Xəzərin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" blokunda ilk kəşfiyyat quyusunun qazılması üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi bu ilin oktyabr ayında gözlənilir.
"APA-Economics"in məlumatına görə, bu barədə ƏMSSTQ sənədinin ictimai müzakirəsinə həsr olunmuş tədbirdə çıxış edən ”BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
Onun sözünə görə, sənəd hökumət tərəfindən təsdiqlənəndən sonra perspektiv strukturda qazma işlərinə start veriləcək.
T. Bayatlı əlavə edib ki, "Şəfəq-Asiman"da qazma işləri bu ilin dördüncü rübündə başlanacağı gözlənilir və qazma işləri 12 ay ərzində həyata keçiriləcək.
Qeyd edək ki, "Şəfəq-Asiman" perspektiv blokunda ilk SAX01 kəşfiyyat quyusunun qazılması işlərinin (o cümlədən quyunun sınaq fəaliyyətləri – red.) ümumilikdə 604 günədək davam edəcəyi gözlənilir.
ƏMSSTQ sənədinə əsasən, qazıldıqdan sonra quyunun konservasiya ediləcəyi və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq – red.) quyuda sınaq işlərinin aparılması gözlənilir.
Ümumi layihə çərçivəsində fəaliyyətlər iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə quyunun qazılması və konservasiyası işləri daxildir (qazma işləri 2020-ci ilin üçüncü rübündə, konservasiya – 2020-ci ilin dördüncü rübündə başa çatacaq – red.). İkinci mərhələdəki işlərə quyunun sınağı və quyunun ləğvi daxildir.
Qeyd edək ki, SAX01 quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsinə başlamazdan əvvəl Qırmakuüstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir.
Nəzərdə tutulan layihə çərçivəsindəki kəşfiyyat quyusunun “Heydər Əliyev” Səyyar Dəniz Qazma Qurğusundan (SDQQ) istifadə olunmaqla qazılacaq.
“Şəfəq-Asiman” kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə uzanır. Sahəsində suyun dərinliyi təxminən 600-800 metr təşkil edir və bu yataqda karbohidrogen ehtiyatları dəniz səviyyəsindən aşağıda təxminən 6-7 min metr dərinliklərdə yerləşir.
Quyunun qazılması layihəsinə avadanlığın hazırlanması, quyu lüləsində konduktor, üst və aşağı intervalların qazılması, quyuağzı avadanlığın quraşdırılması və qoruyucu kəmərlərin sementlənməsi, quyunun konservasiya edilməsi və quyunun müvəqqəti ləğvi, quyuya təkrar giriş və quyuda sınaq işləri və quyunun tamponajı və ləğvi daxildir.
Qeyd edək ki, 1995-ci və 1999-cu illərdə "Şəfəq-Asiman"da 2-ölçülü (2D) seysmik tədqiqat və onun ardınca isə 2012-ci ildə 3-ölçülü (3D) seysmik tədqiqat həyata keçirilib. Kəşfiyyat quyusunun dəqiq qazılma yeri ilə bağlı qərarın verilməsində seysmik tədqiqatın və sonrakı geoloji təhlükələr və batimetriya üzrə tədqiqatın nəticələrindən istifadə edilib.
Xatırladaq ki, "Şəfəq-Asiman" bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP (operator) və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.
Oxunub: 508