dini radikalizm və ekstremizmlə mübarizə

Qodonun həsrətində... Bitməyən arzuların səhnə təcəssümü


Gənc Tamaşaçılar Teatrının səhnəsində

Absurd janrında yazılmış S. Bekketin “Qodonun həsrətində” əsəri əslində bəşəri və eyni zamanda çox sadə bir mövzudan bəhs edir. İnsan ömrünün sonuna qədər arzularının həsrəti ilə yaşayır və bu arzular ömrünün sonuna qədər bitmir ki, bitmir...

Ədəbi əsər dünya ədəbiyyatında öz sözünü çoxdan deyib, müxtəlif səhnələrdə oynanılıb və bu gün də oynanılmaqdadır. Nobel mükafatına layiq görülmüş müəllifin fikirləri isə müxtəlif yozumlara açıqdır. Elə bu da əsərə xüsusi maraq doğurur.

Amma əsas fikrim tamaşaya yönəlib.

Tamaşada sadə və maraqlı dekor qurulub. Səhnənin tam ortasında bir ağac dayanıb. Əvvəlcə o, çox qurudur, ikinci hissədə isə yaşıllaşır. Bunun da xüsusi mənası var və tamaşaçı tədricən həmin mənanı anlayır.

Aktyor seçimi olduqca maraqlıdır. Hər kəs öz oyununu daxilən anlayaraq səhnəyə çıxır.

İstedadlı aktyor Şövqü Hüseynov bu dəfə rejissor kimi tamaşanı təqdim edir və özü də baş rolda çıxış edir. Bunun nə qədər çətin və məsuliyyətli olduğu göz önündədir.

Aktyor Şövqü Hüseynov səhnədə olduqca səmimidir, cana yaxındır. Obrazının ən xırda detallarını belə bizə ustalıqla ötürür. O qədər ki, bir tamaşaçı olaraq az qala bağırmaq istəyirsən: “Gəlsin də bu Qodo... Gəlsin!”

Şövqü Hüseynovun yaradıcılığı, təcrübəsi, dünya festivallarında iştirakı, teatrımızı dünyada tanıtması, əslində, qürurvericidir və bəlkə də böyük bir pafosa layiqdir! Amma o, bütün bunları sakit qarşılayır: “İşimdir”, – deyir. Və növbəti uğur! Həm rejissor, həm də aktyor uğuru!

Digər istedadlı aktyor Kərəm Hadızadə haqqında da fikir bildirmək istəyirəm.

Aktyor son dərəcə fərqli bir obrazla qarşımıza çıxır. Onun obrazı sadəlövh, yazıq, inamsız, kiçik bir ümidə hələ də açıq olan bir varlıqdır. Aktyor onu özünəməxsus şəkildə təqdim edir, obrazın xarakterinə öz mənindən də əlavələr edir. Bunu o qədər ustalıqla edir ki, tamaşaçı onu qısa zamanda qəbul edir və olduğu kimi sevir. Daha dəqiq desək, aktyor obrazı ilə bütövləşir. Bu isə onun çoxşaxəli istedadından xəbər verir.

Digər aktyorlar Elnur Bəhrəmxan və Nurlan Süleymanlı öz gəlişləri ilə nəinki bu iki biçarə varlığı sevindirir, eyni zamanda tamaşanın bütün ahənginə təsir edirlər. Onların səhnə tandemi uyğunluq təşkil edir. Hər biri öz növbəsində obrazının mahiyyətini dərk edərək onu tamaşaçıya çatdırır. Nəticədə tamaşaçı iki bitkin obrazla təmasa girir.

İllərdir hər iki aktyoru müxtəlif rollarda izləyirəm. Təcrübə artdıqca kamilləşmə prosesi onların yaradıcılığında özünü daha qabarıq büruzə verir.

Gənc aktrisa Lalə Qarayeva haqqında da xüsusi qeyd etmək istəyirəm. Onun şirinliklə dəfələrlə səsləndirdiyi “Bəli, cənab!” frazası hələ də qulağımda cingildəyir. Deməli, həqiqətən də rolun böyüyü-kiçiyi olmur.

Bu əsər, bayaq qeyd etdiyim kimi, dünya miqyasında tanınmış və müxtəlif səhnələrdə tamaşaya qoyulmuş əsərdir. Məhz Azərbaycan teatrında səhnələşdirilməsi, məncə, teatr aləmində mühüm hadisədir.

Düşünürəm ki, bütün yaradıcı heyətə tamaşaçılar adından ən böyük təşəkkür düşür!

Təranə Feyzullayeva

Oxunub: 13
Oxşar xəbərlər
SON XƏBƏRLƏR