dini radikalizm və ekstremizmlə mübarizə

“Bu, gələcəkdə müharibənin qızışmasına və erməni terrorunun canlanmasına verilən dəstəkdir” - AÇIQLAMA

“Bu, gələcəkdə müharibənin qızışmasına və erməni terrorunun canlanmasına verilən dəstəkdir” - AÇIQLAMA

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Şuşaya getməkdən imtina etməsi təəssüf doğursa da, bunun Azərbaycanın haqq işinə və işğaldan azad olunan torpaqlarımızın bərpa və quruculuğuna hər hansı təsirləri olmayacaq”.

Djb.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlmasında millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, sözügedən ölkələrin bu məsələdə sərgilədikləri mövqelərə rəğmən, həmin dövlətlərin regionda əsas iqtisadi tərəfdaşı məhz Azərbaycandır: “Belə ki, 2019-cu ildə Azərbaycanın ABŞ, Fransa və Rusiya ilə ümumi ticarət dövriyyəsi 4 milyard 601 milyon dollar olub. Uyğun olaraq Rusiya ilə 3 milyard 22 milyon dollar, ABŞ ilə 791 milyon 884 min və Fransa ilə 787 milyon 366 min dollarlıq dövriyyə qeydə alınıb. WITS-in məlumatına görə, həmin il Ermənistanın sözügedən 3 ölkə ilə ümumi ticarət dövriyyəsi 2 milyard 209 milyon dollar olub. Düşmən ölkənin əsas xarici ticarət tərəfdaşı 2 milyard 209 milyon dollarlıq dövriyyə ilə Rusiyadır. Uyğun olaraq ABŞ ilə 183 milyon 93 min, Fransa ilə isə 91 milyon 666 min dollarlıq xarici ticarət dövriyyəsi qeydə alınıb”.

Millət vəkili əlavə edib ki, Cənubi Qafqaz ölkələri ilə ticarət ABŞ, Fransa və müəyyən mənada Rusiyanın ümumi ticarət dövriyyəsində xüsusi paya malik olmasa da, bu göstəricilər dövlətlərin regiondakı iqtisadi güclərini aydın şəkildə göstərir: “Azərbaycan işğal altında olan torpaqlarını, o cümlədən Şuşa şəhərini Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordusu sayəsində azad etdi. Bəzi dövlətlərin hansı mövqe sərgiləməsindən asılı olmayaraq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri ölkəmizin iqtisadi gücü ilə yenidən qurulacaq və inkişaf edəcək. Bu yeni reallığın formalaşdırdığı həqiqətdir”.

Mövzu ilə bağlı açıqlamasında millət vəkili Fazil Mustafa isə ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç ölkənin- ABŞ, Fransa və Rusiya səfirlərinin humanitar tədbir olaraq nəzərdə tutulan Şuşa şəhərinə səfərdən imtinasını belə şərh edib: “Burada əsas diqqət çəkən məqam bir-biri ilə guya aralarında ziddiyyət olan üç ölkənin ermənilərlə bağlı məsələlərdə həmişə həmrəy davranmasıdır. Çünki bundan öncə həmin səfirlər dağıdılmış Ağdam, Füzuli və başqa ərazilərə də ölkəmizdəki akkreditasiya olunmuş digər diplomatik korpus təmsilçiləri ilə birlikdə baş çəkməkdən imtina etmişdilər. Yəni illərdir erməni vəhşiliyinə açıq və dolayı yolla haqq qazandıran ölkələrinin beynəlxalq hüquqa zidd mövqeyini bir daha nümayiş etdirdiklərini diqqətə çatdırmışdılar. İndi isə bölgədə sülhdən, mədəni quruculuqdan söhbət getdiyi durumda Şuşanın timsalında bir mədəniyyət mərkəzinin dirçəlişini müşahidə etməyi özləri üçün arzuolunmaz addım saydıqlarını biruzə verirlər. İşdir əgər ölkə Prezidenti səfirlərin etimadnaməsini dövlət protokolu qaydasında məhz Şuşada qəbul etməyi planlaşdırsa, o zaman bu səfirlər nə edəcəklər? Gedib Xankəndidə terrorçu ermənilərlə şampan şərabı içəcəklər və Şuşaya ayaq basmayacaqlar? Səfirlərin bu addımı təkcə öz ərazi bütövlüyünü bərpa etmiş bir dövlətə hörmətsizlik deyil, həm də gələcəkdə bölgədə müharibənin qızışmasına, erməni terrorçuluğunun canlanmasına verilən dəstəkdir”.

Fazil Mustafanın sözlərinə görə, Şuşaya adicə bir səfərə getməyi özünə rəva bilməyən bu ölkələrin səfirliklərinin təşkil etdiyi hansısa mədəni xarakterli tədbirlərdə istər Azərbaycan siyasətçiləri, istərsə də vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirakdan imtina etməlidirlər: “Hörmət qarşılıqlı olmalıdır, sən mənim Vətənimin, dövlətimin dəyərlərinə hörmətsiz yanaşacaqsan, biz də sizlərin yan-yörənizdə demokratiya nəzakətinə boğulub üzünüzə gülümsəyəcəyik? Fikrimcə, rəsmi Bakı həmin ölkələrin səfirlərinin bu hərəkətsizliyi ilə bağlı izahat tələb etməlidir. Bu izahat qaneedici olmadıqda ATƏT-in Minsk qurupu ilə hər hansı müzakirəyə və münasibətə son qoyulmalıdır”.

Oxunub: 887
Oxşar xəbərlər
SON XƏBƏRLƏR