Dünən Opera studiyasının səhnəsində «Leyli və Məcnun» operasının möhtəşəm nümayişi oldu. Onu da qeyd edim ki, bu dəfə sevilən müğənni, Respublikanın əməkdar artisti Gülüstan Əliyeva Leyli obrazını təqdim etdi. Bu da müğənninin 30 illik səhnə fəaliyyətinin bir yekun zirvəsi idi.
Gülüstan xanım uzun illərdir ki, həm müğənni, həm də Opera Teatrının solisti kimi saysız-hesabsız uğurlara imza atıb. Həm səhnədə, həm də müxtəlif konsert salonlarında verdiyi konsertlər tamaşaçının alqışını qazanıb və davam edir.
Leyli obrazı isə onun yaradıcılığında yeni bir səhifə açdı.
Gülüstan xanım Leylisini səsi ilə cana yaxın, könüllərə xitab edən bir sevgi dastanının qəhrəmanı kimi bizə özünəməxsus tərzdə təqdim etdi.
Digər ifaçı, sevilən sənət xadimi, Respublikanın əməkdar artisti Elnur Zeynalov Məcnun obrazında olduqca maraqlı səhnə performansı sərgilədi. O, öz möhtəşəm ifası ilə könülləri fəth etdi.
Ümumiyyətlə, dahi Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» əsərinə müasir üslubda yanaşmaq, onu təqdim etmək bütün yaradıcı heyət üçün məsuliyyətli və şərəfli idi ki, bunun da öhdəsindən gəlindi.
Tamaşanın dirijoru, Respublikanın əməkdar artisti Sevil Hacıyevanın da növbəti uğuru göz qabağında idi ki, sondakı alqışlar da buna gözəl sübut idi.
Beləliklə, bu günə qədər müxtəlif teatrlarda, opera səhnələrində oynanılan Leylilər arasında yeni bir Leyli də doğuldu!
Və biz də onu sevdik! Alqışladıq!
Bütün yaradıcı heyəti bu möhtəşəm uğurla təbrik edirik!
Təranə Feyzullayeva
Oxunub: 88