dini radikalizm və ekstremizmlə mübarizə

Etibar Cavad poeziyasının inciləri


Çəkir məni

Boğur aranın istisi,
Dağlar yaman çəkir məni.
Yurd- yuvam məndən ötəri-
ağlar,
yaman çəkir məni.

Hər gülünə göz atdığım,
Qönçəsinə söz atdığım,
Sağlıq deyib yüz atdığım,
Bağlar yaman çəkir məni.

Dünyanı cənnət gördüyüm,
Qayğısız ömür sürdüyüm,
İlk eşqimə gül verdiyim,
Çağlar yaman çəkir məni.

Göylər duymur xitabımı,
Görmürəm Göz gülabımı,
İnciyib eşq kitabımı-
bağlar,
yaman çəkir məni.

Toz geyən əynim- başım tox,
Şeytanım cox, qandaşım yox,
O dünyadan yoldaşım cox,
Sağlar yaman çəkir məni.


Naziyla öldürər səni

Gəzdim diyar-diyar eli, obanı,
Axtardım bir gözəl, güldürə məni.
Tapmışam ay ellər, elə birinı,
Az qalır nazıyla öldürə məni.

Göz vurur gözündən şəkər süzülür,
Üzünü turşutsa bağrım köz olur,
Gah yarama məlhəm, gah da duz olur,
Az qalır nazıyla öldürə məni.

Dünya bir yanadır, o, bir yanadır,
Sanki göz yaşımda üzən sonadır,
Dərd verib dərdimə yanan anadır,
Az qalır nazıyla öldürə məni.

Ürək də dözməyir, axı, daş deyil,
Baş da hər bir naza dözən baş deyil,
Etibar, ağır ol, yaş, o yaş deyil,
Bu gözəl nazıyla öldürər səni.



Yanar köz verin

Əlimlə verdiyim borcu almağa,
Utanmayım deyə mənə üz verin,
Bu soyuq dünyadan razı qalmağa,
Könlümü isidən yanar köz verin.

Dağın qüdrətinə gendən baxmayın,
Bulud gözlərimin yaşın sıxmayın,
Ruhuma toxunub ürək yaxmayın,
Şeirimin dəyərin doğru, düz verin.

Odla oynamayın, könül qırmayın,
Bu gülər üzümün tərsin görməyin,
Yalan danışmayın, boş vəd verməyin,
Kişiyə kişitək layiq söz verin.

Haram yeməmişəm, cox bəxtiyaram,
Namərd gülləsindən əzaba yaram,
Qisasın almasam sağalmaz yaram,
Yarama səpməyə hər gün duz verin.

Etibaram, heçdən düşmüşəm dara,
Həsrətəm xoş günə, vəfalı yara,
Allahı görməyən insafsızlara,
Mənim gözlərimtək görən göz verin.


Mələyim

Mələyim, dərdini de, ağlama, gül,
Baxıb heyran olum seyranda sənə.
Bu dəli sevgidə yas saxlama, gül,
Ola gül bülbülü heyran da sənə.

Gül, inan aşiqinin hər sözünə,
Telinə gəlmədi tən Yer üzünə.
Baxan olsa gözüm iləm özünə,
Görəcək tay deyil ceyran da sənə.

Daha saf eşqimizi salma dilə,
Nə gərək, ömrü hədər vermə yelə.
Gəl öpüm, sığal çəkim qarə telə,
Edərəm canımı qurban da sənə.

Gül, gülüm, gül, nazı et, gül, göz elə,
Dilə yardan nə dilərsənsə dilə,
Sınama Etibarı hicrin ilə,
Şikayət etməyə divanda sənə!..


Sevdiyim

Hər şirin kəlməyə, sözə uymadım,
Eşqdən usanmadım, yardan doymadım,
Qələmi əlimdən yerə qoymadım,
Hər sözüm, söhbətim oldu sevdiyim.

Bacara bilmədim ürəyim ilə,
Düşdü od- alova can, bilə- bilə,
Sıxdım göz gülabın hey gilə- gilə,
Dondu kipriyimdə qaldı sevdiyim.

Gözümdən nəm çəkdi üzümü görcək,
Anladı Məcnuna dönüşüm gərçək,
Dedi:- talehsizəm, bu eşqdən əl çək,
Çəkmədim...
Buludtək doldu sevdiyim.

Yalvardım Allaha hər gün yatmadan,
Görüm gül üzünü günəş batmadan,
Dadına baxmadan, əlin tutmadan,
Sandım ki, şəkərdi, baldı sevdiyim.

Etibar, Allahdan ümid kəsilməz,
Demə qara sevdan üzünə gülməz,
Yaşamaq eşqini bu sevgidə gəz,
Qızıldı, gövhərdi, ləldi sevdiyim.

Oxunub: 1 328
Oxşar xəbərlər
SON XƏBƏRLƏR