Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-ya verilən məlumata görə, Bakının Xətai rayonu, R.Bağırov 24 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rövşən Mikayılov Əvsəl oğluna məxsus “Əvsəloğlu” şirniyyat sexinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə şikayət daxil olub.
Daxil olan şikayət əsasında qeyd olunan ünvanda Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.
Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərən şirniyyat sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Baxış zamanı sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, istehsal sahəsində istifadə olunan qab, ləvazimatlar və xammalın açıq şəkildə birbaşa döşəmənin və işçi masaların üzərində saxlanıldığı məlum olub.
Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, istehsal və satış yerlərində mal qonşuluğu prinsipinə əməl edilmədiyi aşkar edilib.
Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Oxunub: 584