Mən bir dostum haqqında danışmaq istəyirəm, o, dünyalardan gözəldir. Mən bir dostum haqqında danışmaq istəyirəm, o, gənc olmasına baxmayaraq və əylənməyə haqqı çatdığı halda, bu dünyaya bağlı olmadı. Onun qəlbində bir Allah var, bir Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) və bir də ki, müqəddəs Qurani-Kərim; dilində isə təkcə "La ilahə illallah" zikri vardır. Mənim dostum bunlardan başqa heç bir şeyə meyil etmir. Ağzından tökülən hər bir qiymətli söz yalnız Allah sözüdür, daha doğrusu, bir uyarıdır ki, qəflət yuxusunda yatanlar, şeytanın əsiri olanlar məhz bu hikmətli kəlamların vasitəsilə oyanar. Qardaşım adının nümayiş olunmasını istəmədi. Görün, necə də səxavətli və sadə bir insandır. Mən bir dostum haqqında danışmaq istəyirəm, gərəkdir ki, camaat ondan nümunə götürsün. Amma onun bir adı vardır, onun adı "Vəfalı dost"-dur. Ehtiyacı olandan öz zəkatını əsirgəməz və verdiyinin arxasınca isə heç gözü də qalmaz. O, "Mən nə edirəmsə, yalnız Allah üçün edirəm" deyir. Mən bir dostum haqqında danışmaq istəyirəm, onun tez-tez halını soruşmağıma, vaxtını almağıma, danışığa tutmağıma baxmayaraq, bir dəfə belə olsun ki, "Uf!", "Yoruldum" və yaxud da ki, "Mən çıxmalıyam, işim var"-deyə, söylənmədi. O qədər gözəl və tərifəlayiq xüsusiyyətləri vardır ki, sadalamaq ilə bitməz. Mən bir dostum haqqında danışmaq istəyirəm, o dost ki, boş sözə heç fikir verməz, xoşuna gəlməyən söz olduqda isə, qarşısındakı insanın xətrinə dəyməmək şərtilə söhbəti elə dəyişdirər ki, insanın heç ruhu da inciməz. Bəli, mənim bu dostum özünə aid olmayan bir söz deyən adama təkcə gülümsəyər və münasibətləri pozmaz. Əslində, o, mənim təkcə dostum deyildir, həm də ki, mənəvi bir qardaşımdır. Onunla danışandan sonra, həqiqətən, çox böyük bir rahatçılıq tapıram. Mən elə bir dostum haqqında danışmaq istəyirəm ki, onu görərkən, insanın yadına ancaq Allah düşər, yəni ki, mənim bu dostum Allahı xatırladanlardandır. Mən bir dostum haqqında danışmaq istəyirəm ki, onu gördüyün zaman sıxıntılarını unudar, çətinliklərin sənə asan gələr və əhvali-ruhiyyən xeyirliyə doğru dəyişər. O, bərəkətli bir dostdur, əməli-saleh bir mömindir. Hər bir işini yarımçıq qoyar, lakin namazı qəzaya verməz, ondan əl çəkməz. Əgər kiminsə xətrinə dəydiyini düşünsə, həmin an onun könlün alar. Onun simasında Uca Allah-Təalanın(c.c) müqəddəs Lövhi-Məhfuzda təsvir etdiyi möminlərin əziz və nurani bir üzü vardır. O, elə bir dostdur ki, nə vaxt rast gəlsən, sənə yalnız və yalnız Allahdan və Peyğəmbərdən danışar. O, öz həyatını Allahın əmrləri və Həzrəti Məhəmmədin(s.a.s) buyurduqları üzərində nizamlamışdır. Əziz qardaşım, əgər haqqını tam ödəyə bilmədimsə, məni bağışla! Allah səni yerin-göyün bəlalarından, pis insanların şərrindən və şeytanın fitnə-fəsadından qoruyaraq hifz etsin, amin! Mən bir kiçik qardaşın olaraq səni səmimi qəlbdən çox istəyirəm. Sevgilərlə və sayğılarla!
Ərtoğrul Mehdizadə