dini radikalizm və ekstremizmlə mübarizə

ALMAZ İLAHƏ: DƏRDİN İŞIĞINDA PARLAYAN DAŞ


Almaz daşı yerin qaranlığında, təzyiq altında yaranır, işığa çıxanda isə ən parlaq daş olur. Almaz İlahə Əhmədovanın taleyi mənə həmişə bunu xatırladıb. Yardımlının Perinbel kəndində doğulan bu qadın dərdi susmaqla yox, yazmaqla daşıyıb. Onun yolu kənddən başlayıb, sözün, qələmin və dözümün yolu ilə bu günə gəlib çatıb.
Tanışlığımız Türkiyədə başladı. Ankara Sanat Platformunun başkanı Sultan Özateş mənim haqqımda xoş sözlər söyləmiş və Almaz xanım mənə maraq göstərmişdi. Bir tədbirdə təsadüfən üz-üzə gəldik. Bəzən tale iki qələm sahibini məhz yad eldə, bir dostun xoş sözü ilə qovuşdurur. Bu görüş mənə təkcə yeni bir ad yox, əsl dost bəxş etdi.
İkinci adı İlahədir. Bu ad həm ömrünün ən böyük sevinci, həm ən dərin yarasıdır. Almaz xanım qızı İlahəni çox erkən itirdi. Amma ağrını içində saxlamadı, misraya çevirdi. Şeirlərinin çoxu həmin qıza ithaf olunub, oxuyanda boğazımız düyünlənir: Qurani-Kərimin sözüdür: "Biz Allahın bəndələriyik və Ona qayıdacağıq" (Bəqərə, 156). "Allah səbir edənlərlədir" (Bəqərə, 153). "Şübhəsiz, çətinliklə bərabər asanlıq var" (İnşirah, 6). Almaz xanımın misralarında bu ayələrin nəfəsi duyulur: itkinin ağrısı da, Haqqa təslimin sakitliyi də. Bəzən həsrət duaya çevrilir, bəzən çağırışa, sanki yel olub, bulud olub, leysan olub balasının yanına getmək istəyir. Bəzən isə yalnız sakit bir yalvarışa: "Baxıb yağan qarıma bir təsəlli ver."
DJB saytının təsisçisi və rəhbəri kimi Almaz xanım sözlə saray tikib. Bu ev təkcə öz yazılarına yox, başqalarının qələminə də açıqdır. Mənim şeirlərimi, esselərimi, hekayələrimi dəfələrlə xəbərim olmadan öz səhifəsində işıqlandırıb. Bu, hər adamın bacaracağı incəlik deyil. Başqasının sözünü öz sözü kimi sevən, onun uğuruna sevinən insan həqiqi ədəbiyyat adamıdır.
Jurnalist gözü, şair ürəyi və fəlsəfi düşüncə onda bir yerə gəlib.
Hz. Əlinin sözünə görə, səbrin imandakı yeri başın bədəndəki yeri kimidir. Yunus Əmrə yaradılanı Yaradandan ötrü sevməyi öyüdləyir. Mövlana deyir ki, yara elə yerdir ki, nur oradan ürəyə daxil olur. Almaz xanımın şeirləri də elə yaradandan süzülən nurdur. Hafiz isə bu yolun ən incə təsəllisini verib: "Kənana qayıdar itmiş Yusuf, qəm yemə, bu qəm daxması bir gün gülüstana dönər, qəm yemə." Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misrası dərdi ilə böyüyən, sözü ilə ucalan şair ruhunun tərcümanıdır. Füzulidən bəri dərd bu torpaqda şairin ən sadiq yoldaşı olub. Almaz xanım da həmin karvanın yolçusudur.
Almaz xanım təltifin dalınca qaçan adam deyil. Fəxri adı, diplomu şöhrət işi sayır və nə dünyada, nə axirətdə şöhrətdən pay ummur. Yenə də zəhmətinin görüldüyünü bilmək ona xoş gəlir. Bu sadəlik böyüklüyün ilk əlamətidir.
Kənardan baxanda şən, xoşbəxt bir xanımdır. Amma bu şənliyin arxasında İlahəsiz keçən illərin yükü dayanır.50 yaşını tamamlayanda da bu yük onunla idi. Quran ayəsidə deyir: "Bilin ki, ürəklər yalnız Allahı zikr etməklə rahatlıq tapar" (Rəd, 28). Onun yaratdıqlarında dərd qonaq deyil, daimi sakindir. Səhifələri çevirdikcə, həmin dərdin içindən dözüm də, ümid də boylanır.
Yaxşı dost, yaxşı yazar, yaxşı insan, əziz Almaz İlahə, minnətdaram sənə. Allah arzularına qovuşmağı nəsib etsin. Sözün almaz kimi parlasın, çırağın heç vaxt sönməsin.


Cəvahir Qaraqızı
Şair, jurnalist Prezident təqaüdçüsü

Oxunub: 11
Oxşar xəbərlər
SON XƏBƏRLƏR