Milli Məclisdə dövlət büdcəsindən ədəbi nəşrlərə ayrılan vəsaitin artırılması ilə bağlı təklif irəli sürülüb.
Bu barədə Milli Məclisin deputatı Elnarə Akimova parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, media təkcə informasiya məkanı deyil, eyni zamanda, yüz ildən sonra da hərəkətdə olacaq yaddaş fenomenidir:
"Bilirsiniz ki, 90-cı illərin əvvəllərində Azərbaycanda ədəbi mətbuat maddi baxımdan tənəzzül dövrünü yaşayırdı. Bu mətbu orqanlar bağlanmaq təhlükəsi ilə üz-üzə qalanda Ümummilli Liderimiz 1997-ci ilin noyabrında "Ədəbiyyat qəzeti", "Ulduz", "Azərbaycan" və "Qobustan" jurnallarının dövlət büdcəsindən maliyyələşdirilməsi barədə sərəncam verdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin nəşrlər indi də öz mövcudluğunu 1997-ci ildə müəyyənləşmiş büdcə ilə davam etdirirlər. Ötən illər ərzində iqtisadiyyatımız sürətlə inkişaf edib. Biz həmin mətbuat orqanlarının nəşrini, fəaliyyətini daha yüksək səviyyədə davam etdirməsi məsələsinə həm də Ulu Öndərimizin tövsiyəsi kimi yanaşmalı və büdcədən onlara ayrılan vəsaitin artırılmasına diqqət ayırmalıyıq".
Oxunub: 13