Oktyabr ayının 29-da Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Mingəçevir Regional ASAN Xidmətin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Turizm İdarəsi və Yaşıl ASAN proqramının tərəfdaşlığı “Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” ekoloji forum keçirilib. Forum iştirakçıları əvvəlcə Universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Sonra təhsil ocağının həyətində həmişəyaşıl ağac tingləri əkilib.
Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən forumda şəhər ictimaiyyətinin nümayəndələri, müvafiq qurumların rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.
Açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib.Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamında qeyd edilmişdir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.
Qeyd olunub ki,oktyabr ayının 18-dən 27-dək yaşıllıq zolaqlarına 10 mindən çox həmişəyaşıl ağac tingləri və gül kolları əkilməsi həyata keçirilmişdir. Bu müddətdə 14254 ədəd ağac və gül kolları əkilmişdir. Təkcə Azərbaycan İES ərazisində həftə ərzində 5 min ədəd zeytun ağacı əkilmişdir. Bu tədbirlər həm “Yaşıl dünya naminə həmrəylik ili”nə, həm də şəhərimizin yaşıllığına və abadlığına verilən töhfədir.
Forumda Mingəçevir Dövlət Universitetinin rektor vəzfəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin direktoru Elxan Cəfərov, Yaşıl ASAN ekoloji proqramının rəhbəri Rza Mirzəzadə çıxış edərək fikirlərini bölüşmüş, il ərzində rəhbərlik etdikləri qurumların fəaliyyətindən danışaraq forumun işinə uğurlar arzulamışlar. Sonra MDU-nun baş müəllimi Vüsalə Mustafayeva “İqlim dəyişkınliyi təhsildə hansı üstün gələcəyi vəd edir?” MDU-nun baş müəllimi Aysel Bayramova “COP29 Azərbaycanın liderliyi ilə yaşıl planetin xilası” mövzularında məruzələr etmişlər.
Forum öz işini panel müzakirələrlə davam etdirmişdir.
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 0