“Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun üçüncü iş günü iyunun 26-da Qobustan Milli Tarix-Bədii Qoruğunda davam edib.
Forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.
Tədbirin açılış mərasimində qonaqları salamlayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev forumun işinə uğurlar arzu edib.
Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkəmizin zəngin mədəni irsi haqqında məlumat verən Vüqar İsayev Qobustan qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını qeyd edib.
Forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaq üçün gözəl fürsət yarandığını diqqətə çatdırıb.
UNESCO-nun şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner forumun əhəmiyyətindən danışıb. Qeyd edib ki, forum iki gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində keçirilib. Bu gün Qobustan Milli Tarixi-Bədii Qoruğunda, sabah isə Qəbələ-İsmayıllı-Lahıc bölgəsində baş tutacaq.
Vurğulayıb ki, sonda Forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz Bəyannamələrini təqdim edəcəklər.
Tədbirdə çıxış edən Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Minja Yanq forumun işinin uğurla davam etdiyini bildirib. Qeyd edib ki, forum çərçivəsində əcnəbi və yerli irs ekspertlərin iştirakı ilə bir sıra təqdimatlar edilir, dəyirmi masalar təşkil olunur.
Minja Yanq “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar” mövzusunda davam edən məruzələrdə çıxışını “Mədəni landşaftların qorunması” mövzusunda mühazirə ilə davam etdirib.
Sonra forum iştirakçılarının sualları cavablandırılıb.
Günün ikinci yarısında forum öz işini dəyirmi masa şəklində davam etdirib.
Həmçinin forum iştirakçıları üçün Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində tur təşkil olunub.
Qeyd edək ki, “Dünya irsi. Gənc Peşəkarlar Forumu” UNESKO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib. İyulun 2-dək davam edəcək forumunda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar”a həsr edilib. Forumun ümumi məqsədi XIX əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.
Oxunub: 576