Bakıda vətəndaşların qiymətli mobil telefonlarını mənimsəyən şəxs saxlanılıb.
Oxu.Az ARB TV-yə istinadla xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus “İPhone 8” markalı mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib.
Bundan sonra bir nəfər tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndən sonra həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini bildirib.
Zərərçəkəndən telefonu qohumuna göstərmək adı ilə alan həmin şəxs marketə daxil olub və obyektin arxa qapısından çıxaraq hadisə yerindən uzaqlaşıb.
“İki günün telefonu idi. Zəng vurdu ki, Sumqayıtda qalıram, gəl Nərimanovda görüşək. 1100 manata danışdım qiymətini. Dedi ki, yolum uzaqdır Sabunçuya gələ bilməyəcəm. Getdim Nərimanova. Yoldaşım yaxınlıqdakı marketdə işləyir dedi. Gedək ona göstərim. Mən də bilmədim həmin marketin arxa qapısı var. Qabaq qapıdan girdi, arxa qapıdan qaçdı. Girdim marketə. Qızlar soruşdu nə baş verir? Dedim ki, telefonum getdi, “İPhone 8”, - deyə, zərərçəkən Əliyusif İsmayılov bildirib.
Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən dələduzluq cinayətini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altay Ağamalıyev saxlanılıb.
Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus “İPhone 7”, “İPhone 8” və “İPhone X” kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub.
A.Ağamalıyev həmin telefonlardan 5-ni paytaxtın müxtəlif nöqtələrində yerləşən telefon alqı-satqısı mağazalarında satıb.
Digər telefonu isə saxlanılana qədər özü istifadə edib. Saxlanılan şəxsin dələduzluqla əldə etdiyi mobil telefonlardan bir neçəsinin yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.
“Elanlardan nömrələr götürüb, telefon sahibləri ilə danışıb telefonu aldadıb almışam, pulunu verməmişəm. 6 nəfərə eyni hərəkəti etmişəm. Marketə görsətmək adı ilə girirdim. Qabaq qapıdan girib arxa qapıdan çıxırdım”, - deyə, saxlanılan şəxs bildirib.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Altay Ağamalıyevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.