27 Sentyabr – xalqımızın yaddaşına həm qürur, həm də nisgil dolu bir tarix kimi yazıldı.
Bu gün başlanan 44 günlük müharibə təkcə torpaqlarımızın deyil, ruhumuzun da azadlıq yürüşü idi.
Biz o gün bir millət kimi qalxdıq!
Səhər açılar-açılmaz gözlərdə qərarlı işıq vardı.
Heç kəsin qələbəyə şübhəsi yox idi.
Çünki bu mübarizə – haqqın, ədalətin mübarizəsi idi.
Hər kəs bacardığını deyil, bacardığından da artıq olanı Vətənə həsr etdi.
Ayaqqabısı cırıq təqaüdçü aldığı pensiyanı Müdafiə Fonduna köçürdü.
Onun sözü yox, əməli dedi:
“Mənim silahım bu qədərdir, amma ürəyim bütün ordunun yanındadır!”
44 gün – hər günü tarix idi, hər günü dastan idi.
Əsgərlərimiz dağlarla danışdı, daşlarla döyüşdü, torpağın qəlbinə yol açdı.
Şəhidlərimizin qanı ilə sulanan bu torpaq bir daha əsarət görməyəcək.
Qazilərimizin yarası Azərbaycanın alnında şərəf tacı olacaq.
Biz bu gün şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Onların adı millətin yaddaş kitabəsində əbədi yaşayır.
Qazilərimiz isə qələbəmizin canlı rəmzləridir.
Biz bir daha gördük: Azərbaycan tək deyil!
Qardaş Türkiyə həm sözü, həm də əməli ilə yanımızda oldu.
Bu qardaşlıq – zəfərin özü qədər əziz, özü qədər müqəddəsdir.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!
Düzgün Atalı
Oxunub: 0