dini radikalizm və ekstremizmlə mübarizə

Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda


Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2026-cı il mayın 5- də Fransanın Strasburq Universitetində “Azərbaycanlıların Avropada akademik elmi fəaliyyəti və universitetlərarası əlaqələr” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib. Strasburq Universiteti ilə birgə Xəzər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Fransa-Azərbaycan Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanı Prof.Akad. Hamlet İsaxanlı və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi təmsil edib.

Konfransın açılışında çıxış edən Strasburq Universitetinin prorektoru, professor Jan Mark Planeks hələ XIX əsrin ortalarında ilk azərbaycanlı tələbə Mövsüm Xanlarovun kimya üzrə elmi dərəcə alması ilə əsası qoyulan Strasburq-Azərbaycan elmi əlaqələrinin bu gün yeni səviyyədə davam etdirilməsinin əhəmiyyətindən bəhs edib, azərbaycanlı qonaqları salamlayıb və konfransın Azərbaycan elm-təhsil müəssisələri ilə yeni əməkdaşlıq layihələrinə zəmin yaradacağına inamını bildirib. Prof.Akad. Hamlet İsaxanlı “Universitet araşdırmaları uzaq Şərq və uzaq Qərb arasında. Azərbaycandan nəzər” mövzusunda geniş məruzə ilə çıxış edib, Prof. Solmaz Rüstəmova-Tohidinin məruzəsi isə “Azərbaycanlıların Avropa universitetlərində təhsili – tarixi-faciəvi proses, yaxud gələcəyə açılan perspektivlər (Yüz illik tarixə bir baxış. 1850 – 1950-ci illər)” mövzusunda olub. Konfransda həmçinin, Strasburq Universitetinin müəllim və alimləri – Samim Akkönül, Stefan de-Tapia, Dilek Sarmıs, Tamerlan Quliyev, Didier Frankfort Avropa ali məktəblərinin Azərbaycanla əməkdaşlığının perspektivləri mövzusu ətrafında maraqlı fikirlər söyləyiblər. Konfrans iclasları Strasburq Universitetinin tanınmış azərbaycanlı alim, məşhur türkoloq, ölkəmizin böyük dostu, mərhum İren Melikoffun adını daşıyan ən böyük amfiteatr-auditoriyasında keçirilib və iclaslardan biri İren xanımın xatirəsinə həsr olunub. Tanınmış fransız türkoloqu, uzun müddət İren Melikoffla əməkdaşlıq etmiş Stefan de-Tapia və İren xanımın qızı Şirin Melikoffun məruzə və çıxışları, nümayiş etdirilən filmlər Azərbaycanla Fransa arasında elmi əlaqələrin artıq 1990-cı illərdə yenidən bərpa olunduğunu təsdiq edib. Xəzər Universiteti Nailəxanım Muzeyi tərəfindən çap olunan “Tarixdə iz salan, Azərbaycan mədəniyyətinə töhfə verən qadınlar” seriyasının İren Melikoffa həsr edilmiş 16-cı buraxılışı, Nailəxanım İsayevaya həsr edilmiş 13-cü nömrəsi və 20-ci əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi, Fransada yaşayıb - yaratmış Ümmülbanu Əsədullayevaya (Banin) həsr edilmiş 14-cü nömrəsi Hamlet İsaxanlı tərəfindən Strasburq universitetinə təqdim edilib.

Axşam konfransın fransalı təşkilatçılarının azərbaycanlı alimlərin şərəfinə verdiyi şam yeməyinə qatılmış Strasburq Universitetinin rektoru, professor Frederik Berrot və universitetin prorektoru professor Jan Mark Planeks azərbaycanlı qonaqlar Hamlet İsaxanlı və Solmaz Rüstəmova-Tohidinin təmsil etdikləri elm-təhsil qurumları və Strasburq Universiteti arasında təhsil və akademik tədqiqatlar sahəsində əməkdaşlıq perspektivlərini və istiqamətlərini müzakirə ediblər.

Həmçinin, Baden-baden şəhərinə səfər edilib, Strasburq şəhərində yaşayan Azərbaycan elm adamları, iş adamları və media nümayəndələri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıqlar haqqında fikir mübadilələri aparılıb.






Oxunub: 22
Oxşar xəbərlər
SON XƏBƏRLƏR