dini radikalizm və ekstremizmlə mübarizə

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 62-ci iclasında iştirak edib

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 62-ci iclasında iştirak edib


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-15-də Argentinanın Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak edib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrinin prokurorluq orqanlarının rəhbər şəxslərinin və Assosiasiya nümayəndələrinin iştirak etdiyi iclasda təşkilatın fəaliyyəti, rəhbər orqanlarının formalaşdırılması, dünya prokurorlarının beynəlxalq əməkdaşlığının inkişaf istiqamətləri və qarşıdakı dövr üçün əsas prioritetlər müzakirə olunub.

BPA-nın prezidenti Xuan Bautista Mahikesin Argentinanın ədliyyə naziri təyin edilməsi ilə əlaqədar iclas çərçivəsində keçirilən səsvermə nəticəsində yeni prezident seçilənədək bu vəzifənin icrası müvəqqəti olaraq BPA İcraiyyə Komitəsinin üzvü Məhəmməd Həsənə həvalə edilib.

İclasın gündəliyinə Assosiasiyanın İcraiyyə Komitəsinin tərkibi, təşkilatın rəhbər vəzifələrində nəzərdə tutulan dəyişikliklər, Nizamnamə və daxili prosedurların təkmilləşdirilməsi, maliyyə və təşkilati məsələlər, habelə beynəlxalq və regional tədbirlərin təşkili ilə bağlı məsələlər daxil edilib.

Tədbirdə təşkilatın rəhbər vəzifələrinə təklif edilən yeni namizədlər də nəzərdən keçirilib. Avstriya və Şotlandiyanın prokurorluq sistemlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış İnqrid Maşl-Klauzen Assosiasiyanın baş katibi, Endryu Riçardson isə baş müşaviri vəzifəsinə namizəd kimi irəli sürülüb.

Qeyd edək ki, həmin namizədlər Assosiasiyanın noyabrın 16-da hibrid formatda keçirilən Ümumi Yığıncağında müvafiq vəzifələrə təsdiq ediliblər. Bundan başqa, yığıncaqda Assosiasiyanın fəaliyyəti barədə hesabatla çıxış edən qurumun baş müşaviri Tarika Cayaratne 2026-cı ilin iyun ayında Azərbaycana səfəri çərçivəsində Milli Aviasiya Akademiyasında "Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi" mövzusunda keçirilən təlimi yüksək qiymətləndirib. O, bu təşəbbüsü beynəlxalq prokuror ictimaiyyəti üçün qabaqcıl təcrübə və gələcəkdə analoji tədbirlərin təşkili baxımından uğurlu nümunə kimi qeyd edib.

İcraiyyə Komitəsinin 62-ci iclasında, həmçinin Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, üzvlər arasında təcrübə mübadiləsi, prokurorların peşə hazırlığı, BPA-nın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti, təlim proqramlarının inkişafı və qarşıdakı illərdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

BPA-nın vitse-prezidenti qismində tədbirdə iştirak edən Baş prokuror Kamran Əliyev Assosiasiyanın fəaliyyətində Azərbaycanın fəal iştirak etdiyini və ölkəmizin təşkilatın inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və cinayətkarlığın ənənəvi və yeni təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Bu baxımdan, 2024-cü ildə Bakıda BPA-nın 29-cu illik konfransının yüksək səviyyədə təşkili, eləcə də Azərbaycanın Assosiasiyanın rəhbər orqanlarında təmsil olunması ölkəmizin dünya prokurorlarının bu unikal və effektiv platforması ilə səmərəli əməkdaşlığının göstəricisi kimi qeyd edilib.

İclas zamanı prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığının daha da gücləndirilməsi, transmilli cinayətkarlıqla mübarizədə müasir çağırışlar və peşəkar əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin rəhbəri ayrı-ayrı xarici həmkarları ilə səmərəli görüşlər keçirib.

Həmçinin, Baş prokuror Azərbaycanın Argentinadakı səfirliyini ziyarət edərək əməkdaşlarla görüşüb, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin Argentinanın federal baş prokuroru Eduardo Kasal, Buenos-Ayres Muxtar Şəhərinin baş prokuroru Martin Lopes Savaleta və ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlərdə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov da iştirak edib.

Oxunub: 15
Oxşar xəbərlər
SON XƏBƏRLƏR