Bu il Yeni il şənliyini hərə bir cür keçirdi: kimi evdə, kimi xaricdə və ya ölkənin müxtəlif şəhər və rayonlarında. Bu təmamilə adi haldır. Ancaq türkiyəli din xadimi Adnan Oktar Yeni il şənliyini elə keçirdi ki, gündəmdə hər kəs ondan danışmağa başladı. “ Kedicik” adlandırdığı 30 qızla əylənən Harun Yəhya ləqəbli Adnan Oktar tənqid hədəfinə çevrildi.
Bütün tənqidlərə baxmayaraq, Adnan Oktarın ardıcılları artmaqdadır. Hətta Azərbaycandan Türkiyəyə bu məqsədlə gedənlər də var.
Bəs özünü din xadimi adı ilə təqdim edən Adnan Oktar haqqında dinşünaslarımız nə fikirdədirlər? Onu din xadimi adlandırmaq olarmı?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə İslam dinində din xadimi adı yoxdur:
“Din xadimi,şeyxülislam kimi sözlərin hamısı sonradan İslama gətirilib. Bizim dinimizdə Allah ilə insan arasında heç kim durmur. Xristianlıqda olaniyerarxiya İslamda qəbuledilməzdir.
Dini xadim adı qalsın bir tərəfə, Adnan Oktarın din ilə uzaqdan-yaxından əlaqəsi yoxdur”.
Rafiq Əliyev qeyd etdi ki, Adnan Oktarın məqsədi dinin adından istifadə edib özlərini reklam etməkdir:
“Dinin adından istifadə edib özlərinə cəmiyyətdə yer tuturlar, dövlətdən güzəştlər tələb edirlər.
Özlərinə yalandan din xadimi adı verib, dini gözdən salırlar. Biz hamımız Allahın quluyuq, din xadimi anlayışı ümumiyyətlə yoxdur”.
İlahiyyatçı Elvüsal Məmmədov isə bildirdi ki, Adnan Oktar ümumiyyətlə din xadimi,dinlə məşğul olan birisi deyil:
“Sadəcə dini maarifləndirmək istədiyini deyən şəxsdir. Bir şəxsin ilahiyyatçı, din xadimi sayılması üçün fundamental dini təhsil alması, bütün təhsil sahələrində olduğu kimi bu sahədə də bilikləri mənimsəməsi lazımdır. Bu ona görədir ki, dində sözü keçən, məsləhət verə bilən,maarifləndirmə işi apara bilən birinə çevriləsən”.
Elvüsal Məmmədov qeyd etdi ki, Adnan Oktarın qadınlarla bağlı etdiyi hərəkətlər İslam dininə təmamilə ziddir.
“Geyimi yaxşı olmayan hər hansı bir şəxslə görüşüb onu İslama dəvət etməyi İslam qadağan eləmir,ancaq Adnan Oktar bunun əksini edir. İnsanlara bu cür yaşamaq, geyinmək,həyat tərzi sürməyi aşılamaq çox təhlükəli yanaşmadır.Çünki dinimizin əsas sütunlarından biri məhrəmiyyət mövzusudur. Qadınla kişi arasında müəyyən sərhədlərin qorunması,qadınların geyimlərində müəyyən ölçülərin olması əsas şərtlərdəndir. Adnan Oktarın aşıladığı dini təlim bu qaydalarla üst-üstə düşmür”.
Elvüsal Məmmədovun sözlərinə görə,Adnan Oktarın ardıcıllarının artması nəfsə xoş gələn din anlayışı ilə əlaqədardır.
“İnsanın nəfsi nəyə meyillidirsə,insan da ondan xoşlanar. İslam dininin insanların boynuna qoyduğu hökmlər,onların nəfsinə ağır gəlir. İnsan 5 vaxt namaz qılmalıdır,qadınlarla münasibətinə diqqət yetirməlidir, bütün bunlar nəfsə ağır gəlir. Lakin Adnan Oktarın təqdim etdiyi din ifrat sərbəstliyə əsaslanır. Bu da insan nəfsinə xoş gəlir. Bu da təəssüf ki,onun ardıcıllarının sayının artmasına səbəb olur”.
Sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva Modern.az-a açıqlamasında bildirdi ki, din sözünün mənası məsuliyyət hissi deməkdir.
“Məsuliyyət hissi dedikdə, həm Allahın qoyduğu qaydalara, həm də etik normalara riayət edilməsi nəzərdə tutulur. Ancaq Adnan Oktarın etdiyi hərəkətlər bunların heç birinə uyğun gəlmir. Mən o şəxsə sadəcə təəssüf edirəm”.
Dinşünas alim Nəriman Qasımoğlu bildirdi ki, Adnan Oktar dinin adından istifadə edib sadəcə gündəm yaratmaq, haqqında danışdırmaq niyyətindədir.
Oxunub: 867