dini radikalizm və ekstremizmlə mübarizə

Iftixar Piriyevin poeziya inciləri


Allah səni yaratdı,
Sevgi ölməmək üçün.
Məni də kor yaratdı,
Səni görməmək üçün.

Sığal verib telimə,
Səhər-axşam daradım,
Sən gözümün önündə,
Mənsə səni aradım.

İndi vədə yetişib,
Vidalaşmaq vaxtıdı.
Görüşməmiş ayrılmaq,
İftixarın baxtıdı.

Şükür sənə ey Yaradan,
Mən də döndüm, könül də!
Tələ quran bir nadandan
Mən də döndüm, könül də!

Sevir, ölürəm deyəndən,
Sevgidə özün öyəndən,
Yalançı libas geyəndən
Mən də döndüm, könül də!

Kif bağladı kirli kilim,
Piltə-piltə, dilim-dilim.
Hər şeydən soyudu əlim,
Mən də döndüm, könül də!

Ay İftixar, haqqı tanı,
Sevmə sən nahaqq olanı...
Duydum qurulmuş yalanı
Mən də döndüm, könül də!

Ah, mənim bağrımın başını əzən,
Gecə də, gündüz də sinəmdə gəzən,
Hər an ürəyimi durmadan üzən,
Eşq!

Bütün hüzurumu əlimdən alan,
Dərin quyuların dibinə salan,
Tilsimli sehriylə ruhumu çalan
Eşq!

Sönməz atəşiylə məni yandıran,
Cismimdə canımı alovlandıran,
Ruhumda alovlu bir yuva quran
Eşq!

Sən niyə doğuldun, necə doğuldun?
Sən nədən yoğruldun, necə yoğruldun?
Sonra da, göylərə necə sovruldun,
Eşq?

Sən nələr fırladın, nələr çevirdin?
Sevgidən nifrətə necə çevrildin?
Min illik taxtından necə devrildin?
Eşq?

Tənhalıq

Eh, sən yenə tək qaldın,
Tənhalığın qoynunda.
Pünhan-pünhan inlətdin,
Öz eşqini qoynunda.

Göz yaşını gizlətdin,
Kimsələrin gözündən.
Öcü-qisası aldın,
Ancaq özün-özündən.

Tənhalıq sevdalısı,
Gözlərin yol çəkəcək.
Gecə-gündüz könlünə
Təklik eşqi çökəcək.

Bu sehirli tilsimə
Tab gətirən can gərək.
Təkliyə üsyan edən
Alovlu vulkan gərək.

Tənhalığın üzü boz,
Səhraların qumu tək.
Qum üstünə gələcək,
Burulğan hücumu tək.

Tənhalığı sevirsən?
Qanad çal, qartal kimi.
Yürü, qoşun üstünə,
Yalquzaq qurdlar kimi.

Oxunub: 223
Oxşar xəbərlər
SON XƏBƏRLƏR