Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin #Antalya şəhərində davam edən #COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda panel iclasda iştirak edib.
İclasın açılışında çıxış edən Leyla Əliyeva qadınların cəmiyyətin həyatında oynadıqları rolun və onların potensialının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Paneldə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, qadınların iqtisadi imkanlarının genişləndirilməsi və qərarların qəbulunda iştirakının Azərbaycanın mühüm prioritetlərindən biri olduğunu bildirib.
Tədbirdə təklif edilən “Qadınlar və İqlim İnvestisiyaları üzrə Əməkdaşlıq Təşəbbüsü”nə toxunan Bahar Muradova təşəbbüsün qadın sahibkarların yaşıl iqtisadiyyat və iqlim investisiyaları sahəsində əməkdaşlığını gücləndirmək üçün faydalı platforma ola biləcəyini deyib.
Panel iclasda Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva da çıxış ediblər.
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında Türk dünyasında qadın sahibkarların iqlim dəyişikliklərinə qarşı mübarizədə rolunun artırılmasının, yaşıl iqtisadiyyat və iqlim investisiyaları sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasının vacibliyini vurğulayıb. O, qadın sahibkarların maliyyə resurslarına, innovativ texnologiyalara və beynəlxalq bazarlara çıxışının genişləndirilməsinin dayanıqlı inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Oxunub: 0