Bu gün ad gününə gələ bilmədim,
Bilirəm sən məndən küsməyəcəksən.
Təbriki söylədim şıltaq küləyə.
Külək,sən də məni üzməyəcəksən.
Deyirlər yerin də öz qulağı var,
Çatacaq təbrikim,çatacaq sənə.
Ordakı güllərə çəkib məktubu,
Külək qanadından atacaq sənə.
Fəridə Ləman
Dəyərli dostlar,mən sizlərə şəhid baş leytenant ,Şuşa fatehi Yunis Kazımovun xanımı Zöhrə Kazımovanın ürək dağlayan,İnsanın içini param-parça edən essesini paylaşacam.
Oxucum,bu yazını oxuyanda göz yaşlarımı tuta bilmədim,hönkür-hönkür ağladım.Yazını Zöhrə xanımın razılığı ilə sosial şəbəkədə paylaşıram və niyə məhz mən paylaşıram?Çünki bu esse şəhidimiz haqqında hazırladığım " Şuşa fatehi - YUNİS KAZIMOV" kitabında yer alıb.Təbii ki,sosial şəbəkədə çox sayda oxucu kitabdakı yazılarla tanış olacaqlar.Şəhidlərimizi tanısınlar,ansınlar,yaşatsınlar.Onlar can borcu verdilər, bizim borcumuz Vətən üçün gedib gəlməyənləri yaşatmaqdır.Bütün bunlar sizlər tərəfindən ŞƏHİDLƏRİMİZİN ailəsinə bir təsəllidir,əziz oxucu!
BU AYRILIĞIN ACISI HƏR ZAMAN ÜRƏYİMDƏDİR
Mən, Kazımova Zöhrə 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Texniki Universitetini bitirmişəm. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində çalışıram. Xüsusi Təyinatlı Qüvvələrin Baş Leytenantı Şəhid Kazımov Yunisin həyat yoldaşıyam. Biz 18.07.2021-ci ildə ailə qurmuşuq. Əli adında bir övladımız var. Mən, həyat yoldaşımı – şücaətli Şəhid Yunisi itirmişəm. Mənim üçün həyat əvvəlki kimi deyil; evimizdə, övladımız Əlidə və hər gülüşdə onun yoxluğu hiss olunur. Yunisin qəhrəmanlığı mənim üçün həm fəxr, həm də kədər mənbəyidir. Onun xatirəsi hər gün mənə həm güc, həm də dərd verir – güc ki, övladımıza və vətənimizə onun yolunu yaşada bilim, dərd ki, bu ayrılığın acısı hər zaman ürəyimdədir. Mənim halım həm sevgi ilə, həm də itki ilə yoğrulub. Hər an onunla paylaşacağım bir sözü, bir gülüşü, bir anısı ürəyimdədir. Amma mən dayanıram. Hər gün onun adını xatırlayaraq, övladımızla birlikdə onun ruhunu yaşadır, onun sevgisini və qəhrəmanlığını gələcəyə daşıyıram. Mənim halım kədərli olsa da, eyni zamanda qürur və sədaqət doludur – o, mənim həyatımın ən böyük sınağıdır.
Yunislə həyatımın, sevgi hekayəmin qısa özətini ifadə etməyə çalışacam . Mən ailəmlə birlikdə 2000-2006-cı illərdə Qazax rayonu, Kəmərli kəndində yaşamışıq və Yunislə eyni məhlədə böyümüşük. Yunislə uşaqlıq macəralarımız çox olub. Uşaqkən həmişə mübahisə edərdik. Məktəbə gedərkən, məktəbdən qayıdarkən davasız, dalaşsız bir günümüz olmazdı. Bir-birimizi heç sevməzdik. İllər keçdi, biz böyüdük. Uşaq vaxtı bir-biri ilə yola getməyən iki gənci həyat möcüzəvi şəkildə qarşılaşdırdı. İllər sonra Yunislə birlikdə Universitetdə təhsil alan tələbə yoldaşları mənimlə birlikdə eyni dövlət müəsisəsində çalışırdı. Bir gün kollektiv bir rəsm çəkdirdik. Həmin rəsmi Yunisin qrup yoldaşılarından biri sosial şəbəkələrdən birində paylaşmışdı. Bu rəsmi görən Yunis 13 il sonra məni bu rəsimdə oxşadır, dərhal həmin qrup yoldaşına zəng edir, adımı və qazaxlı olub, olmadığımı soruşur. Yunis ona uşaqkən eyni məhlədə böyüdüyümüzü deyir. Həmin günü Yunisin tələbə yoldaşı mənə yaxınlaşdı və səni Yunis adlı oğlan soruşdu,- dedi və mənə Yunisin rəsmini göstərdi. İlk öncə mən Yunisi tanımadım. Çünki, o çox dəyişmişdi. Bir müddət sonra qrup yoldaşının da iştirak etdiyi görüş təyin edildi. Uşaqlıq dövrümüzdən danışırdıq, o günləri yada salıb gülürdük. Sonra dəfələrlə Yunisi iş yerimin önündə görürdüm, amma mənə yaxınlaşmırdı, sadəcə kənardan izləyirdi. Sonra bir az müddət keçdi, Yunis mənə olan marağını bildirməyə başladı. Bir gün məni görmək istədiyini bildirdi. Buna etiraz etdim. Yunis mənim haqqımda, mən də Yunis haqqında ortaq dostlarımızdan məlumat almışdıq. Bir-birimiz haqqında müsbət fikirlərə sahib idik. Onlar Yunislə olan tələbəlik illərindən danışırdılar, onun haqqında ancaq xoş şeylər deyirdilər. Yunis artiq məni görmək istəyində qəti idi. Hər gün bir bəhanə ilə mənə mesaj yazırdı. Məni görmək istədiyini deyirdi. Mən üç ay Yunisin bu istəyinə yox cavabı dedim. Bir gün mənə təlimdə olduğunu, erməni ilə üzbəüz səngərdə olduğunu və iki ay orada qalacağını dedi. Dedi-“sən istəsən bu gün gələ bilərəm, əgər sən mənlə görüşsən gələrəm”. Dedim-“gəl görüşəcəm”. O isə “söz ver ki, görüşəcəm”-dedi. Mən ona söz verdim. Əslində Yunis mənə yalan demişdi, o, dediyi yerdə deyilmiş. Çünki məni görüşməyə ancaq belə ikna edə biləcəyini düşünmüşdü. Nəhayət biz görüşdük. İkimiz də çox həyacanlı idik. Həmin günü çoxlu gəzdik, kinoya getdik, həyatımızın maraqlı, gülməli anlarını bir-birimizlə bölüşdük. Nə o, nə də mən ürəyimizdə olan sevgini bir neçə müddət etiraf edə bilmədik. Nəhayət sevgi etirafı Yunisdən gəldi. Mənə ilk dəfə birisini sevdiyini, bu hisləri ilk dəfə yaşadığını bildirdi. Həmin an gözəl bir cümlə işlətdi. Dedi-“sadəcə onu bil ki, bir gün desələr Zöhrəyə Yunisin canı lazımdır, mən canımı sənin üçün fəda edərəm”. Yunis elə bir həyat yoldaşı olub ki, mən hər şeyimi ona əmanət edə bilirdim. Mən tam əmin idim ki, başımı bir yastığa qoyduğum insan mənə görə düşünmədən canını belə verə bilər. Onun sevgisindən çox əmin idim. Onun sevgisi qarşısında aciz idim. O, məni məndən çox sevənim idi.
Yunis mənim gözümdə çox fərqli biri idi. İlk dəfə idi ki, bir insanda bu qədər gözəl xüsusiyyətlərin birləşdiyini görürdüm. Bu gözəl xarakterli oğlan məni günü - gündən özünə daha çox bağlayırdı. O, çox mərd, qeyrətli biri idi. Hər sözünün, hər hərəkətinin hesabını verə biləcək bir kişi idi. Hər gününü son günü kimi yaşayan bir insan idi. Həyatda elə bir insan ola bilməzdi ki, ondan zərrə qədər pislik görsün. Pisə də yaxşılıqla cavab verən biri idi. Yunis heç kəsi nə çox yaxınına buraxmazdı, nə də çox məsafəli olmazdı. Heç kimin xətrinə dəyməzdi. Pis insanların pisliklərini dilə gətirməzdi. Yunis hər şeyi öz adı ilə bilən biri idi. Onun haqqına girən insanları belə gülərək yola verən biri idi. Hər zaman dediyi bir söz vardı, “təki canımız sağ olsun”. Yunis çox həyatsevər insan idi, hər şeydən zövq alırdı. Yunis həftədə bir neçə dəfə, nə olur olsun, Xızı rayonu ərazisindən məni görməyə gələrdi. Hətta bir gün o qədər yağış yağmışdı, hava o qədər soyuq idi ki, Yunis mənim yanıma çatanda çox islanmışdı, paltarlarından su axırdı. Hər görüşümüz, hər anımız çox maraqlı keçirdi. Biz həqiqətən də bir-birimizin yarı idik. Biz bir-birimizi qarşılıqsız sevirdik. Hərdən incik anlarımız olsa belə, mən hər gecə ona dua edirdim. O, mənim tanıdığım ən gözəl insan, bir mələk idi. Biz həmişə bir-birimizə "ömrüm", -deyə müraciət edirdik. Bir-birimizə ən gözəl sözlərlə müraciət edirdik. Yunisin mənə evlilik təklifi 2020-ci il Ramazan bayramı günü olub. Ona bayram münasibəti ilə saat hədiyyə etmişdim. Yunis Şəhid olarkən həmin saat Yunisin qolunda olmuşdu. O, hislərini ifadə etməkdə çətinlik çəkən birisi idi. Kənardan çox soyuqqanlı görünüşü olsa da, onun daxili dünyasına girmək lazım idi. Ondan sevgi görmək üçün onu sevmək, əzizləmək, ona qayğı göstərmək lazım idi. Yunis mənə olan sevgisini hər zaman doyunca dilə gətirirdi və bundan zövq alırdı. Nəhayət 2020-ci il sentyabr ayında biz evlənmək qərarımızı ailələrimizə açıqladıq.
Sentyabr ayının 24-də Yunisin ad günü idi. Müharibəyə getməyinə 3 gün qalmışdı. Biz birlikdə restorana getdik, onun ad gününü qeyd etdik, hədiyyə olaraq ona köynək almışdım. Həmin günümüz də həmişəki kimi çox xoş keçdi. Döyüşə getməyinə bir gün qalmış işdən çıxarkən onu qarşımda gördüm. “Son dəfə səni görməyə gəldim, bəlkə bir də bir-birimizi görə bilməyəcəyik, mənə bir şey olarsa, məni həmişə gözəl xatırla, məni unutma”-dedi. Məni bərk-bərk qucaqladı, dərindən bir ah çəkdi. Həmin günü o qədər ağlamışdım ki..
Amma nədənsə ürəyim çox rahat idi. Sanki sağ gələcəyinə əmin idim.
27 sentiyabr 2020-ci il döyüş başladı. Mənə ilk mesajı “artıq torpaqları alırıq, mənə görə narahat olma, imkan olduqca sənə zəng edəcəm, səni çox sevirəm”-oldu. 44 gün ərzində mənim nələr çəkdiyimi bir Allah bilir. Ondan bir gün xəbər gəlməyəndə özümə gələ bilmirdim. Namazda sevdiyim insana, orda döyüşən qardaşlarımıza ağlaya-ağlaya dua edirdim. Müharibə zamanı Şuşanın azad olunması ərəfəsində Yunisdən yeddi gün xəbər olmadı. Ondan xəbər ala bilmədiyim müddətdə işlədiyim dövlət müəsisəsinin yaxınlığındakı yaşayış evlərindən birinə Şəhid cənazəsi gəlmişdi. Mən pəncərədən baxırdım. Necə ağır gün idi. Necə dəhşət səhnə idi. İlk dəfə idi bu qədər izdihamlı cənazə görürdüm. Yunis gözümün önünə gəldi. Sanki ürəyim yerindən çıxırdı. Həmin günü çox ağlamışdım. Yunis fürsət olduqca mənə zəng edirdi, mesaj yazırdı, mənə təsəlli veirdi. “Gələcəm, az qaldı, sənin üçün çox darıxmışam”-deyirdi. Ondan xəbər çıxmadığı müddətdə, Yunis 6-8 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlər zamanı ayağından yaralanmışdı, iki dəfə yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməmişdir. O Zəfər gününə qədər döyüş yoldaşlarını tərk etməmişdir. 9 noyabr 2020-ci il tarixində yarasının ağır olması səbəbindən və artıq Şuşa şəhərinin işğaldan tam azad olduğuna əmin olduqdan sonra təxliyyə olunmuşdur. Nəhayət 9 noyabr tarixində mənə zəng etdi, mən sevincimdən ağlayırdım, o isə mənə gülürdü. Onun səsini eşitdiyim üçün çox xoşbəxt idim. Mən onun yaralanmasından bir ay xəbərsiz olmuşdum. Onun yaralandığını mən bilməyim deyə hər kəsi tənbeh etmişdi. Çünki Yunis bilirdi ki, o mənim ən həssas yerimdir. Xəstəxanada olduğu müddətdə biz ancaq telefonla danışırdıq, mənə Şuşada olduğunu deyirdi. Müharibədən sonra ilk görüşümüz düz bir ay sonra oldu. Biz yenə həmişə görüşdüyümüz restoranda görüşdük. Həmin günü o qədər həyacanlı idim. Onu görəcəyimə çox sevinirdim. Yunis içəri girəndə hönkür-hönkür ağladım. Yunisin əynində XTQ forması vardı, çox arıqlamışdı, üzü çox tüklü idi. İlk dəfə idi Yunisi belə baxımsız halda görürdüm. Restoranda oturan digər şəxslər onun müharibədən gəldiyini anlayıb, onlar da bizi göz yaşları ilə izləyirdilər. Restoranın rəhbərliyi bizim masaya hədiyyə olaraq, üzərində ürək rəsmi olan iki coffe və ürək formasında olan iki tort göndərdi. Mən hələ də ağlayırdım, Yunis isə mənim əllərimi öpərək, gülə-gülə məni sakitləşdirirdi. Müharibədə yaralandığını, bir ay xəstəxanada yatdığını da mənə orada dedi. Onun sağ-sağamat qayıdışına çox sevinirdim. O mənə Allahın ən gözəl payı idi. Həmin günü “dur gedək nişan üzüyü alaq”-dedi. Getdik nişan üzüyü aldıq. 11.12.2020-ci il tarixində bizim nişanımız oldu. Biz yeddi ay nişanlı olduq. Bu müddətdə biz daha çox bir-birimizi tanıdıq, daha çox sevdik.
Yunis həmişə, hər şeyin ən gözəlini etməyə çalışırdı. Hər kəs üçün can yandırırdı, hər kəsin hər problemini Yunis həll edirdi. O özündən başqa hər kəsi düşünürdü. Mən onunla evlənmək qəranına gələndə onun maddi baxımdan heç nəyi yox idi. Amma onun çox zəngin qəlbi var idi, mən məhz onun bu qəlbinə, şəxsiyyətinə aşiq olmuşdum. Yunis pis vərdişlərdən, pis xasiyyətlərdən uzaq biri idi. Yunisin bir insanda ən sevmədiyi xüsusiyyət lovğalıq, yalançılıq, xəbərçilik, haqqa girmək idi. Bir insanda görmək istədiyiniz yüksək keyfiyyətlərin hamısı Yunisdə var idi.
Nəhayət 18.07.2021-ci ildə bizim toy şənliyimiz baş tutdu. Biz bu şənliyə daha çox sevdiyimiz dostlarımızı çağırmaq qərarına gəldik. Şənliyin böyük bir hissəsini gənclər təşkil edirdi. İlk öncə çox həyacanlı olsaq da, toyumuz çox maraqlı və şən keçdi. Bizim toyumuz vətənpərvər ruhda keçdi. Toyda Yunisin döyüş yoldaşları, dostları çoxluq təşkil edirdi. Onlar oynamaq üçün səhnəyə çıxanda hərkəs onları alqışlayırdı. Toy günü maraqlı anlarımız çox oldu. Heç unutmaram restorana girməmişdən öncə Yunis ilk bəy-gəlin rəqsini etməmək üçün məni dilə tuturdu. “Söz verirəm sənə maşın alacam, amma rəqs etməyək, utanıram”-deyirdi. Mən isə gülürdüm. Rəqs zamanı gülərək “elə də çətin deyilmiş, yaxşı ki, razılaşmadın, yoxsa maşın əldən gedərdi”- deyirdi. Yunis rəqs etməyi sevmirdi, rəqs etdiyi ilk toy da onun öz toyu idi. Biz 14 ay evli olmuşuq. Mən 14 ay sanki bir mələklə yaşamışdım. Xoşbəxtliyimiz qısa olsa da, mən onunla çox xoşbəxt olmuşam. Bizim gözəl ailəmiz olub. Biz çox mehriban olmuşuq. Yunis evdə olanda iş görməyimi istəmirdi. Mən onun yanında oturmalı idim, onunla maraqlanmalı idim, onunla söhbət etməli idim. O, ailə ilə vaxt keçirməyi, gəzməyi sevirdi. Mən ancaq Yunisin sevdiyi yeməkləri bişirirdim, o mənim yeməklərimi çox bəyənirdi. Ən sevdiyi yemək yarpaq dolması idi, ən sevdiyi içki gilənar kompotu, ən sevdiyi şirniyyat limonli rulet idi, ən sevdiyi meyvə qarpız idi. İndi hər dəfə bu yeməkləri görəndə onun necə həvəslə yemək yeməyi yadıma düşür. Yeməkdən sonra mütləq maraqlı bir kinoya baxırdıq. Mən onu xoş sözləri və xoş davranışı ilə xatırlayıram. Mən onu hər keçən gün daha çox sevirdim. Yunisin ən xoşbəxt günlərindən biri də, övladının olacağını ona xəbər verdiyim gün idi. Həmin günü dənizə getmişdik. Ona bu xəbəri orada demişdim. Həmin an o qədər xoşbəxt idi, uşaq kimi sevinirdi. Yunis üçün ailədən dəyərli dünyada heçnə yox idi. Hələ dünyaya gəlməmiş övladını hər gün ana bətnində əzizləyirdi, onunla söhbət edirdi. Həmişə deyirdi, siz varsınız deyə, mən çox şanslıyam. Nə qədər gücsüz, zərif və zəif görsənsəm də, onun güvəndiyi insan mən idim. Həmişə deyirdi həyat çox qısadır, insanlar bir-birini incitməməlidir, bir-birinin qədrini bilməlidir. O hər şeyin qədrini, qiymətini bilən, hər halına şükür edən biri idi.
Yunis haqqında danışmaq mənə çox çətindir, susmaq da çox çətindir. Yunis bir gənc kimi sağlığında da hər kəsə nümunə olub. Ölümündən sonra Yunis haqqında Yunisi tanımayanlara danışmaq mənə rahatlıq verir. Mən onun haqqında həmişə qürurla danışmışam. Yunis haqqında paylaşdığım məlumatları görənlərin ona rəhmət diləməsi, onun ruhuna dualar edilməsi mənə rahatlıq verir. Əgər onun həyatından, ömür yolundan kimsə nümunə götürüb doğru yola gəlirsə, bu çox müsbət haldır. Mənim həyat yoldaşım yaxşı vətəndaş, yaxşı insan, yaxşı övlad, yaxşı qohum, yaxşı dost, yaxşı ata, yaxşı həyat yoldaşı, yaxşı Allah bəndəsi idi. O, çox Allaha bağlı idi. O, yatanda belə barmağı ilə şəhadət tutub yatırdı. Döyüş yoldaşlarının sözünə görə Yunis Şəhid olanda belə səcdə vəziyyətində olub, yenə də barmağı ilə şəhadət tutaraq Şəhid olmuşdur. Hər gecə yatağına uzananda Allaha şükür edərdi. Bir dəfə mən çox ağır xəstələnmişdim. Gecələr gözümü açırdım ki, Yunis saçımı sığallayaraq mənə dua edirdi. Hər gün başını yastığa qoyanda “sizi verənə şükür, nə yaxşı ki, siz varsınız, sizi çox sevirəm, Allah mənim ömrümü sizə versin deyirdi”. Yunis, bilərəkdən və ya bilməyərəkdən mənə çox şey nəsihət və vəsiət etmişdi. Biz Yunislə evli olmağımıza baxmayaraq, mən heç vaxt onun qazancını ondan xəbərsiz xərcləməzdim. Həmişə ona hesabat verməyimə əsəbləşirdi. Yunis ölümə imza ataraq ruzi qazanırdı. Ona görə mən onun qazancını xərcləyə bilmirdim. Övladımız dünyaya gəlməmişdən bir gün öncə təhlükəli əməliyyatlara gedəndə mənə vəsiyyət yazdığını bildirdi. O sanki ölümü hər an xatırlayırdı. Sanki bu günləri yaşayacağımı bilirdi. Yunis bir gün bir türk filmində cənazə səhnəsini gördü, dərin bir baxışla-“mənim başıma bir iş gəlsə, mənim məzarıma sinə daşı qoydurmazsan və məni Bakıda dəfn edərsən”-dedi. Mən onun məzarına sinə daşı qoydurmadım. Onun bircə bu vəsiyyətini yerinə yetirə bildim. Yunis Qazax rayonu, Kəmərli kəndində dəfn olundu. Onun məzarını istədiyim anda ziyarət edə bilməmək, övladını onun məzarına apara bilməmək mənə çox pis təsir edir. O zaman onun bu sözləri mənə adi gəlirdi. Ona əsəbləşirdim, ölüm haqda danışmağını istəmirdim. Axı o cavan idi. Ölümdən danışmaq, vəsiyyət etmək üçün çox tez idi. İndi mən narahat olanda, üzgün olanda, ağlayanda, əsəbi olanda Yunis mənim yuxuma girir. Sanki həmin mövzudan xəbərdar kimi mənə təsəlli verir. O, tez-tez yuxularıma gəlir. Yunis yeni şəhid olanda hər gün ağlayırdım. Ağrım sözə sığmırdı. Deyirdim: kaş yaralı da olsa, onu bir anlıq sağ görərdim, Kaş gözünü yummadan son dəfə görə bilərdim. Axı mən onu sağ-salamat yola salmışdım. Son dəfə, yaralı da olsa, gözlərimlə görmək istəyirdim. Bu arzumu Allaha yalvarış kimi, bəzən üsyan edərək deyirdim, insan kimi acizliyimlə dilə gətirirdim. Bir neçə gün sonra Yunisi yuxumda gördüm. Yaralı idi. Üzü gərgin, baxışları əsəbi idi. Mənə dedi: “Sən niyə belə şey arzulayırsan? Sən dedin deyə mən gəldim. Məni belə görmək istəyirdin? Bax, nə halda gəlmişəm.” Yuxuda ağlayırdım. Dedim: “Yox… səni belə görmək istəmirəm.” O an içimdə nəsə qırıldı, amma eyni zamanda nəsə yerinə oturdu. O yuxudan sonra bir daha o cümləni dilimə gətirmədim. Anladım ki, insan bəzən ağrının içində nə istədiyini də bilmir. Bəzi ayrılıqlar yaralı görməyə deyil, uca xatırlamağa layiqdir. Yunis mənim yaddaşımda yarası ilə qalmalı deyilmiş.
O gündən əminəm ki, onun ruhu həmişə bizim yanımızdadır. Bir gün yaşadığımız evdə Yunis hava almaq üçün pəncərəyə yaxınlaşmışdı. Mənzil 14-cü mərtəbədə yerləşdiyi üçün hər dəfə Yunis pəncərəyə yaxınlaşanda mən qorxurdum. Özümdən qeyri-ixtiyari ona qışqırdım, pəncərədən uzaq durmasını deyirdim. O isə gülərək yanıma gəldi, məni qucaqladı. “Noldu, ömrüm? Qorxursan ki, yıxılıb ölərəm?”-dedi. Ardınca “mənə bir şey olmaz, həm qismət, qədər deyilən bir şey var, buna inan”-dedi. Mən isə “Allaha and olsun sənə bir şey olsa özümü öldürərəm”-dedim. O, bu sözümə çox əsəbləşdi. Mənə “ölüm bilirsən nə deməkdi?”-dedi. “Sanki biz bu otaqda qonağıq, əvvəl-axır öz evimizə getməliyik. İkimizdən biri o birini öz əbədi evimizdə gözləyəcək”-dedi. “Bunun üçün Allaha qarşı çıxmaq olmaz, Allah verən ömrü laiqincə yaşamaq lazımdır”-dedi. Hər zaman dediyi bir söz var idi. “Əgər bir gün səni vaxtsız tərk etsəm, heç kimi yaxınına buraxma və heç kimin yanında ağlama, kənardan yazıq görkəmi alma, güclü ol, qoy desinlər ki, Yunisin yoldaşı Yunisdən də mərddir”. Qəlb yananda əlbəttə gözlərdən yaş axır. Sevdiklərim pis olmasın deyə, düşmənlərim sevinməsin deyə üzüntümü heç kəsə göstərməməyə çalışıram. Heç kimə neqativ enerji verməyi sevmirəm. Yunis Şəhid olandan sonra kövrəkliyim azalıb, onun yoxluğu sanki məni daşlaşdırıb, göz yaşım belə quruyub. Bunun səbəbini bir psixoloqa sual verdim. O isə “yəqin Yunislə bağlı heç bir peşmançılığın yoxdur, vicdanın rahatdır”-dedi. Əslində həqiqətən də belədir. Düşünürəm ki, insanlara sağlığında dəyər vermək lazımdır. Mən ona sağlığında dəyər verdim. Yunis bir an belə mənim ağlımdan çıxmır. Hər an onu düşünürəm, onun üçün çox darıxıram. Darıxmaq yalnız kədər deyil, həm də sevgidir. Hər an onun xatirəsi ilə nəfəs alıram, övladımıza baxarkən onun ruhunu hiss edirəm. Gecələr onun yoxluğunu daha dərindən duyuram, hər ulduza baxanda onun gözlərindəki işığı xatırlayıram.
Hər an sadəcə onun ruhuna dua edirəm. Çünki, əlimdən başqa bir şey gəlmir. Hər ay öz maaşımdan ayırıb onun üçün kasıb ailələrə ehsan verirəm. Bunlar mənə təsəlli və rahatlıq verir. Yunis bizə az ömründən böyük sevgi vermişdi. Mən də ona olan sevgimi bu cür yollarla çatdırıram. Onunla bağlı bir dənə belə pis xatirəm yoxdur. Hərdən düşünürəm, kaş Yunis mənə qarşı pis olardı. O zaman bəlkə onun yoxluğuna bu qədər yanmazdım. Sonra düşünürəm axı o pis olsaydı mənim həyat yoldaşım ola bilməzdi. Ən böyük təsəllim atasına çox bənzəyən körpəmdir. Hər gecə ona sarılıb yatıram. Yunisin qoxusunu balamızdan almağa çalışıram. Mən Yunisi ancaq xoş xatırlayıram.
Yunis çox uşaq sevər insan idi. Övladı Əlini o qədər çox sevirdi, o qədər əzizləyirdi, sanki illərlə övlad həsrəti çəkən insanlar kimi idi, həmişə övladının qoxusunu içinə çəkirdi. Bütün şəkillərdə, videolarda ancaq övladını qoxlayırdı. Hər gün bizi öpüb, qucaqlayıb işə gedərdi. Yunis çox mədəni, tərbiyəli, alicənab, böyüyə kiçiyə davranışı ilə seçilən biri idi. Döyüş yoldaşları onun işdə çox məsuliyyətli,nizam intizamı və ciddiliyi ilə seçildiyini bildirirdilər. Onun döyüş yoldaşları arasında ləqəbi “Əqrəb” idi. Tutduğunu qoparan mənasında yoldaşları ona belə deyirmiş. Mən ona işi barədə sual verməzdim, versəm də o, cavablandırmazdı. Bir gün ona müharibə ilə bağlı sual verdim. Dedim heç ölümdən qorxduğun an oldumu? O isə mənə cavabında “orda yaşadıqlarımız, gördüklərimiz çox ağır idi, qucağımızda cavan qardaşlarımız Şəhid oldu, hələ də özümə gələ bilmirəm”-dedi. “Amma bir an belə döyüş yoldaşlarımı köməksiz buraxmamışam, xoşbəxtəm ki, mənim başım döyüş yoldaşlarımın, Şəhid qardaşlarımın yanında ucadır, mənim o döyüşdə əziyyətim çox olub, mən Allah üçün, millətim üçün döyüşmüşəm, torpağım üçün, haqq üçün döyüşmüşəm, mənim həqiqi mükafatımı Allah versin”-dedi. Bəlkə də onun Allahdan ən böyük mükafatı belə şərəfli ölüm, Şəhidlik idi. Mənim dinli, imanlı yoldaşım, Yunis müharibədə belə namazından bir gün qalmamışdı. Ən ağır təlimlərdə belə namazını qılardı. İşdən nə qədər yorğun gəlsə də, o mütləq namazını qılardı. Hərdən o qədər yorğun olurdu əyilə bilmirdi, namazını oturaraq qılardı. Mən ona heyranlıqla baxırdım.
Yunisin dostları çox idi, Yunisin ən yaxın dostları əsasən döyüş yoldaşları idi. Onun ölümündən sonra onun necə sadaqətli dostları olduğunu gördüm. Dostlar və həyat yoldaşı insanların öz seçimidir deyə, insan hər zaman özünə yaraşan insanları seçir. Yunisin bütün dostları ona doğmadan doğma idi. Yunisin ölümündən sonra onun yaxın dostlarından biri Nurlan, yeni dünyaya gələn körpəsinə Yunisin adını qoydu. Nurlan, Yunisin sağlığında oğluna Yunisin adını qoyacağını deyirmiş. Bu iki dost bir-birinə çox bağlı idi. Asanlıqla sevgisini dilə gətirməyən Yunis həmişə Nurlana olan sevgisini dilə gətirirdi. İndi Nurlan Yunisin təsəllisini öz balası balaca Yunisindən alır. Nurlanın körpəsi bizim ilk körpə Yunisimizdir. Ondan sonra neçə-neçə dünyaya gələn körpələrə Kazımov Yunisin adı qoyulub.Yunisin tabeliyində olan əsgərlər və onunla birgə xidmət edən dostları onun mərhəmətini və xeyirxahlığını hər zaman böyük bir qürurla xatırlayır. O, yalnız bir komandir deyil, həm də bir dost, bir qardaş idi. Onun əsgərlərinə olan qayğısı, hər birini bir fərd olaraq dəyərləndirməsi onların ürəyində əbədi iz qoyub. Yunisin şəfqəti və insanlığı onun tabeçiliyində olan hər kəsi təsirləndirirdi. O, çətin anlarda belə əsgərlərinə dəstək olur, onların rifahını düşünürdü. Hər bir əsgər onun yanında özünü güvənli və dəyərli hiss edirdi.
Onun xatirəsi, dostluq və sadiqlik simvolu olaraq hər zaman yad ediləcək. Yunis, həm döyüşdə, həm də gündəlik həyatda sadiq bir dost, mərhəmətli bir insan kimi həmişə xatırlanacaq.
Yunisin evdən son gedişi 31.08.2022-ci il tarixində olub. Hər zamanki kimi evdən 05:30-da çıxdı. O evdən çıxarkən elə bilirdi ki, həmin günü evə qayıdacaq, o özü də həmin günü təlimə gedəcəyini bilmirdi. Onu hər zamankı kimi gülə-gülə yola saldım. Əli yatırdı, onu yatağında çoxlu öpdü, qucaqladı və getdi. Günorta zəng etdi ki, biz təlimə gedirik. Şəhid olan günə qədər tez-tez görüntülü zənglərlə danışırdıq. Mən Əli ilə şəkillərimizi ona atanda pis olduğunu, darıxdığını deyirdi. Görüntülü danışanda uşağı görüb kövləlirdi. 12 sentiyabr tarixində bizim son danışığımız, son zəngimiz, son mesajımız olub. Ən son mesajı isə “Gecəniz xeyrə qalsın, ömrüm. Sizi çox sevirəm” oldu. 13 sentyabr səhər saat 05:00 iradələrində Yunis, düşmən təxribatının qarşısını alarkən Kəlbəcər rayonunda Şəhid olmuşdur. Həmin an mən yuxudan təlaşla ağlayaraq durmuşdum. Bizim aramızda həqiqətən də, bilinməyən güclü bir bağ var idi. Sanki mən onun vurulma anını öz bədənimdə həmin hiss etdim. Sanki ürəyim parçalanırdı. Yunisə zəng etdim, mesaj yazdım. Cavab vermədi. Sonra valideyinlərinə zəng etdim. Yunisdən bir xəbər alıb sakitləşmək istəyirdim. Yenə bir xəbər çıxmadı. Yunisin bir neçə dostunun evdə telefon nömrəsi var idi. Dərhal onlara zəng etdim. Onlar da Yunisdən xəbərsiz idi. Günorta saat 15:00 iradələri idi. Yunisin valideyinləri mənim ailəmə Yunisin Şəhid olma xəbərini demişdi. Atam və anam bizə gəldi. Yunisin yaralandığını, xəstəxanada olduğunu dedilər. Həmin an sadəcə Yunis... deyib qışqırırdım. Bir an öncə onun yanına getmək istəyirdim. Hər kəs Yunisin Gəncədə olduğunu, vəziyyətinin ağır olduğunu deyirdi. Mənə onun Şəhid xəbərini ani verməməmk üçün gizlədirdilər. Amma Yunis vurulduğu anda Şəhid olmuşdu. Bu xəbəri mənə heç kim verə bilməmişdi. Mən Yunisin Şəhid olma xəbərini onu xəstəxanalarda yaralı olduğunu ümid edərək axtara-axtara öyrəndim. Gəncədə mən yaralı Yunis axtarırdım.Heç kəs onun nəşinin Gəncədə hansı xəstəxanada olduğu bilinmirdi. Hər kəs onun nəşini axtararkən, mən onu yaralı bilib axtarırdım. Bir neçə xəstəxanaya getdim. Heç yerdə onu tapa bilmədim. Allaha dua edirdim ki, sadəcə nəfəs alsa belə razıyam, iki qolu, iki ayağı olmasa belə razıyam, son nəfəsimə kimi ona baxacaqdım. Sadəcə bunu dua edirdim. Atam, anam, qardaşlarım sadəcə susurdu. Mən isə başı havalı xəstəxanaların qapısından işəri keçib onu tapmaq istəyirdim. Ən son Gəncə şəhəri, Çiçək qəsəbəsində yerləşən xəstəxanaya getdik. Yunisin orda olduğunu bildirdilər. Yanımdan sadəcə Şəhid cənazələri gedirdi. Həmin günü 80-dən çox Şəhidimiz olmuşdu. Xəstəxananın daxilinə girmək istəsəm də, polislər buna icazə vermirdi. Mən onun sağ olduğunu, ağır yaralı öolduğunu gözləyirdim. Polislər məni saxlaya bilmədi, məni xəstəxananın içinə aparacaqlarına söz verdilər. Xəstəxananın qarşısı çox izdihamlı idi. Məni içəri buraxdılar. Mən sadəcə Yunisim deyib qışqırırdım. Ürəyim çox yanırdı. Qışqıraraq dua edirdim. Mən içəri keçəndə Yunisin qohumlarından biri qabağıma çıxdı, “Yunisin cənazəsini gətirirlər”-dedi. O, elə bilirdi ki, mən Yunisin Şəhid olduğunu bilirəm. Mən onun Şəhid olma xəbərini orda aldım. Həmin an mənə bu xəbəri verən qohumunu qışqıraraq sinəsindən vururdum, həmən sonra bütün bədənim qıc oldu, artıq beynim və bədənim heç nə hiss etmirdi. Həkimlər bədənimin hər yerindən iynə vururdular. Ayıldım və sadəcə Əlini istədim, onun yanına getdim. Anam, Əlini sakitləşdirə bilmirdi. Sanki o da atasının Şəhid xəbərini almışdı. Maşına oturdum. Allaha dua edirdim ki, bu sadəcə yuxu olsun. Ağır iynələrin təsirindən yuxuya getdim. Yuxumda Yunisi gördüm, yuxumda Yunis Əlinin və mənim ayağıma ağ rəngdə ayaqqabı geyindirirdi. Yolda dəfələrlə özümü öldürməyə cəhd edirdim, ölmək istəyirdim. Ailəm buna mane olurdu. Gecə saat 1-2 radələrində Yunisin cənazəsi kəndə gətirildi. Çox dəhşətli bir an idi, sanki yer, göy mənim üçün ağlayırdı. Nə etdiyimi, nə dediyimi xatırlamıram, sanki ağlım özümdə deyildi. Həmin an ölmək istəyirdim. Mənim canımdan çox sevdiyim insan həyatda deyildi, başımı qoyduğum çiyin, saçımı oxşayan əllər artıq yox idi. Üzümün gülüşü, ürəyimin sevinci həyatda deyildi. Mənim cavan yarım, mənim yaraşıqlı yarım artıq Şəhid olmuşdu. Gülən gözlərim, sevinən ürəyim qan ağlayırdı. Cənazə gələndən bir neçə saat sonra bütün israrlara rəğmən mən onun cənazəsini açdım. Həyatımda ilk dəfə idi bir insanın nəşini görürdüm. O da mənim canımdan əziz həyat yoldaşımın cənazəsi idi. Onunla son dəfə vidalaşmaq istədim. Cənazəni açdım. Onu saçından ayaqlarına qədər öpdüm, qucaqladım, qoxusunu içimə çəkdim. Onun yarasını əllərimlə sığalladım, öpdüm. Bədənində sadəcə bir güllə yarası var idi. Sanki dərin bir yuxuya geymişdi, üzündə mülayim təbəssüm var idi. Mərhəmətli, günahsız yarım əbədi olaraq gözlərini yummuşdu. Tabutu da ona dar gəlirdi. Onun ölümündən bir gün keçməsinə baxmayaraq, nəşindən gül iyi gəlirdi. Deyirdilər, Şəhidlərdən gül iyi gəlir və mən buna özüm şahid oldum. Ondan həqiqətən də ağ qızıl gülün iyi gəlirdi. Onun cənazəsinin başından bir an ayrılmadım, tabutunu əzizləyə-əzizləyə onu yola saldım. Ürəyimdən keçən sözləri ona dedim. Yunisin cənazəsi çox izdihamlı idi. Onu tanıyan, tanımayan hər kəs orda idi. Hər kəs onun üçün ağlayırdı. Çünki o sağlığında özü o hörməti qazanmışdı. Mən ona ancaq belə şərəfli ölüm yaraşdırırdım. O, çox şərəfli, qeyrətli ömür yaşadı. Yunis dəfn olunan günə qədər mən məzarlıqdan çox qorxurdum. Yunisin dəfnindən sonra məzarlığa səhərlər və gecələr tək qalxırdım. Sadəcə onunla danışmaq istəyirdim. Onun orada, qara torpaqda yatmağını həzm edə bildirdim. Onu məzarlıqda görmək məni çox yandırırdı.. Nə edəcəyimi bilmirdim. Heç nədən təsəlli ala bilmirdim. Günlərlə yemək yeyə bilmirdim. Onun yoxluğunun acısını içimdə dindirə bilmirdim. Hər kəsin sözü mənə iynə kimi toxunurdu. Heç kəsi görmək istəmirdim, sadəcə Yunisimi, yarımı istəyirdim. Yunissiz necə yaşayacağımı təsəvvür edə bilmirdim, övladım belə mənə təsəlli deyildi. Kimsə mənə “Allah rəhmət etsin” deyəndə əsəbləşirdim. Yunis yeni dəfn olunmuşdu. Gecə güclü yağış yağırdı, şimşək çaxırdı. Mən yatmışdım və həmin an yuxuda Yunisi görürdüm. Şimşəyin səsinə yuxudan ayıldım. Ağlaya-ağlaya çölə qaçdım. Ürəyim dözmürdü, mənim cavan yarımı qara torpaq və yağış suyu yeyirdi.
Mənim cavan yarım Yunisin çox arzuları yarım qaldı. Məni üzən an çətin məqamlardan biri onun telefonunu açdığım an oldu. Şəhid olmamışdan öncə, gecə saat üçdə Yunis mənə zəng edib, lakin onun telefonunda şəbəkə olmadığından mənə zəng gəlməmişdi. Bunu görəndə mən çox pis oldum. Onun mənə deyə bilmədiyi son sözü var idi. Hər gün özüm-özümə sual verirəm. Görəsən mənə nə deyəcəkdi? Daha sonra onun telefonunda şəkillərə baxarkən şəkil formatında duaların olduğunu gördüm. Bu şəkillər Yunisin telefonundan həmin gecə skrin edilmişdi. Dualarda bunlar yazılmışdı. “Ey Allahım, Sənin rəhmətinə sığınıram. Mənim işlərimi düzəlt. Məni göz açıb-yumana qədər nəfsimə və təslim etmə. Ürəyimə genişlik ver, işlərimi rahatlaşdır”. Mənim vaxtsız dünyanı tərk edən yarımın son duası bunlar olub. Əmin oldum ki, Yunis də ölmək istəməyib, məni yolun başlanğıcında qoyub getmək istəməyib, balasını atasız qoyub getmək istəməyib. Allahdan sadəcə səbr istəyirəm. Onun yoxluğuna dözə bilmək üçün Allahdan özümə güc arzu edirəm.
Yunisin həyatdan gözləntiləri çox idi — adi arzular deyildi, kökü sevgi olan, gələcəyə bağlanan arzular idi. O, yaşamaq istəyirdi. Yaxşı yaşamaq. Övladını böyütmək, ona arxa-dayaq olmaq, onu düzgün yolda görmək istəyirdi. Oğluna rahat, ləyaqətli həyat arzulayırdı; yaxşı evi olsun, yaxşı işi olsun, alnıaçıq, başı dik yaşasın deyə xəyal qururdu. Maşın arzusu vardı, ev arzusu vardı, amma bütün bu istəklərin mərkəzində bircə şey dayanırdı — Əli. Ən böyük arzularından biri oğlunun idmançı, güclü, qüvvətli olması idi. Çünki özü də zamanında sərbəst güləşlə məşğul olmuşdu, gücün təkcə bədəndə deyil, iradədə olduğunu bilirdi. Deyirdi ki, oğlum zəif olmasın, həyatın qarşısında sınmasın. Yunisin xəyalları çox idi, dilə gətirdiyi arzular saf idi, səmimi idi. Hər gün bir həyəcanla soruşurdu: “Görəsən Əli mənə necə ‘Ata’ deyəcək?” . Əli Yunisə çox bənzəyirdi. Yunis buna möcüzə kimi baxırdı, təəccüblənirdi, sevinirdi. Elə bil Allah ona öz surətini əmanət etmişdi. Həyatımızın ən xoş, ən işıqlı günlərindən biri Əlinin dünyaya gəldiyi gün oldu. Bu müqəddəs birliyin meyvəsi kimi Əli dünyaya gəldi və onun gülüşü, həyatımızın ən böyük sevincidir. O gün Ramazan bayramı idi. Əli dünyaya gələn kimi onun videosunu Yunisə göndərdim. O videodan sonra yazdığı mesaj olduğu kimi qeyd edirəm: “Şükürlər olsun, ömrüm bu günümüzə. Şükürlər olsun bu mübarək gündə sən məni ata elədin. Səni çox sevirəm. Sevincimdən heç kimin telefonunu aça bilmirəm.”
Xəstəxanadan çıxanda Yunis bizi qarşıladı. O qədər həyəcanlı idi ki, aldığı gülü mənə vermək belə yadından çıxmışdı. Uşağı qucağına aldı, dəhlizdə oğlunu öpə-öpə, qoxlaya-qoxlaya gəzir, sanki dünya o an yalnız onlardan ibarət idi. Üzündə elə bir ifadə vardı ki — həm kişi idi, həm uşaq, həm ata, həm sevincin özü idi. Evə çatanda oğlunun qulağına azan oxudu, adını pıçıldadı, dualar etdi. Əlinin adını Yunis özü qoydu. Sevdiyi, aşiq olduğu Həzrəti Əlinin adını… Bu ad onun üçün həm iman idi, həm yol, həm də ümid.
Yunis şəhid olanda Əli cəmi dörd aylıq idi. İndi üç yaşı var. Atasını soruşur. “Ata Allahın yanındadır” deyirəm. Cavab verir: “Gəlin gedək, atamı gətirək.” Bir gün yenə Yunisi ziyarətə gedəndə dedi: “Mənim atam niyə burdadır?” Dedim: “Ata Allahın yanındadır”. Dedi: “Yox, bax ata torpaqdadır.” Uşaq ağlı ilə həqiqəti torpaqdan axtarır. Harada şəhid şəkli görsə deyir: “Bu əmi atamın dostudur.” Yunisin əşyalarını saxladığım çamadanları açıb ona göstərirəm. Onun bütün şəxsi əşyalarını saxlayıram. Hər geyimi, hər kiçik əşyası, hər xatirəsi mənim üçün bir xəzinədir. Onlara toxunduqca onun varlığını, səsini, gülüşünü hiss edirəm. Bu əşyalar onun yoxluğunu doldura bilməsə də, ürəyimdə onun izini yaşadır, onun üçün darıxmağımı bir az da yüngülləşdirir. Hər əşya mənim üçün yalnız xatirə deyil – onunla bağlı bütün sevgimizi, fədakarlığını, şən zarafatlarını, mərdliyini yaşadan bir körpüdür. Onlara baxanda, sanki bir anlıq yanında olduğuna inanıram. Onun yoxluğu acıdır, amma bu əşyalar onun ruhunu mənimlə saxlayır, onu hər an hiss etməyə imkan verir. Əli Yunisin bütün əşyalarını tanıyır. Telefonda səsini dinlədirəm. Atasının səsini tanıyır. Ata haqqında danışanda sualları çox olur. Mən isə hər cavabda bir az sınır, bir az susuram. Bəzən mövzunu dəyişirəm, çünki bəzi həqiqətləri demək üçün söz tapılmır. Başqa uşaqlar “ata” deyəndə, o utana-utana mənə baxır: “Mənim atam hanı?” Deyirəm: “Göydədir, ayın, ulduzların yanındadır, səni görür.” İnadla deyir: “Gəlsin dəəə ata…” O an anlayıram ki, şəhidlik böyüklər üçün qürurdur, uşaqlar üçün isə izahsız bir boşluq. Amma bilirəm — zaman gələcək, Əli böyüyəcək, həyatı dərk edəcək və atası ilə fəxr edəcək. Yunisin həyat yolu ona nümunə olacaq. Onun şərəfli adı, şəxsiyyəti, qeyrəti sağlığında da hər kəsə örnək idi. Ölümündən sonra isə daha da ucaldı. Şəhid övladları — həyatı başlanğıcından itki ilə tanıyan, amma gücü və mərhəməti ürəklərində daşıyan uşaqdırlar. Onlar atalarını tanımadan böyüsələr də, onun adı, sevgisi və şərəfi hər an yanlarındadır. Gözlərində həsrət, ürəklərində qürur var. Onlar təkcə uşaqlar deyil, bir xalqın gələcəyinə bağlanmış ümidlərdir. Onların gülüşü həyatın davam etməsinin işığıdır, amma bəzən o gülüşün arxasında dərin bir boşluq, tükənməz bir sual dayanır: “Atam hardadır?” Bu sual cavabsız qalır, amma uşağın ruhu onu hiss edir, ona bağlanır. Şəhid övladları öyrənir ki, sevgi yalnız yanında olanla deyil, yadigarla da yaşanır. Onlar ata xatirəsini hər oyuncaqda, hər əşyada, hər sözün içində tapır. Onlar tez böyüyür, çünki itkini dərindən duyurlar. Amma hər yaşadıqları dərs onları gücləndirir. Ata haqqında danışanda fəxr edir, onun şərəfli yolunu xatırlayır və böyüyəndə özü üçün də nümunə götürür. Şəhid övladları öyrənir ki, həyat qısadır, amma şərəflə, sevgi ilə, xatirələrdə və izlərdə yaşamaq əbədidir. Atasının şərəfli adı Əlinin bu dünyadakı ən böyük mirasıdır. Maddi heç nə qalmadı bəlkə, amma başı uca gəzə biləcəyi bir ad qaldı. Bəzi insanlar ölümü ilə bitmir — onlar adlarında, övladlarında və geridə qoyduqları işıqda yaşamağa davam edirlər.
Bəzən həyat insana ən böyük dərsləri, ən ağır itkilərlə öyrədir. İnsan elə bilir ki, anlayır, amma əslində dərk etmək üçün müsibətin içindən keçmək lazımmış. Onun gedişindən sonra anladım ki, həyat həqiqətən çox qısadır. Ölüm uzaq bir anlayış deyil, hər kəsin dadacağı bir gerçəklikdir. Və insan bu dünyadan gedəndə arxasında nə qədər yaşadığını yox, necə yaşadığını qoyur. İnsanları yalnız xoş əməlləri, təmiz niyyəti, qırmadığı qəlblər xatırladır. Onun itkisi mənə göstərdi ki, Allahın insana verdiyi ən böyük nemət vicdan rahatlığıdır. İnsan hər şeyi itirə bilər, amma vicdanı sakitdirsə, yenə də ayaqda qala bilər. Buna baxmayaraq, elə anlar olur ki, özümü çox çarəsiz hiss edirəm. Onun yoxluğunda çox incidim, çox da incidildim. Düşünürdüm ki, Yunis sağ olsaydı, bunların heç biri olmazdı. O, məni qoruyardı, arxamda dağ kimi durardı. Amma yaşadıqlarım zamanla artıq məni dağa döndərib. İndi isə özümü yalnız övladımla ovuduram. Onun üçün güclüyəm. Çünki Yunis məni sınmış, ümidsiz görmək istəməzdi. Mənim pis günümü istəməzdi. Bir ana övladına dayaq olmaq üçün, onun dünyasını sarsıtmamaq üçün güclü olmağa məcburdur. Yunisin yarım qalan arzularını yaşatmaq, dediklərini yerinə yetirmək, vəsiyyətinə sadiq qalmaq mənim üçün bir borcdur. Onun ruhunun dincliyi üçün ayaqda qalmaq istəyirəm. Bu yolda ailəmin, dostlarımın dəstəyi mənim üçün böyük dayaq oldu. Onun şəhadəti məni Allaha daha da yaxınlaşdırdı. Ölüm qorxum azaldı, dünya gözümə başqa cür göründü. Məni yoran insanlardan uzaq durmağı, vaxtımı məni sevənlərə sərf etməyi, ən əsası isə çiynimi özümə söykəməyi öyrəndim. Başımıza gələn hər şeyin bir alın yazısı olduğunu qəbul etdim.Yunis şəhid olmamışdan bir ay əvvəl Türkiyəyə təlimə getməli idi. O, kursdan imtina etmişdi, mənim xəbərim yox idi. Sonra dedi: “İki aylıq kurs idi, getmədim. İnşallah martda bir yerdə gedərik, Əli də bir az böyüsün.” Səbəbini soruşanda bizdən uzaq qalmaq istəmədiyini, darıxdığını söylədi. Bu sevgiydi — səssiz, iddiasız, amma dərin. Bəzən düşünürəm, kaş gedərdi… bəlkə indi sağ olardı, yanımızda olardı. Amma sonra anlayıram ki, insan taleyindən qaça bilmir. Qismət nədirsə, onu yaşayır. Bəzi insanlar gedir, amma varlığı ömür boyu insanın içində yaşayır.
Bir qadın üçün yoldaşını vaxtsız itirmək çox çətindir. Bu dil ilə ifadə ediləcək bir hiss deyil. Yoldaşları şəhid olan xanımların zərif və zəif çiyinləri, qəlbi çox yüklüdür. Şəhid yoldaşı statusunu daşımaq həm məsuliyyətlidir, həm ağırdır, həm şərəflidir. Şəhidlərin həyat yoldaşları — səssiz qəhrəmanlar, ürəklərində fırtına, üzlərində sakitlik daşıyan insanlardır. Onlar yalnız bir sevgini deyil, bir vətəni, bir taleyi, bir missiyanı daşıyırlar. Hər səhəri onu xatırlayaraq açır, hər gecəsi üçün dua edərək bitir. Onların gözləri bəzən həsrət, bəzən fəxrlə parlayır. Gülümsəyirlər, amma ürəklərində iz qoymuş boşluğu heç kəs görə bilmir. Hər addımda güc tapırlar, çünki arxalarında ucalan bir xatirə, bir şərəf var. Onlar yalnız ağlamırlar; onlar uşaqlarına dayaq olurlar, ətrafındakılara işıq olurlar, itirdiklərini yaşatmaq üçün hər gün bir qəhrəmanlıq nümunəsi göstərirlər. Şəhid həyat yoldaşları öyrənir ki, sevgi yalnız yanmaq deyil, həm də yanındakı işığı qorumaqdır. Onlar öyrənir ki, ağrı ilə yaşamaq da bir cəsarətdir. Onlar hər gün, hər an, hər nəfəsdə əbədiliklə qarşılaşır, çünki itirdikləri insanı yalnız yaddaşda yox, hər hərəkətlərində yaşadırlar. Onlar sönmür, çünki sevgi ilə yanır, şərəf ilə dayanır, vicdanla yaşayarlar. Onlar yalnız həyat yoldaşını deyil, onun ideallarını, onun arzularını, onun xatirəsini daşıyırlar. Hər gülümsəmələri bir zəfərdir, hər göz yaşı bir dua ilə doludur. Onlar həyatın ən çətin dərslərini öyrənən, amma heç vaxt sarsılmayan qadınlardır — şəhidlərin ruhunun, şərəfinin və sevgisinin ömürlük varisləri. Özünü bir cümlə ilə ifadə et desələr, “Çiynimi özümə söykəməyi öyrəndim” deyərdim. İnsan həyat yoldaşı seçəndə yalnız yaxşı günün həyat yoldaşı deyil, pis gününü də düşünüb yoldaş seçməlidir. Düşünürəm ki, Yunisin ruhu məndən və övladından çox rahatdır. Mən özümü Yunisdən da güclü hiss edirəm. Bu bir xanım üçün çox yorucu, ağır və çətindir. Yunis, Vətənə canı ilə and içmiş bir qəhrəmandır. Yolunu qorxmadan seçdi, adını şərəflə yazdı. Onun gücü yalnız silahında deyil, ürəyindəki vətən sevgisində idi. Bu gün yoxluğu ilə sınağa çəkilirəm, amma adı məni dik saxlayır. Bəzən xatirələr səssizcə gəlir… Elə anlarda Könül Xasıyevanın “Qayıt gəl” mahnısını dinləyirəm. Onu bu mahnı ilə anıram. Ona dua edirəm. Sanki bu mahnı ürəyimin dilidir — demədiklərimi deyir, içimdəki həsrəti səsləndirir. Mahnı bitir, amma onun izi, nəfəsi və mənə verdiyi güc həyatımda yaşamaqda davam edir.
Şəhidlər bu torpağın ən səssiz, ən uca dualarıdır. Onlar ölümlə deyil, imanla yola çıxan insanlardır. Canlarını torpağa verib, adlarını Vətənə əmanət etdilər. Onların gedişi ayrılıq kimi görünür, amma əslində bir millətin başını uca edən zirvədir. Şəhid olmaq seçilmiş taledir. Hər kəs yaşaya bilər, amma hər kəs bu cür yaşayıb bu cür gedə bilməz. Onlar qorxunu ürəklərində susdurub, haqqı seçdilər. Şəhidlər torpağa düşəndə Vətən dirilir. Onların qanı ilə azadlıq yazılır, sabahlar qorunur. Onlar getdilər ki, biz qorxmadan yaşayaq. Adları çəkiləndə səsimiz titrəyir, amma başımız dik qalır. Şəhidlər yalnız bir xalqın qəhrəmanı deyil, hər bir vicdanın, hər bir ürəyin qəhrəmanıdır. Onlar yalnız ölümlə deyil, sevgi, məhəbbət və fədakarlıqla tarix yazdılar. Onların həyatı qısa, amma mənası əbədidir. Hər addımında cəsarət, hər baxışında sədaqət vardı. Onlar getdilər, amma arxalarında bir işıq qoydular — bu işıq yol göstərir, qorxunu qorxmayan sevgi ilə əvəz edir. Şəhidlər bizə öyrətdi ki, əsl qəhrəmanlıq qorxmamaq deyil, qorxu içində doğru olanı seçməkdir. Onların həyat hekayələri hər birimizin vicdanına, hər birimizin ruhuna əbədi dərsdir: insan həyatı qısa ola bilər, amma şərəfli yaşamaq, iz qoymaq və sevilmək əbədidir. Şəhidlərimizi anmaq təkcə göz yaşı deyil, həm də əməldir — onların yolunu davam etdirmək, sevgi və sülh üçün çalışmaq, vətənimizi onların ümidinə layiq yaşamaqdır. Onların ruhu bizimlədir; hər nəfəsdə, hər azad addımda, hər həsrət dolu ürək döyüntüsündə hiss edirik. Onlar getdilər, amma Onların yolu təkcə cəsarətlə dolu deyil, həm də öyrədici bir dərsdir: qorxunu içimizdə boğub haqqı seçmək, sevgi ilə fədakarlığı qarışdırmaq, gələcək nəsillər üçün işıq saxlamaq. Şəhidlər bizə xatırladır ki, hər bir nəfəs qiymətlidir və hər bir seçim mənalı olmalıdır. Onların ruhu bizə yol göstərir. Hər dəfə gözlərimizi yumub onları xatırlayanda, hiss edirik ki, şəhidlər yalnız yox olmurlar — onlar ürəklərimizdə yaşayır, gələcək nəsillərdə davam edir. Onlar bizimlədir, hər nəfəsimizdə, hər ümidimizdə, hər azadlıq anımızda. Onların əzəməti təkcə tarixdə deyil, bizdə, ruhumuzda, yaşadığımız hər günün hər anında əks olunur. Onlar əbədi olaraq qəlblərdə yaşayır, bizə şərəfi, vicdanı, fədakarlığı xatırladır. Onlar getdilər, amma izləri ilə bizə ömürlük yol göstərdilər — bir işıq kimi, bir səs kimi, bir əbədilik kimi əbədiyyətlə qayıtdılar.
Allahdan bütün Şəhidlərimizə, Cənnət mələklərimizə rəhmət diləyirəm. Bütün qazi qardaşlarımıza şəfa diləyirəm. Bütün Şəhid doğmalarına səbir diləyirəm. Mənim bu millətdən və bu dövlətdən bir istəyim var, Şəhidləri unutmasınlar, unutdurmasınlar. Çünki bizim vətənin torpağı Şəhid qanı ilə yoğrulub. Bu torpaqlar uğrunda çox həyatlar yarım qalıb. İnsanlar bu günkü dinc yaşayışını, Şəhidlərə, Şəhid ailələrinə borclu olduqlarını unutmasınlar.
Vətən Sağ Olsun...!!!
Hörmətlə
Zöhrə Kazımova Nemət qızı
Oxunub: 50