2026-cı il oktyabrın 2-də Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov APA TV-də “Xəbəraparan” televiziya proqramında çıxış etmişdir. Proqramda bu dəfə “Gənclikdə nəyi edib sonra peşmanlığını çəkmisiniz?” mövzusu müzakirə olunmuşdur. Proqramın məqsədi gənclik dövründə verilən qərarların psixoloji əsaslarını, impulsivlik, sosial təzyiq və riskalma kimi amillərin qərarlara təsirini, eləcə də səhv və peşmanlığın insanın psixoloji inkişafındakı rolunu izah etmək idi.
Çıxış zamanı Mirsadiq Muxtarov gənclik dövrünü uşaqlıqdan yetkinliyə keçidin mühüm inkişaf mərhələsi kimi səciyyələndirmiş, bu dövrdə identiklik, dəyərlər, sosial münasibətlər və müstəqil qərarvermə sisteminin intensiv şəkildə formalaşdığını vurğulamışdır. Psixoloq gənclərin impulsiv qərarlar verməsinin yalnız “düşünməmək” və ya məsuliyyətsizliklə izah edilməsinin doğru olmadığını qeyd etmiş, güclü emosiyalar, ani mükafata üstünlük vermək, həyat təcrübəsinin azlığı, yaşıdların təsiri və özünü tanıma prosesinin davam etməsinin bu qərarlara təsir göstərə biləcəyini bildirmişdir. Eyni zamanda, münasibətlərdə təcrübəsizlik, təhsil və peşə seçimlərində sosial gözləntilərin təsiri, “hamı edir” düşüncəsi və sosial mediada başqaları ilə müqayisənin gənclərin seçimlərinə təsiri barədə fikirlər səsləndirilmişdir. Mütəxəssis çıxışı zaman gənclik dövründə beyində baş verən proseslərə də toxunmuşdur.
Çıxışda peşmanlıq hissinə də psixoloji inkişaf kontekstindən yanaşılmış, peşmanlığın hər zaman mənfi təcrübə olmadığı, insanın keçmiş qərarlarını yenidən qiymətləndirməsi və onlardan nəticə çıxarmasının şəxsi inkişaf baxımından əhəmiyyət daşıdığı qeyd edilmişdir. Psixoloq bildirmişdir ki, yetkinlik heç vaxt səhv etməmək deyil, verilmiş qərarların məsuliyyətini daşıya bilmək və yaşanmış təcrübədən faydalı nəticə çıxarmaqdır.
Oxunub: 3