Gəncə Yaşıl İqtisadiyyat Forumunun təsis edilməsinə dair Anlaşma Memorandumu imzalandı.
Djb.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) Forumun təsisçiləri təyin ediliblər.
Azərbaycanda ilk dəfə reallaşdırılacaq bu təşəbbüsün əsas hədəfi iqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, o cümlədən “ədalətli yaşıl keçid” və “yaşıl artım” – “yaşıl iqtisadiyyat” – “dayanıqlı inkişaf” üçlük yanaşması vasitəsi ilə uğurlu “yaşıl keçid” üzrə qabaqcıl təcrübələrin öyrənilməsi, xüsusilə də qeyd edilən məsələlərdə Azərbaycan Respublikasında maarifləndirmə, insan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti və tələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşıl start-upların yaradılması, iqtisadiyyatın yeni “yaşıl” sektorlarının inkişaf etdirilməsi, dövlət-özəl “yaşıl” tərəfdaşlığının təşviq edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə “ağıllı yaşıl keçid”-in müəyyən edilməsi işinə töhfə verməkdən ibarətdir.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov forumun, təsisçi universitetlərin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək fəaliyyətlərdə daha aktiv iştirak etmək istəyini ifadə etdiyini qeyd edib.
Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 iyun Ümumdünya ətraf mühit günündə öz işinə başlayacaq və hər il 5-7 iyun tarixində Azərbaycanın ikinci böyük şəhəri Gəncə şəhərində təşkil ediləcək.
Hər il bir iştirakçı Gəncə Dövlət Universitetində bu forumda sədrlik və təşkilatçılıq funksiyasını həyata keçirəcək. Bundan əlavə ölkəmizin digər universitetləri də bu forumun üzvlüyünə qoşula bilərlər.
Sonda rektor Şahin Bayramov təsisçi universitetlərin və təşəbbüsə dəstək verən müvafiq dövlət qurumlarının rəhbərlərinə, əməyi keçən bütün həmkarlara təşəkkür edib.
Forumumuz xeyirli və uğurlu olsun!
Yaşıl dünya naminə həmrəy olaq!
Yaşıl dünya qurmağa kampusumuzdan başlayaq!
Oxunub: 113