dini radikalizm və ekstremizmlə mübarizə

Xəzər Universitetində ilk dərs: tələbələr Qədim dünya tarixinə səyahət edib


Xəzər Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisasının B qrupu üçün yeni tədris ili “Qədim dünya tarixi” fənni ilə maraqlı başlanğıc götürüb.

15 sentyabr 2026-cı il tarixində keçirilən ilk dərsdə tələbələr qədim sivilizasiyalar, onların maddi-mədəni irsi və tarix elminin öyrənilməsində arxeoloji materialların rolu barədə ilkin biliklər əldə ediblər.

Dərs zamanı saxsı qablar, əmək alətləri, silahlar, bəzək əşyaları, sikkələr və yazılı nümunələr kimi arxeoloji materialların keçmiş haqqında mühüm məlumat mənbəyi olduğu diqqətə çatdırılıb.

Tələbələrə bu materiallarla tanış olmaq üçün muzey və sərgi zallarının, eləcə də arxeoloji qazıntı materiallarının, elmi nəşrlərin və tədqiqatların əhəmiyyəti barədə məlumat verilib.

Dərs çərçivəsində tələbələrin diqqəti AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalına da yönəldilib. Burada Azərbaycanın qədim və zəngin maddi-mədəni irsi ilə bağlı müxtəlif ekspozisiya və sərgilər nümayiş olunur, tarix, arxeologiya və mədəni irslə bağlı elmi-mədəni tədbirlər keçirilir.

Qeyd olunub ki, belə məkanlarla tanışlıq gələcək tarix müəllimlərinə nəzəri bilikləri maddi sübutlarla əlaqələndirmək və qədim dövrlərin irsini daha yaxından öyrənmək imkanı yaradır.

Beləliklə, Xəzər Universitetində “Qədim dünya tarixi” fənni üzrə ilk dərs tələbələr üçün yalnız yeni tədris ilinin başlanğıcı deyil, həm də qədim dünyanın izlərini arxeoloji materiallar vasitəsilə araşdırmağa ilk addım olub.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR