə Təsərrüfatı İdarəsində sıravi meşəçi kimi əmək fəaliyyətinə başlayır. Peşəsinə olan sevgisi, məsuliyyəti və işgüzarlığı qısa müddətdə özünü göstərir. Cəmi dörd ay sonra Astara Meşə Təsərrüfatı İdarəsinə baş meşəbəyi vəzifəsinə təyin olunur. Onun fəaliyyəti ilə təsərrüfatın işində müsbət dəyişikliklər başlanır.

Teyyub müəllimin zəhmətkeşliyi, peşəkarlığı, insanlarla ünsiyyət qurmaq bacarığı və işinə sədaqəti rəhbərliyin diqqətindən kənarda qalmır. 1961-ci ildə o, daha böyük və geniş ərazini əhatə edən Lənkəran Meşə Təsərrüfatı İdarəsinin direktoru vəzifəsinə təyin edilir. Həmin vaxt onun cəmi 28 yaşı var idi. Belə gənc yaşda respublikanın böyük meşə təsərrüfatlarından birinə rəhbərlik etmək böyük etimad və məsuliyyət demək idi.

Teyyub Axundov sonralar həmin təyinatı xoş xatirələrlə yada salırdı. İlk anda bu xəbərə inanmaqda çətinlik çəkmiş, gənc yaşında belə böyük bir təsərrüfata rəhbərlik edəcəyini təsəvvürünə gətirməmişdi. Təyinat əmri ilə tanış olduqdan və etibar etdiyi ağsaqqalların məsləhətlərini dinlədikdən sonra bu məsul vəzifəni qəbul etmişdi.

Yeni vəzifədə fəaliyyətə başladığı ilk gündən işə ciddi yanaşan Teyyub müəllim əvvəlcə 27 min hektardan artıq ərazini əhatə edən Lənkəran Meşə Təsərrüfatının əməkdaşları ilə görüşür, onların problemləri və görüləcək işlər barədə ətraflı söhbətlər aparır. Daha sonra ona həvalə edilmiş meşə sahələrini at belində, zəruri hallarda isə piyada qarış-qarış gəzir, ərazinin təbii zənginliyi və mövcud vəziyyəti ilə yaxından tanış olur.

Lənkəran meşələri nadir bitki və ağac növləri ilə seçilən, təbiətimizin əvəzsiz sərvətlərindən biridir. Burada dəmirağacı, ipək akasiyası, yunan qozu, şabalıdyarpaq palıd və digər qiymətli ağac növləri geniş yayılmışdır. Ümumilikdə, Talış meşələrində 50-dən çox nadir ağac növünə rast gəlinir. Bu zəngin təbii sərvətin qorunması, artırılması və gələcək nəsillərə çatdırılması böyük zəhmət və fədakarlıq tələb edirdi.

Teyyub Axundov bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir. O, 50 ildən artıq müddətdə Lənkəran Meşə Təsərrüfatına rəhbərlik edərək Talış meşələrinin flora və faunasının mühafizəsi, qorunması və bərpası istiqamətində mühüm işlər həyata keçirmişdir. Onun rəhbərliyi və təşəbbüsü ilə görülən işlər bölgənin təbii sərvətlərinin qorunmasına, meşə fondunun genişlənməsinə və ekoloji tarazlığın saxlanmasına əhəmiyyətli töhfə vermişdir.

Teyyub müəllimin rəhbərliyi ilə dağ yamaclarında 700 hektardan artıq ərazidə qozmeyvəli ağac cinslərindən ibarət meşəliklər və bağlar salınmışdır. 300 hektardan çox sahədə sitrus bitkilərinin yetişdirildiyi plantasiyalar yaradılmış və bu ərazilər sonralar məhsul verməyə başlamışdır. Eyni zamanda, torpaq eroziyasının qarşısını almaq məqsədilə 500 hektar sahədə üçüncü dövrdən qalmış relikt ağac növlərindən ibarət qarışıq meşələr salınmışdır.

Rayon ərazisində hakim küləklərin dağıdıcı təsirini azaltmaq, torpaqların münbitliyini qorumaq və ətraf mühitə müsbət təsir göstərmək məqsədilə müxtəlif ağac cinslərindən ibarət 45 kilometr uzunluğunda, ümumi sahəsi 450 hektar olan dövlət əhəmiyyətli qoruyucu meşə zolaqlarının yaradılması da onun gərgin əməyinin nəticəsi idi.

Teyyub Axundovun xidmətləri yalnız mövcud meşə sahələrinin qorunması ilə məhdudlaşmırdı. O, meşə ağaclarının introduksiyası, yəni yeni bitki növlərinin yerli təbii şəraitə uyğunlaşdırılması sahəsində də mühüm işlər görmüşdür. Daşpalıd, palma, sidr şamı, mavi küknar, peykan qozu, evkalipt və digər ağac növlərinin Talış zonasında yetişdirilməsi onun uğurlu fəaliyyətinin nəticələrindən hesab olunur.

Bununla yanaşı, Teyyub müəllim meşəçi kadrların hazırlanmasına və yetişdirilməsinə də xüsusi diqqət yetirmişdir. O, öz bilik və təcrübəsini gənc mütəxəssislərlə bölüşərək meşə təsərrüfatı sahəsində peşəkar kadrların formalaşmasına böyük əmək sərf etmişdir.

Onun uzun illər ərzində göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. Əmək fəaliyyətində qazandığı nailiyyətlərin göstəricisi olaraq bir sıra yüksək mükafatlara layiq görülmüşdür.

Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 oktyabr 1966-cı il tarixli fərmanı ilə meşələrin mühafizəsi sahəsində uzun müddət qüsursuz işlədiyinə görə “Əmək igidliyinə görə” medalı ilə təltif edilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr 1979-cu il tarixli fərmanı ilə ona “Azərbaycan SSR Əməkdar meşəçisi” fəxri adı verilmişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə “Xalqlar Dostluğu” ordeninə, 13 avqust 1986-cı il tarixli fərmanı ilə isə “Oktyabr İnqilabı” ordeninə layiq görülmüşdür. Həmçinin, Azərbaycan SSR Ali Sovetinin 31 avqust 1989-cu il tarixli qərarı ilə “Əmək veteranı” medalı ilə təltif edilmişdir.

Teyyub Axundov yalnız peşəkar meşəçi və bacarıqlı rəhbər deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilən, el-obasının hörmətini qazanmış ağsaqqal idi. Ürəyiyumşaq, mülayim xasiyyətli, xeyirxah və qayğıkeş insan kimi tanınan Teyyub müəllim insanların sevincinə də, kədərinə də şərik olardı. Elin xeyir-şərində yaxından iştirak edər, küsülüləri barışdırar, incik könüllərə sevinc gətirərdi. Bu xüsusiyyətləri onu Lənkəran mahalında böyük hörmət və ehtiram sahibi olan ağsaqqallardan birinə çevirmişdi. Teyyub Mirzəməhəmməd oğlu Axundov 23 oktyabr 2014-cü ildə vəfat etmiş, Lənkəran şəhər qəbiristanlığında dəfn olunmuşdur.

Bu gün onun ömür yoluna nəzər saldıqda bir həqiqət aydın görünür: insanın Vətənə xidməti yalnız sözlə deyil, gördüyü işlərlə, yaratdığı dəyərlərlə və gələcək nəsillərə qoyduğu irslə ölçülür. Teyyub Axundov ömrünü doğma diyarının təbiətinə həsr etmiş, minlərlə ağacın əkilməsinə, meşələrin qorunmasına və zənginləşdirilməsinə nail olmuşdur.

Onun əkdiyi ağaclar, saldığı meşəliklər və yetişdirdiyi kadrlar bu gün də zəhmətinin canlı yadigarıdır. Teyyub müəllimin adı Lənkəranın meşəçilik tarixində, Talış təbiətinin qorunması uğrunda göstərdiyi xidmətlərdə və onu tanıyan insanların yaddaşında daim yaşayacaqdır.


Səadət Abdullayeva
Lənkəran Tarix-diyarşünaslıq muzeyinin elmi işçisi

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR