dini radikalizm və ekstremizmlə mübarizə

ÇÖRƏK QOXULU UŞAQLIQ


​​Kəndin üstünü bürüyən payız dumanı təzəcə çəkilirdi. Kərpic zavodunun arxasında, suvağı tökülmüş köhnə evlərin arasında iki uşağın qaçışından qopan toz-torpaq günəş şüalarının altında ulduz kimi parıldayırdı. Bu küçələrdə zaman daha yavaş axırdı. Elşənlə Toğrulun uşaqlığı həmin tozlu cığırlarda, bəzən ayaqyalın, bəzən də bir-birinin ardınca növbə ilə geyindikləri cırıq çarıqlarda keçmişdi.
​Elşənin atası usta Qadir kəndin tək dulusçusu idi. Balaca, qaranlıq, hisli emalatxanada palçığa canlı bir ruh verərdi. Əlləri çat-çat idi, amma o çatların arasında torpağın ən təmiz qoxusu gizlənmişdi. Toğrulun isə bu həyatda tutunacağı tək bir dalı var idi, gözləri zəifləyən, əlləri titrəyən qoca nənəsi. Toğrulun nə atasının istisini bilən bir yaddaşı vardı, nə anasının qucağını tanıyan bir uşaqlığı. Onun üçün ata da, ana da, arxa da Elşənin evi olmuşdu.
​Elşənin anası Səkinə xala hər səhər sübh tezdən təndiri qalayar, kəndin üstünü təzə çörək qoxusu bürüyərdi. O, təndirdən çıxan ilk al qırmızı çörəyi götürər, hələ buğusu üstündə ikən iki yerə bölərdi. Həmişə pəncərədən həyətdə oynayan iki uşağa baxıb çağırardı:
-Gəlin, balalarım. Bura gəlin. Bir yerdə yeyin ki, bərəkəti olsun. Çörəyi bölən də siz, bir böyüyən də siz.
​O çörəyin istisi uşaqların sadəcə əllərini yox, içindəki bütün yetimlik və soyuqluq hissini isidərdi. Toğrul ilk tikəni ağzına qoyanda Elşənə baxar, sanki dünyada olan bütün borclarını o gözlərlə ödəyərdi. Aralarında heç vaxt "mənimdir" və ya "sənindir" sözü işlənməzdi. Elşənin ayaqqabısı təzələnəndə ilk gün Toğrul geyinərdi ki, dostunun ürəyi sınmasın. Toğrul məhəllə uşaqları ilə dalaşanda Elşən özünü qabağa atar, heç nə düşünmədən onun önündə sipər olardı.
​Aralarında heç vaxt "mən" davası olmadı. Onlar fərqində olmadan "biz" olmuşdular. Biri susanda, o biri onun sükutundakı kədəri oxuyurdu.
​Bir axşam emalatxanada ocağın közü təzə-təzə sönməyə başlayanda, ətrafı qəribə bir sakitlik bürüdü. Usta Qadir evə getmişdi. İki uşaq ocağın yanında oturub əllərini közə tutmuşdu. Toğrul palçıqlı, balaca barmaqlarına baxıb gözlərini Elşənə zillədi. Səsində böyüklərə xas bir nigarançılıq var idi:
-Elşən. Biz böyüyəndə necə olacaq? Hər kəs deyir ki, böyüyəndə insanlar dəyişir. Pulları olur, başqa şəhərlərə gedirlər, köhnə günləri unudurlar. Sən də dəyişəcəksən?
​Elşən ocaqdan bir az da çırpı götürüb közün üstünə atdı. Qığılcımlar qaranlıq emalatxananın tavanına doğru uçuşdu. O, dönüb dostunun gözlərinin içinə baxdı. O gözlərdə nə təkəbbür var idi, nə də bir anlıq şübhə:
-Bizim aramızdakı şey mal-mülk deyil ki, Toğrul. Bizimki çörəkdir. Anamın hər səhər iki yerə böldüyü o təndir çörəyi. İnsan malını itirə bilər, pulunu unuda bilər. Ama kəsilən çörəyə üz döndərən adamın vicdanı kuruyar. Biz o çörəyi bölüşdüksə, deməli, qismətimiz də bir olacaq. Sən harada olsan, mən orada olacam.
​Toğrul dostunun bu sözlərindən sonra dərin bir nəfəs aldı. Ocağın işığı onların balaca, amma mənası böyük olan simalarını aydınladırdı. O gecə emalatxana divarlarına hopmuş palçıq və his qoxusu, iki uşağın sükutla verdiyi o böyük andın tək şahidi oldu.
​Amma illər ötdükcə, zamanın amansız küləyi həmin emalatxananın qapısını döyəcək, şəhərin parıltısı və nəfsin zəhəri o "biz" cümləsini addım-addım parçalamağa başlayacaqdı...

YEGANƏ NADİRQIZI

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR