ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvlərinin Suriyanın şimal-şərqindən İraqa köçürülməsi məqsədilə yeni missiyaya start verdiyini açıqlayıb.
Bu barədə məlumat CENTCOM-un rəsmi səhifəsində yerləşdirilib.
Bildirilib ki, missiyanın məqsədi terrorçuların təhlükəsiz həbsxanalarda saxlanılmasını təmin etmək və mümkün qaçışların qarşısını almaqdır.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri Həsəkə şəhərindəki saxlanma mərkəzində saxlanılan 150 İŞİD döyüşçüsünü uğurla İraqda təhlükəsiz yerə köçürüb. Ümumilikdə, 7 minədək İŞİD-çinin Suriyadan İraqa transferi nəzərdə tutulur.
CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, əməliyyat İraq hökuməti də daxil olmaqla, regional tərəfdaşlarla sıx koordinasiya şəraitində həyata keçirilir. Onun sözlərinə görə, İŞİD məhbuslarının nizamlı və təhlükəsiz şəkildə köçürülməsi ABŞ və regionun təhlükəsizliyinə birbaşa təhdid yarada biləcək qaçış cəhdlərinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edilib ki, 2025-ci ildə ABŞ və tərəfdaş qüvvələr Suriyada aparılan antiterror əməliyyatları çərçivəsində 300-dən çox İŞİD üzvünü saxlayıb, 20-dən çox terrorçu isə məhv edilib.
Açıqlama Suriyanın şimal-şərqində İŞİD məhbusları ilə bağlı son hadisələr fonunda verilib. Suriya Daxili İşlər Nazirliyi isə çərşənbə axşamı bildirib ki, Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkənin şərqində yerləşən Əl-Hol düşərgəsinin mühafizəsindən koordinasiyasız şəkildə çəkilərkən, bəzi İŞİD məhbusları və onların ailə üzvləri azadlığa çıxıb.
Oxunub: 0