FELYETON
Uzun zamandır hamı gileylənir ki, bəs zəmanə korlanıbdır, adamlar yaman yalançı olubdur, heç kimə inanmaq olmur. Doğru buyururlar, cəmaətimiz son dövrlərdə yeni azara mübtəla olubdur- yalançılıq azarına. Gecə-gündüz hamı bir-birini aldadır. Bazarda, məktəbdə, nəqliyyatda, idarədə, zavodda, televiziyada, qəzetdə, lap elə parlamentdə...
Bazarda 1 kq əvəzinə sənə 800 qram meyvə çəkən alverçidən inciməyə dəyməz, axı o yetim də ona-buna haqq verəndən sonra özünə 5-10 qəpik çörək pulu qalmalıdır. Ya da “yumurtanı təzə gətirmişəm, öz həyətimdəndir” deyən arvada inanıb evdə köhnə broyler yumurtasını yeyə bilməyəndə ona söyməli deyilsən ki? Adamın çörəyi yalandan çıxır.
Yainki, bir yeməkxanada oturub yemək yeyirsən, hesabda sənə xeyli kələk gəlir, and-aman edir ki, bəs biz halal məhsul alırıq, ona görə də bahadır. İndi neyləmək olar, gərəkdir ki, bu yalanı udasan, yediyin yeməyi geri qaytara bilməzsən ki?
Ya da ki, bir dostundan bir neçə günlüyə kiçik bir miqdar borc istəyirsən, deyir ki, sən öl, özüm ölüm, Quran haqqı yoxumdur. Amma sabah eşidirsən ki sağlığına qismət olsun özünə bahalı maşın alıbdır. İndi yalan deyir deyə vurub onu öldürəkmi?
“Balam ölsün yalan deyirəmsə, öz inəyimin südüdür” deyən arvadın həyətində “stolovoy” zibilləri ilə qidalanan cəmi bir inəyi var, amma butun şəhərə süd, qatıq satır. İncəfara, onun süd, qatığı yaman yağlı olur. Bunun özü də bir əziyyətdir, get mağazadan vaxtı keçmiş marqarin yağını al gətir, sonra onu gətir ərit və bir miqdar quru süddən düzəltdiyin məhlula qat “təbii süd” düzəlt. Bəli, bu elə belə iş deyildir.
Düzdür, haman o arvad bu əməli ilə başqalarının körpə uşaqlarını zəhərləyib sağalmaz bəlalara giriftar eləyir, lakin cənnətə düşəcəyinə əmindir. Deyir ki, bəs mən namaz qılıram, Məşhədə getmişəm, kasıb-kusuba əl tuturam, onlara nisyə də mal verirəm.
Bu arvadın dediyinə görə, o dünyada bunu məhkəmə qarşısına çıxaranda ki, sən xalqı niyə zəhərləyirdin, cavab verəcək ki, bəs mən neyləyim, 250 manat pensiyanın 100 manatını kommunal xərclərə, 100 manatını da dərmanlara verib özüm acından ölümmü? Bu yerdə ədalət məhkəməsinin boğazı quruyacaq, axı ilahi qanunlara görə də hər kəsin özünün müdafiə etmək və yaşamaq hüququ vardır. Beləliklə, məcburən bu arvadı cənnətə salacaqlar.
Yainki, götürək bir həkimi. Ağır bir azara mübtəla olub çarə üçün onun yanına gedənlərə düzgün müalicə yazsa, ondan rüşvət almasa necə dolanar, lap acından ölər ki? Sən özün ol, bir dərman firmasının nümayəndəsi gəlib sənə desə ki, həmşərim, bəs xəstələrə filan dərmanları yazsan hər birində yarısı sənindir, neyləyərsən? Necə? Razı olmazsan?! Get özüvə ala! Bizdə 3 tuzdur!
Məgər sənin uşaqların oyuncaq əvəzinə inək peyini ilə oynayır, yainki, övrətin toya qoyun dərisi geyib gedir, bəlkə sən yemək əvəzinə havayla dolanırsan? Keçməz, qədeş! 300-400 manatla sən vicdanını qoruya bilməzsən! Qorusan da ailən acından ortalıqda ölər, camaat sənin cəmdəyinə tüpürər!
Həyətindən malı oğurlanan şəxsə qonşusu dildə təəssüfünü bildirib oğrunu söyəndə, ürəyində o malı oğurladığı üçün heç bir qırıq vicdan əzabı da olmur. Yainki, birinin evindən qızıl itəndə, əksər hallarda bunu yaxın qohumun oğurladığı məlum olarkən, o adam heç xəcalət də çəkməyir.
Bir çox əcnəbi vilayətlərdə insanlar öz əşyalarını çöldə, bayırda unudanda, heç kəsin onunla işi olmaz, sahibi nə vaxt istəsə özü gəlib yerindən götürər. Gəlməsə belə kimsə götürüb polisə verər, o da sahibini tapıb çatdırar. Hətta bəzi ölkələrdə malları çölün düzündə qoyub gedirlər, qiyməti də yazırlar, adamlar gəlib lazımi qədər götürür və pulunu da qoyub gedir. Lakin bizdə belə hallar qətiyyən mümkün deyildir. Nəinki çöldə, bayırda, öz həyətində belə əşyanı gözdən qoymaq mümkün deyildir. Ol səbəbdəndir ki, bizdə üstü tikanlı məftillər və ya şüşə qırıqları ilə bəzədilmiş hündür hasarlar, topdağıtmaz polad darvazalar, 3-4 yerdən bağlanan seyf qapılar, pəncərələrə vurulmuş dəmir barmaqlıqlar həmişə dəbdədir.
Bizdə yalandan bütün müqəddəslərə and içmək də heç dəbdən düşmür. Allah haqqı, Quran haqqı, atamın, atamın canı üçün, balan ölsün(?!), ölənlərimin goru haqqı kimi andlar içənlərin çox keçməmiş yalan dediyi ortaya çıxanda adamın əli üzündə qalır.
Uzun sözün qısası, aldatmaq və yalançılıq azarı bizdə yoluxucu xəstəlik kimi yayılıbdır və bir çox vətəndaşlarımız haman bu bəlaya mübtəla olubdur. Hətta, adam bir gün yalan danışmayanda özünü birtəhər hiss eləyir, elə bil ki bir eşşək səni öz yalan danışmaqla tikdirdiyi villasında eşşək kimi işlədib, axırda da pulunu verməyibdir.
Beləliklə, aşikar olur ki, məmləkətimizdə bir çox adamlar məcburiyyətdən yalan danışır. Belələrinə bir kəlmə söz deyəndə adam deyirlər ki, bəs hər kəsin özünü acından ölməkdən xilas etmək və yaşamaq hüququ vardır. Bunu halal yollarla təmin edə bilməyəndə, haram yollara baş vurmaqdan başqa çarəmiz qalmayır. Ona görə də, bizi qınamayın.
Yaxşı əsaslandırmadır. Əmma şəxsən məni bir məsələ düşündürür. Ki, dünyada kasıblıq çəkən, müxtəlif növ bəlalara mübtəla olan camaət təkcə bizim camaət deyil ki, bəs o birilər niyə belə həngamədən çıxmırlar? Axı halal yolla da yaşamaq mümkündür. Düzdür, bir az çətinlik çəkəcəksən, amma öz ləyaqətini, vicdanını satmayacaqsan. Görkəmli aktyorumuz Yaşar Nurinin “Qatarda” tamaşasında dediyi kimi, “canları çıxsın, təmiz yaşasınlar”...
Yaxşı, elə hesab edək ki, bu cəmaətin müəyyən bir hissəsinin başqa yolu yoxdur, bu binəvalar məcburən bu cinayətdə bulunurlar, o tövrdə bəs bir para məmurlar, pullu biznesmenlər, lap elə müğənnilər niyə xalqa yalan danışırlar? Məgər onların da balaları evdə acından ölür? Axı onların buna heç bir məcburiyyəti yoxdur. Nöşün ki, indi əvvəlki zamana deyil, adamlar rahat yolla çoxlu pul qazanıb şah kimi yaşamaq istəyir.
“Mən Allah adamıyam” deyərək hamı bir-birini aldadır, badalaq vurur, oğurluq edir, qonşusu ac ikən yumşaq yorğan döşəkdə kababla doldurduğu qarnını sığallaya-sığallaya yatır.
Əşi, qorxmayın, nə axirət məhkəməsi var, nə də bizdə yalan danışmağa görə kimisə həbs eləmirlər. 5 günlük dünyadır, onun da 3-ü keçib gedib, yeyin-için kef eləyin. Şəxsən bəndəniz belə eləyir, hər gün yalan danışıram. Elə bu yazını da yalandan yazdım. Burda dediklərim bizim cəmiyyətdə olmur, ağzım... pardon, yəni, əlim öyrəşib, elə belə bekarçılıqdan yalan yazdım. Ona görə də bəndeyi-həqirinizin günahından keçin.
Elçin Bayramlı
Oxunub: 276