Avrokubokların qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb.
Oxu.Az xəbər verir ki, son turda Çempionlar Liqası və Avropa Liqasının qarşılaşmalarından sonra siyahıda bəzi dəyişikliklər olub.
İlk “yüzlük”dəki yeganə Azərbaycan klubu “Qarabağ”ın mövqeyi də dəyişib. London “Arsenal”ına 0:1 hesabı ilə uduzan ölkə çempionu üç pillə geriləyib. Son tur öncəsi 64-68-ci yerləri bölüşən Qurban Qurbanovun yetirmələri indi 67-70-ci pillələri bölüşür. Aktivində 22 min xal olan komanda “Lester Siti” (İngiltərə), “Feyenoord” (Hollandiya) və “Valensia”ya (İspaniya) şərikdir.
Qrupumuzdakı digər komandalardan “Arsenal” və “Sportinq” yenə müvafiq olaraq onuncu və XXXI yerdədir. Ukraynanın “Vorskla” klubu isə bir pillə geriləyərək 147-152-ci yerə düşüb. Top-10-da dəyişiklik yalnız PSJ ilə bağlıdır. Paris təmsilçisi iki pillə irəliləyərək VI sıraya qalxıb və “Sevilya” ilə “Mançester Siti”ni arxada qoyub.
Qeyd edək ki, digər Azərbaycan klublarının turnir cədvəli mövqeyində dəyişiklik olmayıb. “Qəbələ” 163-164, “Keşlə”, “Neftçi”, “Zirə” və “Kəpəz” 273-276-cı yerləri bölüşür.
Azərbaycanın UEFA reytinqində də dəyişiklik baş verməyib. Cari avrokubok mövsümündə 2375 xal toplamış Azərbaycan klubları son beş mövsümün nəticələrinə əsasən, 19 min xalla XXVI yerdə qərarlaşıb.