Prezident İlham Əliyev “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Mətnini təqdim edirik:
1. Müəyyən edilsin ki:
1.1. “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinin birinci cümləsində və 11.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 11.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının yeni qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə uyğun olaraq, daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci və 9.15-2-ci bəndlər əlavə edilsin:
“8.8-2. daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirir;”;
“9.15-2. daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirmək və onların akkreditasiyasını ləğv etmək;”.
Oxunub: 236