dini radikalizm və ekstremizmlə mübarizə

Sübhan Abasbəyli poeziyasının inciləri


YA RƏBBİM!

(“Peyğəmbərlər” kitabından)


Sən doğulmamısan, varlığın əzəl,
Yaratdın həyatı qüdrətdən gözəl.
Dünyanın sirrinə hakimsən özün,
Hər şeyə qadirdir tək bircə sözün.
Kainat bir heçdi, yoxdan yaratdın,
Sirli xəzinənin pərdəsin atdın.
İstədin hər dünya tanıya səni,
Sonsuz ulduzlara naxış düzəni.
İlahi, xəlq etdin ən böyük əsər,
Mələklərdən üstün sayıldı bəşər.
Bir anlıq yox olar sənsiz bu dünya,
Yalvarib çağrıram səni haraya.
Günahkar bəndəyik,kömək et bizə,
Kömək et Allahım, ailəmizə.
Dünyanın gedişi pozulur, solur,
Göz yaşı, edamlar dünyaya dolur.
Dəhşətli bir gündə tankların səsi,
Mərmi partlayışı, insan naləsi,
Didərgin salınan milyonla insan,
Axır su yerinə Qarabağda qan.
Körpə uşaqların nədir günahı?
Nə vaxt şəhidlərin tutacaq ahı?..
Çoxdan ayaq tutub yeriyir yalan,
Bazarda satanlar and içir kalan.*
Tində, orda-burda duranlar artıb,
Həyat ,insanları pis yola dartıb.
Borc alan düşünüb qururlar kələy,
Onun kələyindən mat qalır fələy.
Əlsiz- ayaqsıza əl tutan insan,
Şəklini çəkdirir, saxlamır pünhan.
Efirdə oynayır lüt kişi, qadın,
Qaçırdır gecənin ləzzətin, dadın.
Mərasimdə molla deyir oxşama,*
Yazıq ölü yəsi qalmır axşama.
Qadınlar görüşür,bir-birin öpür,
Xəstəlik bir yandan yapışır,sökür.
Çirkinlik dünyanı alıb cənginə,
Düşə bilmir həyat öz ahənginə.
Güclü zəiflərə oxuyur meydan,
İçimizdə gəzir buynuzlu şeytan.
Kişi var söz verir,tez danır sabah,
Ümid qalıb sənə ,ey gözəl Allah.
İnsanlar dəyişir, saxtalaşır çox,
Kəmiyyət çoxalır, keyfiyyəti yox.
Dünya çarəsizdi, güclü şüdd edir,
Teror hücumları baş alıb gedir.
Pozğunluq dolaşır, gəzir aləmi,
Ölümlər çoxalır tutur gündəmi.
Artsa da hər evdə Kərimi-Quran,
Ancaq sidq ürəkdən azdır oxuyan.
İslamçı adlanan çoxlu ölkə var,
Amma bir-birinə hiylə, tor qurar.
İlahi, izinsiz düşməz bir yarpaq,
İzinsiz duramaz nə Günəş,torpaq.
Allahım, köməy ol, nicat ver,özün,
Güc ver xalqımıza, şəfadır sözün.
Ey ulu Xaliqim, ey Pərvərdigar!
Hər iki aləmdə vahid Hökmüdar!

VƏSF EYLƏYƏRDİM

2023-cü ilin ilk şeirini məhəbbətdən
paylaşaq ki, 2023-cü il bizə qucaq dolu
məhəbbət bəxş etsin.
(Tələbəlik illərində yazdığım bir şeir)

Mən şair olsaydım inan ki, əgər,
Xurmayı telini vəsf eyləyərdim.
O dəniz gözünü alıb gözümə,
Bal-şəkər dilini vəsf eyləyərdim.

Kaman qaşlarına baxıb doyunca,
Gözüm usanmazdı ömür boyunca.
Sevən ürəyimə sevgin dolunca,
Ağ çiçək əlini vəsf eyləyərdim.

Ox tək kipriklərin sarılsa mənə,
İkimiz baş qoyub yaşıl çəmənə,
Dolanıb başına hey dönə-dönə,
O incə belini vəsf eyləyərdim.

Sonalar sonası, ey boyu bəstə!
Görsə cəmalını sağalar xəstə.
Düzüm saçlarına gül dəstə-dəstə,
Üzündə xəlini vəsf eyləyərdim.*

Alma yanaqıarın gülsə üzümə,
Tuşlanıb baxarsa gözün,gözümə,
Ömürlük özünü versən özümə,
Hər keçən ilini vəsf eyləyərdim.

Görən,hansı eldən gəldi bu ceyran?
Sübhan Abasbəyli olubdur heyran.
Qəddi-qamətindən bəzəndi seyran,*
Bilsəydim elini vəsf eyləyərdim.

Qismətin olsun.

Şirin-şəkər, gözəl qızım, Gülnarım,
Sağlam bir həyatın, dövlətin olsun.
Çingizin toyunda qol-qanad açıb,
Gəlinlə oynamaq qismətin olsun.

Həyatda xoşbəxt ol, gülərüz yaşa,
Heç zaman ayağın dəyməsin daşa.
Rahidlə yüz ili vurasız başa,
Halal duz-çörəyin zəhmətin olsun.

Aygülüm, Gülayım tutsun əl-ələ,
Məryəmə, Saraya səadət dilə!
Rəcəb bəy,Xədicəm yaraşıq,elə,
Çingizin övladı şöhrətin olsun.

Elçinim, Əsmərim, Əli bəy, sizə,
Kədər-qəm düşməsin ürəyinizə.
Məhəmmədəlim də,adlasın yüzə,
Fatimə, Zeynəbim zinyətin olsun.

Vətən qədrini bil, Vətən bizə,can,
Vətənin naminə tökülüb al- qan.
Var olsun həmişə qoy,Azərbaycan.
Vətən düşmənlərim nifrətin olsun.

Sübhan Abasbəyli, yalvar Allaha,
Həsən bəy,Leyluşum oxşasın “şaha”.*
Zəhragül həyatda ucalsın daha,
Anan Kərbəlayı izzətin olsun.

GÖZÜM AĞLADI

Atalı günlərim düşdü yadıma,
Baxdım o illərə, gözüm ağladı.
O idi köməyim,dadıma çatan,
Sözləri canlandı,sözüm ağladı,
Baxdım o illərə gözüm ağladı.

Əlləri qabarlı, zəhmətkeş insan,
Dilindən çıxmazdı acı söz,yalan.
Allahı hər anda yadına salan,
Getdi həyatımın onunla dadı,
Baxdım o illərə gözüm ağladı.

Atam ürək sirrim,evim, dirəyim,
Mənə təhsil verən,halal çörəyim.
Ona söykənirdi əlim, kürəyim.
Hər zaman dilimdə çəkilir adı,
Atamı yad etdim gözüm ağladı.

Sovet önəmiydi, vəziyyət çətin,
“Köləsiydi” qoca, cavan dövlətin.
İşləməkdən beli əyri millətin,
Salanda yadıma qohumu, yadı,
Gördüm o illəri gözüm ağladı.

Babam Alı, İsa, Əhəd, Cahangir,
Ən qədimdən bəri soyumuz gəlir.
Mal-mülk sahibləri ,şumlayır,əkir.
Sovet zorla aldı, ürək dağladı,
Baxdım o illərə gözüm ağladı.

Əzizlərim ,atam, anam köç etdi,
Üç oğlum bizləri tərk edib getdi.
Fələk arzusuna, kamına yetdi.
Qəlbim hey alışdı, yaram çağladı,
Sübhan Abasbəyli yazdı, ağladı.

Oxunub: 229
Oxşar xəbərlər
SON XƏBƏRLƏR