“Təhsil haqqı tələbəyə tədris zamanı çəkilən xərclərə uyğun olaraq, müəyyən edilir”.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya dövründə distant təhsil formasını seçməli olan tələbələr üçün təhsil haqqında güzəştlərin tətbiqi imkanlarını dəyərləndirən Marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov deyib.
Alxan Xələfov hesab edir ki, distant təhsil alan tələbə universitetin bir çox resurslarından istifadə edə bilmədiyindən, onların illik təhsil haqqı da müvafiq qaydada azaldılmalıdır:
“Beynəlxalq standarlara əsasən, universitetlər təhsil verdiyi tələbələr üçün çəkəcəyi xərclər üzrə orta smeta çıxarır və buna uyğun hər bir fakültə üzrə illik təhsil haqqı təyin edilir.
Təhsil distant olduğu zaman isə bu xərclər azalır. Bu baxımdan, ölkəmizdə də pandemiya dövründə distant təhsil alacaq tələbələrin təhsil haqqına endirim edilməlidir.
Çünki təhsil haqqı tələbəyə tədris zamanı çəkilən xərclərə uyğun olaraq, müəyyən edilir. Distant təhsil alan tələbə isə universitetin bir çox resurslarından yararlana bilmir.
Hazırda MDB ölkələrinin bəzilərində distant təhsil prosesi qanunla tənzimlənsə də, Azərbaycanda bu istiqamətdə hələ ki konkret addıım atılmayıb. Bu isə ölkəmizdə ikinci təhsil almaq və işləyərək təhsil almaq istəyən şəxslərə maneə yaradır. Ona görə də ölkədə distant tədrisi nizamlayacaq qanunun qəbuluna ehtiyac var”.
Distant və əyani təhsil formaları arasında fərqlərə toxunan Alxan Xələfovun fikrincə, distant tədrisə cəlb olunan tələbələr uzaq məsafə qət etmədən informasiya texnologiyaları resursları hesabına həm təhsilini rahat şəkildə davam etdirir, həm də daha az illik təhsil haqqı ödəyir:
“Dünyada bir çox nüfuzlu universitetlər çoxdan distant təhsil modelini tətbiq edib. Pandemiyanın fəsadlarını nəzərə alaraq, ölkəmizdə distant təhsil modelinin həyata keçirilməsi və bu təhsil formasının qanunla tənzimlənməsi çox müsbət nəticələr verə bilər.
Dövlət pandemiya səbəbindən əhaliyə və biznesmenlərə iri həcmdə maliyyə yardımı göstərib. Bu dəstəyin təhsil sahəsində də davam etdirilməsi sözgüdən sferanın inkişafına təkan verəcək”.
Oxunub: 671