Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Birləşmiş Krallıq ilə ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir.
Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur. Bu baxımdan yaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçid sahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımı ifadə edirəm.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərində minaların təmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksək qiymətləndiririk.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da inkişaf edərək yeni səviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Oxunub: 118