dini radikalizm və ekstremizmlə mübarizə

ƏLİYEV ƏLİZADƏ SADAT OĞLU- O, TORPAĞI CANI QƏDƏR SEVİRDİ...


Zəhmət adamlarının həyatında həqiqətən də bir qəribəlik var: onlar çox vaxt gördükləri işləri özləri danışmırlar. Seçdikləri sakit həyat, tutduqları halal əmək yolu, onların gördükləri işlərdən danışır zaman-zaman... Əllərinin qabarı, üzlərinin günəşdən qaralmış rəngi, illərlə çəkdikləri zəhmətin bəhrəsi onların həyat kitabının ən səmimi səhifələridir. Belə insanlar haqqında danışanda halal zəhmətin qüdrətini sözü ilə zirvəyə çəkən dahi Nizami Gəncəvi yada düşür:
“Bacarsan hamının yükünü sən çək, insana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər, sənin də yükünü bütün el çəkər.”
Bu misralarda zəhmətin əsl mahiyyəti var. Əmək insanı həm ucaldır, şəxsiyyət kimi formalaşdırır, cəmiyyət qarşısında dəyərini artırır. Nizami əmək adamının çəkdiyi zəhmətə, onun halal zəhmətlə qazandığı çörəyə böyük qiymət verirdi. “Halal zəhmət itməyib əlləşmək deyil eyib, Tanrı səndən hərəkət, məndən bərəkət deyib” misraları da insanı əməyə, hərəkətə, öz gücünə arxalanmağa çağırırdı.
Əlizadə Əliyevin də 66 illik ömür yolunu varaqladıqca adamın gözləri önünə məhz bu fikirlər gəlir. Çünki o, zəhmətlə yaşayan, zəhməti özünə həyat tərzi seçən insanlardan idi.
Əlizadə Sadat oğlu Əliyev 29 dekabr 1960-cı ildə Cəlilabad şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ilə bağlı olub. Kənd məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1979-1981-ci illərdə sovet ordusu sıralarında, İjevsk şəhərində hərbi xidmət keçib.
Hərbi xidmətdən qayıdandan sonra onu yenidən kənd həyatı, doğma torpaq və əmək gözləyirdi. Bir müddət kolxoz təsərrüfatında pambıq sahələrinin suvarılmasında fəhlə kimi çalışıb. Torpaqla münasibəti də, kənd təsərrüfatının çətinliyi də elə həmin illərdə formalaşıb. Pambıq sahəsində işləmək, suvarma ilə məşğul olmaq, günün istisində, bəzən ağır şəraitdə əmək sərf etmək onun üçün adi iş deyildi. Bu, gələcək peşəsinin ilk böyük məktəbi idi.
Əlizadə Əliyev torpağa bağlandıqca bu sahədə daha çox bilik əldə etmək istəyib. Təhsilini kənd təsərrüfatı istiqamətində davam etdirib, 1985-1987-ci illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda aqronomluq ixtisası üzrə oxuyub. Əmək fəaliyyətinə isə hələ 1985-ci ildən “Şəfəq” kolxozunda pambıqçılıq briqadiri kimi başlayıb. Beləcə, onun ömrünün ən uzun yollarından biri pambıq sahələrindən keçib.
O illərdə Biləsuvar pambıqçılıqla nəfəs alırdı. Pambıq sahələri kənd həyatının əsas dolanışıq yerlərindən biri idi. Torpağın məhsul verməsi üçün nə qədər zəhmət lazım olduğunu Əlizadə Əliyev hamıdan yaxşı bilirdi. O, torpağa yuxarıdan baxanlardan deyildi. Torpağın içindən gəlmişdi. Fəhləlik etmiş, suvarma işində çalışmış, sonra təhsil alıb aqronomluq sənətinə yiyələnmişdi. Ona görə də kənd adamının çəkdiyi zəhmətin qiymətini bilirdi.
Əlizadə müəllimi tanıyanların söylədiklərində də ilk növbədə onun peşəsinə bağlılığı yada düşür. İşini bilən, məsuliyyətli, sözünün üstündə duran və kənd təsərrüfatına ürəkdən bağlı olan bir mütəxəssis idi. Necə deyərlər, bu peşə onun həyatının bir hissəsinə çevrilmişdi.
Sonralar illər dəyişdi, təsərrüfat sistemi dəyişdi, kolxozlar tarixə çevrildi, yeni müəssisələr yarandı. Amma Əlizadə Əliyevin torpağa münasibəti dəyişmədi.
2016-2023-cü illərdə “Azərpambıq” ASC-də, 2024-2026-cı illərdə isə P-Aqro MMC-də sahə aqronomu kimi çalışdı. Beləliklə, onun kənd təsərrüfatında keçdiyi əmək yolu təxminən qırx ilə yaxın bir dövrü əhatə etdi. Fəhləlikdən briqadirliyə, briqadirlikdən aqronomluğa qədər uzun bir yol... Bu yolun hər mərhələsində isə bir Əlizadə Əliyev vardı: işinə ciddi yanaşan, zəhmətdən qorxmayan, məsuliyyət daşımaqdan çəkinməyən bir insan.
Nizami Gəncəvi əmək haqqında danışarkən zəhməti insanın şərəfi hesab edirdi. Onun “Zəhmət əhlindən hər kim gəldi bir yerə çatdı. Zəhmət onunçun belə bir məqamı yaratdı” fikri də bu baxımdan çox mənalıdır. Əlizadə Əliyevin həyatına baxanda bu sözlərin canlı nümunəsini görmək mümkündür. O, zəhmətlə özünə yol açmışdı. Amma Əlizadə Əliyevin ömrünü yalnız kənd təsərrüfatı ilə bağlamaq düzgün olmazdı. Onun həyatında Vətən anlayışı da xüsusi yer tuturdu.
1990-cı ilin ağır günləri Azərbaycanın yaddaşında silinməz iz qoyub. Ölkənin müxtəlif bölgələrində gərginlik yaşanırdı, torpaqlarımız təhlükə qarşısında idi. Belə bir zamanda Biləsuvardan bir qrup vətənpərvər Qubadlı rayonunun Əliquluuşağı kəndinə gedərək mövqe tutmuşdu. 14 yanvar 1990-cı ildə həmin insanların arasında Əlizadə Əliyev də vardı. O zaman o, gənc və sağlam bir insan idi. Qarşıda həyat vardı, ailə vardı, iş vardı. Amma Vətənin ağır günündə təhlükədən kənarda qalmağı özünə sığışdırmamışdı. Qubadlıya getməsi onun Vətən sevgisinin sadəcə söz olmadığını göstərən həyat faktlarından biridir. Vətənpərvərlik bəzən böyük tribunadan deyil, insanın çətin məqamda verdiyi qərardan görünür. Əlizadə Əliyevin həmin illərdə atdığı addım da belə idi.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının ilk üzvlərindən biri kimi fəaliyyət göstərdi. İllər sonra o, bələdiyyə fəaliyyətində də insanların etimadını qazandı. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində seçicilərin etimadını qazanaraq sədr müavini seçildi. 2008-2014-cü illərdə isə Aşağı Cürəli kənd bələdiyyəsinə rəhbərlik etdi.
Bələdiyyə sədri kimi də qarşısında duran iş kənd adamının gündəlik qayğılarından uzaq deyildi. Çünki Əlizadə Əliyev kənd adamını yaxşı tanıyırdı. O, kəndin hansı problemi ilə üzləşdiyini kabinetdən öyrənən adam deyildi. Kənd həyatının içindən gəlirdi. Torpağın nə olduğunu, suyun əkin üçün nə qədər vacib olduğunu, kəndlinin bir məhsul mövsümünə nə qədər ümid bağladığını yaxşı bilirdi. Ona görə də insanlarla münasibətində də özünü sadə aparırdı. Onu tanıyanların söylədiyi bir xüsusiyyət xüsusilə diqqət çəkir: səmimiliyi.
Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov Əlizadə Əliyev haqqında danışarkən onun xarakterini çox dəqiq ifadə edir:
“Əlizadə müəllimə Allah rəhmət eləsin. Cəmiyyətə xeyir verən insan idi. Mənəvi cəhətdən saf, əxlaqi cəhətdən təmiz idi. Ədəbli-ərkanlı və mərifətli adam idi. Öz səmimiliyi, mehribanlığı və qayğıkeşliyi ilə seçilən insan idi. Peşəsini də mükəmməl bilirdi. Aqrar sahədə baş çıxarmağı bacaran mütəxəssis idi. Yəni əsl insan idi. Ruhu şad olsun. Amin.”
Akif müəllimin bu sözlərində uzun illərin müşahidəsi var. “Əsl insan idi” demək bəlkə də bir insan haqqında söylənə biləcək ən böyük qiymətlərdən biridir. Çünki insanın savadı, vəzifəsi, maddi imkanları, tutduğu mövqe müəyyən dövrdə onu tanıda bilər. Amma insanın əsl qiyməti onun insanlarla münasibətində üzə çıxır. Əlizadə Əliyev bu qiyməti ömrü boyu qazandı. Onun haqqında danışan insanlar yalnız aqronomluğundan, bələdiyyə fəaliyyətindən və ya gördüyü işlərdən danışmırlar. Onu insan kimi xatırlayırlar.
Təqaüdçü Ramiz Təhməzovun xatirələri də bu baxımdan çox qiymətlidir. O, Əlizadə Əliyevlə 15 ildən artıq qarşılıqlı əməkdaşlıq etdiyini deyir.
“Əlizadə Əliyev ilə düz 15 ildən artıq qarşılıqlı əməkdaşlığımız olub, birgə fəaliyyət göstərmişik.
O, Aşağı Cürəli kənd bələdiyyəsinin sədri idi, mən də o vaxtlar rayon icra hakimiyyətinin başçısı aparatında mülki müdafiə qərargahının rəisi idim.
Təxminən iyirmi il öncə bölgədə yayılan “quş qripi”nə qarşı mübarizə tədbirlərinə başlanılanda, o vaxtkı icra başçısının müvafiq sərəncamına uyğun olaraq rayonun şəhər və kəndlərində çox ciddi operativ tədbirlər həyata keçirməyə başladıq. Heç yadımdan çıxmaz, onda Əlizadənin işinə necə məsuliyyətli, təəssübkeş yanaşmasının canlı şahidi oldum. O çətin anları zərərsiz, itkisiz geridə qoyduq. Onun qəfil vəfatı bu gün hamımızı içdən yandırır. Ruhu şad olsun.”
İnsanın xarakteri ən çox çətinlik qarşısında görünür. Əlizadə müəllim də məsuliyyətdən yayınmayan, üzərinə düşən işi sona qədər aparmağa çalışan insan kimi tanınıb.
Ailədə isə başqa bir Əlizadə vardı. Övladlarına münasibətdə tələbkar, qayğıkeş və məsuliyyətli ata.
Dünyagörüşlü, savadlı, mədəni və əxlaqlı övladlar yetişdirmək onun üçün ən böyük arzularından biri olub. Övladlarının təhsilinə, cəmiyyətdə öz yerlərini tapmasına xüsusi önəm verib. Bu gün onun övladları arasında savadı, peşəsi və fəaliyyəti ilə tanınan insanlar var. Oğlu Müqəddəs Əliyev də Biləsuvar rayonunda tanınan hüquqşünaslardan biridir.
Əslində insanın övladlarına qoyduğu ən böyük miras da budur: təkcə ev, torpaq, var-dövlət deyil, ad-san, tərbiyə, təhsil və düzgün həyat yolu. Əlizadə Əliyev bu mənəvi mirası ailəsinə qoyub getdi. Amma onun həyatının son səhifəsi xüsusilə ağırdır.
28 iyul 2026-cı il... Adi bir gün kimi başlayan həmin gün Əlizadə Əliyevin həyatının son günü oldu. Gecə saatlarında yenə evdən çıxmışdı.Yenə yolunu əkin sahəsinə salmışdı. Yenə məqsədi iş idi.Sahəyə nəzarət etmək, vəziyyəti görmək, əkinin qayğısını çəkmək... Ömrünün böyük hissəsini necə keçiribsə, son gecəsini də elə keçirirdi. Yenə də torpağın dalınca gedirdi. Amma əkin sahəsinə çatmağa az qalmış yolda ürək tutması keçirdi və dünyasını dəyişdi. Bəlkə də Əlizadə Əliyevin həyatını bundan daha təsirli heç bir hadisə ifadə edə bilməz. O, ömrü boyu torpaqdan uzaq olmadı. Və sonuncu dəfə də torpağa əkdiyi bitkini suvarmağa gedərkən həyatını itirdi. İnsanın son addımının haraya doğru olduğunu düşünəndə bu hadisənin ağırlığı daha da hiss olunur.
Əlizadə müəllim həmin gecə evdən çıxanda heç kim bilmirdi ki, bu, onun ailəsi ilə son vidalaşmasıdır. Heç kim bilmirdi ki, səhər onun evə qayıtmasını gözləyən doğmaları daha onu görməyəcəklər. O isə yəqin ki, hər zamankı kimi işini düşünürdü. Əkin sahəsini... Torpağı... Məhsulu...Sabah görüləsi işi... Çünki insan ömrü boyu nəyi sevibsə, son anlarına qədər də çox vaxt onunla yaşayır. Əlizadə Əliyev torpağı sevirdi. Həm də adi bir sevgi ilə yox. Torpağa peşəsi qədər, peşəsinə isə vicdanı qədər bağlı idi. Bu səbəbdən onun ölümü bu gün təkcə bir ailənin itkisi deyil. Onu tanıyan, onunla işləyən, bir süfrəni bölüşən, salamını alan insanların da itkisidir. İndi onun haqqında danışanda keçmiş zamanda danışmaq ağırdır. “İşləyirdi” demək ağırdır. “Görüşürdük” demək ağırdır. “Bizimlə idi” deyə xatırlamaq ağırdır. Amma insanın fiziki yoxluğu onun yaşadığı ömrü yox etmir.
Dahi Nizaminin “insana ən böyük şərəfdir əmək” sözünü xatırlayanda Əlizadə Əliyevin ömrü göz önünə gəlir. Çünki o, həqiqətən də əməyin adamı idi. Onun əlləri torpaq görmüşdü. Ayaqları illərlə əkin sahələrinin yollarını getmişdi. Gözləri məhsulun sevincini də, zəhmətini də görmüşdü. Ürəyi isə son gününə qədər torpaqla döyünmüşdü. İndi o ürək daha döyünmür. Amma onun sevdiyi torpaq yenə yaşayır. Əkin yenə cücərəcək. Sahələr yenə yaşıllaşacaq. İnsanlar yenə həmin yollardan keçəcək. Bəlkə bir gün onun illərlə işlədiyi sahələrdən biri ilə gedən hansısa adam bilməyəcək ki, vaxtilə burada Əlizadə Əliyev dayanıb, torpağın vəziyyətinə baxıb, əkinin qayğısını çəkib. Amma torpaq bunu unutmur. Torpağa verilən zəhmət torpaqda qalır. İnsan da gördüyü yaxşı işlərlə yaddaşlarda qalır.
Əlizadə Sadat oğlu Əliyev də yaddaşlarda belə qalacaq: torpağı canı qədər sevən, zəhmətdən qorxmayan, Vətən qarşısında məsuliyyətini dərk edən, ailəsinə bağlı, övladlarına savad və tərbiyə verən, cəmiyyətə fayda verməyə çalışan, mədəniyyəti, əxlaqı və səmimiyyəti ilə hörmət qazanan bir insan kimi.
Bəli, Sentyabrın 5-də Əlizadə Əliyevin vəfatının qırx mərasimi keçiriləcək. O gün onun ömrünə şahidlik edənlər məzarı önündə bir daha eyni duyğu ilə deyəcəklər: yaxşı insanlar torpağa getsələr də, yaddaşlardan getmirlər.
Allah rəhmət eləsin.

Samir QURBANOV, jurnalist

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR