dini radikalizm və ekstremizmlə mübarizə

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH


Azərbaycanın müasir siyasi tarixində bəzi çıxışlar keçirilən yolun hesabatını verir, bəzi çıxışlar isə qarşıdakı yolun istiqamətlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqi məhz ikinci məzmunu ilə seçilir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanın bundan sonrakı güc formulunun nədən ibarət olacağı – təhlükəsizlikdən ideoloji dayanıqlığa, iqtisadi müstəqillikdən fəal diplomatiyaya, enerji və nəqliyyat imkanlarından Böyük Qayıdışa qədər – çıxışın əsas siyasi xəttini təşkil edir.

Bu fikirlər Yeni Azərbaycan Partiyasının fəalı Aygül Bağırovanın AZƏRTAC-a təqdim etdiyi məqaləsində yer alıb. Yazını təqdim edirik.

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayı əvvəlkilərdən fərqləndirən əsas tarixi məqam YAP-ın ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın reallığında toplaşmasıdır. VII Qurultay Zəfərdən qısa müddət sonra keçirilirdisə, hazırkı mərhələ yeni inkişaf hədəflərini zəruri edir.

Artıq əsas vəzifə yalnız keçilmiş yolu xatırlamaq deyil, əldə olunan nəticələrin hansı dayaqlar üzərində qorunacağını, Azərbaycanın dəyişən dünyada mövqeyini necə möhkəmləndirəcəyini müəyyənləşdirməkdir.

Prezidentin nitqində keçmiş, bu gün və gələcək ayrı-ayrı dövrlər kimi deyil, eyni dövlətçilik xəttinin ardıcıl mərhələləri kimi birləşir. 1990-cı illərin sınaqları, YAP-ın yaranması, Ulu Öndər Heydər Əliyevin qayıdışı, ordunun gücləndirilməsi, Vətən müharibəsi və 2023-cü ilin sentyabrında suverenliyin bərpası bu siyasi ardıcıllığın əsas dayaq nöqtələridir.

İki tarix – bir dövlətçilik xətti

Prezident İlham Əliyevin 8 Noyabr və 20 Sentyabr tarixlərini yanaşı səsləndirməsi nitqin mühüm siyasi tezislərindən biridir. 8 Noyabr Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərin, 20 Sentyabr isə 2023-cü ildə dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpasının rəmzidir. Prezident bu iki tarixi Azərbaycanın müasir tarixinin mühüm hadisələri kimi təqdim edib.

Bu yanaşma əslində son illərin siyasi məntiqini də açır. 44 günlük müharibə ilə başlayan yeni mərhələ 2023-cü ilin sentyabrında suverenliyin tam təmin olunması ilə başqa siyasi məzmun qazandı. Hərbi meydanda əldə olunan nəticənin diplomatik, hüquqi və dövlət idarəçiliyi müstəvisində möhkəmlənməsi Azərbaycanın son illərdə apardığı siyasətin başlıca istiqamətlərindən biri oldu.

Burada Prezidentin çıxışında diqqəti çəkən başqa bir məqam tarixi yaddaşa verilən önəmdir. Ermənistanın əvvəlki və indiki rəhbərliyinin Qarabağ məsələsində mövqelərinə dair sərt qiymətləndirmələr məhz dövlət başçısının siyasi mövqeyi kimi səslənib. Prezident 2018–2020-ci illərdə baş verən proseslərin xatırlanmasını tarixin təhrif olunmasının qarşısının alınması ilə əlaqələndirib.

Bu, qurultay nitqinin mühüm xəttini göstərir: gələcək siyasəti qurarkən tarixi yaddaş siyasi qərarların arxa planında qalır.

1992-ci ildən başlayan yol

Prezident İlham Əliyev Azərbaycanın sonrakı qələbələrinin siyasi başlanğıcını Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı ilə əlaqələndirib.

Dövlət başçısının çıxışında YAP-ın yaranması həmin dövrün ağır ictimai-siyasi şəraitinə verilən cavab kimi təqdim olunur. Prezident Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını da xalqın tələbi kimi xarakterizə edib.

Bu hissənin siyasi əhəmiyyəti yalnız tarixə ekskursiya ilə məhdudlaşmır. Prezident müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadəni Heydər Əliyev siyasi xəttinin əsas prinsipləri kimi göstərib.

VIII Qurultay nitqində həmin prinsiplər tarixi irsin xatırlanması ilə yanaşı, bugünkü dövlət siyasətinin də dayaqları kimi təqdim olunur. Azərbaycanın keçdiyi yolun siyasi məntiqi məhz bu nöqtədə görünür: iqtisadi müstəqillik hərbi gücü, hərbi güc suveren qərarverməni, suveren qərarvermə isə müstəqil xarici siyasəti tamamlayan amillərə çevrilib.

Zəfərdən sonra niyə yenə güc?

Nitqin gələcəyə ünvanlanan hissəsində Prezident İlham Əliyevin birinci sıraya çıxardığı məsələlərdən biri hərbi gücün daha da artırılmasıdır. Ölkə suverenliyini təmin etsə və sülh prosesi başlasa da, dünyada münaqişə ocaqlarının artması və geosiyasi mühitin mürəkkəbləşməsi təhlükəsizlik siyasətinin davamlı gücləndirilməsini zəruri edir.

Bunu təsdiqləyən əsas göstərici növbəti ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məqsədləri üçün təqribən 9 milyard manata yaxın vəsaitin nəzərdə tutulmasıdır. Beynəlxalq münasibətlər sistemində təhlükəsizlik mexanizmlərinin zəiflədiyi bir dövrdə Azərbaycan əldə olunan Zəfərin davamlılığını məhz gücün qorunmasında görür.

Burada güc anlayışı hücum deyil, çəkindirmə qabiliyyəti, sərhədlərin müdafiəsi, texnoloji üstünlük və istənilən riskə hazır olmaq deməkdir.

XXI əsrin yeni təhlükəsizlik xətti

Prezidentin nitqinin ən maraqlı istiqamətlərindən biri təhlükəsizlik anlayışının ideoloji müstəviyə qədər genişləndirilməsidir. Dövlət başçısı internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji risklərin sərhəd tanımadığını vurğulayıb. Bu risklər qarşısında təhsil, bilik və vətənpərvərlik əsas dayaq kimi göstərilib.

Rəqəmsal dövrdə dövlət təhlükəsizliyinin xətti artıq yalnız sərhəddən deyil, həm də insanın oxuduğu xəbərlərdən və formalaşan dünyagörüşündən keçir. Saxta məlumatların tez bir zamanda yayıldığı, süni intellektin manipulyasiya imkanlarını genişləndirdiyi bir dünyada savadlı cəmiyyət milli təhlükəsizliyin mühüm resursuna çevrilir.

Məhz buna görə də təhsil məsələsi təhlükəsizlik mövzusu ilə eyni siyasi məntiqdə səslənir. Məktəb və universitetlər təkcə bilik verən deyil, həm də analitik düşüncə formalaşdıran və cəmiyyəti informasiya təsirlərindən qoruyan strateji institutlar kimi önə çıxır.

Şablondan faktın gücünə

Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyəti ilə bağlı nitqin ən konkret çağırışlarından biri ideoloji işin yenilənməsidir.

Prezident formal xarakter daşıyan tədbirlərin və şablon yanaşmaların müasir informasiya dövrünün tələblərinə cavab verən siyasi kommunikasiya ilə əvəzlənməsinin vacibliyini bildirib. Dövlət başçısının fikrində əsas məsələ Azərbaycan reallıqlarının və ölkədə görülən işlərin cəmiyyətə təsirli şəkildə çatdırılmasıdır.

Burada partiya fəalının rolu da dəyişir. Müasir siyasi fəallıq tədbirdə iştirak, məruzə və protokol çərçivəsindən daha geniş sahəyə keçir. Faktı bilməyi, tarixi doğru təqdim etməyi, dövlət siyasətinin mahiyyətini anlaşılan dillə izah etməyi, sosial medianın sürətinə uyğun kommunikasiya qurmağı tələb edir.

Başqa sözlə, yeni dövrün siyasi mübarizəsində quru şüar qarşısında fakt, formal ünsiyyət qarşısında canlı kommunikasiya, gecikmiş reaksiya qarşısında çeviklik dayanır.

VIII Qurultay nitqinin bu hissəsindən çıxan əsas məna budur: yeni siyasi reallıq yeni siyasi ünsiyyət tələb edir.

Diplomatiyanın əsas sözü – müstəqillik

Prezident İlham Əliyevin çıxışında xarici siyasətlə bağlı tezislər Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemindəki mövqeyini izah edir. Dövlət başçısı ölkəmizin müxtəlif siyasi qütblərlə əlaqələr qurduğunu, hər hansı düşərgəyə qoşulmadan milli maraqlarını müdafiə etdiyini və qarşıda daha fəal xarici siyasət yürütməyin vacibliyini vurğulayıb.

Bu siyasətin uğurlu nəticələri kimi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsi, D-8-ə qoşulması, Aİ-nin 10 üzvü ilə strateji tərəfdaşlıq formatı, Çinlə hərtərəfli tərəfdaşlıq və ABŞ-la Strateji Xartiyanın imzalanması qeyd olunub. Bütün bunlar ölkəmizin müxtəlif güc mərkəzləri ilə paralel işləmək imkanını göstərir.

Prezidentin çıxışında səsləndirdiyi “sözümüz imzamız qədər dəyərlidir” prinsipi Azərbaycanın etibarlı tərəfdaş imicini ortaya qoyur. Müasir geosiyasətdə dövlətin çəkisi təkcə ərazisi ilə deyil, etibarlılığı, enerji-nəqliyyat imkanları, diplomatik manevr qabiliyyəti və siyasi sabitliyi ilə ölçülür. VIII Qurultay nitqində xarici siyasət məhz bu elementlərin vəhdəti kimi təqdim olunur.

İqtisadi müstəqillik – siyasi qərarın dayağı

Nitqin iqtisadi hissəsində səslənən rəqəmlər siyasi məzmundan ayrı görünmür.

Prezidentin açıqlamasına əsasən, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 5,6 faizini təşkil edir. Dövlətin valyuta ehtiyatları isə 90 milyard dollara çatıb və xarici borcun həcmindən təxminən 20 dəfə çoxdur.

Bu göstəricilərin əsas siyasi mənası maliyyə dayanıqlığının dövlətin sərbəst qərarvermə imkanlarına yaratdığı şəraitdir.

Xarici maliyyə asılılığı aşağı olduqca dövlət strateji layihələrini öz prioritetlərinə uyğun qurmaq, təhlükəsizlik xərclərini maliyyələşdirmək, sosial proqramları davam etdirmək və böyük infrastruktur layihələrinə vəsait yönəltmək üçün daha geniş imkan qazanır.

Prezident iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan investisiya kontraktlarının ümumi həcminin 20 milyard dolları keçdiyini də bildirib. Bu rəqəm çıxışda Azərbaycanın iqtisadiyyatına beynəlxalq sərmayə marağının göstəricisi kimi təqdim olunub.

Beləliklə, VIII Qurultayın iqtisadi tezisləri bir düsturda birləşir: maliyyə dayanıqlığı iqtisadi müstəqilliyi, iqtisadi müstəqillik isə siyasi manevr imkanlarını genişləndirir.

Enerjidən geosiyasi çəkiyə

Dünyada enerji bazarlarının sürətlə dəyişdiyi bir vaxtda Prezident İlham Əliyevin enerji təhlükəsizliyini milli təhlükəsizlik anlayışı ilə əlaqələndirməsi nitqin strateji istiqamətlərindən biridir.

Dövlət başçısı Azərbaycanın xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal edib ixrac edən ölkə kimi imkanlarını vurğulayıb. Prezidentin qiymətləndirməsinə əsasən, enerji resursları Azərbaycanın geosiyasi və təhlükəsizlik baxımından rolunu artıran amillər sırasında yer alır.

Enerji artıq iqtisadiyyatın bir sahəsi çərçivəsində qalmır. Təchizat marşrutlarının təhlükəsizliyi, yeni bazarlara çıxış, istehsal gücü və uzunmüddətli kontraktlar dövlətlərarası münasibətlərin mühüm elementinə çevrilib.

Azərbaycanın bu sahədəki imkanlarının siyasi əhəmiyyəti də məhz burada üzə çıxır: enerji ixracı iqtisadi gəlir yaratmaqla yanaşı uzunmüddətli tərəfdaşlıq şəbəkəsi formalaşdırır.

Coğrafiyanı siyasi üstünlüyə çevirmək

Prezident İlham Əliyevin nəqliyyat məsələsinə dair açıqladığı hədəflər də gələcək strategiyanın mühüm hissəsidir.

Dövlət başçısı 2026-cı ildə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatmasının gözləndiyini, orta müddətli perspektiv üçün 30 milyon ton hədəfi müəyyənləşdirdiyini bildirib. Orta Dəhliz və Şimal-Cənub Dəhlizi çıxışda əsas tranzit istiqamətləri kimi qeyd olunub.

Azərbaycanın coğrafi mövqeyi tarix boyu onun taleyinə təsir göstərib. Müasir mərhələdə həmin coğrafiya infrastruktur, limanlar, dəmir yolları, magistrallar, logistika mərkəzləri və siyasi sabitlik vasitəsilə iqtisadi resursa çevrilir.

Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşmək ilkin üstünlükdür. Həmin üstünlüyü real iqtisadi və siyasi çəkidə ifadə etmək isə uzunmüddətli dövlət strategiyası tələb edir.

Qarabağ və Şərqi Zəngəzur – xəritədən həyata

VIII Qurultay nitqinin ən mühüm sosial və mənəvi xətlərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır.

Prezidentin açıqladığı son məlumata əsasən, həmin ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Dövlət bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayırıb. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması həyata keçirilib.

Bu rəqəmlər Böyük Qayıdışın artıq statistik proqram çərçivəsindən insan həyatına keçdiyini göstərir.

Dövlət suverenliyi hüquqi anlayış kimi sərhəddə və xəritədə görünür. Onun gündəlik ifadəsi isə evinə dönən ailədə, açılan məktəbdə, işləyən müəssisədə, salınan kənddə, şəhərdə yanan işıqda öz əksini tapır.

Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın Zəfərdən sonrakı siyasətində xüsusi yer tutur. Söhbət torpağın fiziki bərpası ilə yanaşı, həmin ərazilərin ölkənin sosial, iqtisadi və mədəni həyatına tam inteqrasiyasından gedir.

Bir nitqin içində gələcəyin altı dayağı

Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı altı əsas istiqaməti əhatə edir: suverenliyin möhkəmləndirilməsi, təhlükəsizlik, ideoloji dayanıqlıq, müstəqil və fəal diplomatiya, iqtisadi güc, Böyük Qayıdış.

Bu sahələr bir-biri ilə sıx bağlıdır: iqtisadiyyat təhlükəsizliyin bazasını yaradır, təhsil cəmiyyətin müqavimətini artırır, diplomatiya manevr imkanlarını genişləndirir, Böyük Qayıdış isə suverenliyi real həyata çevirir.

Qurultay Azərbaycan siyasətində yeni mərhələnin mənzərəsini göstərir. Əgər əvvəl əsas məqsəd ərazi bütövlüyünü bərpa etmək idisə, hazırkı vəzifə qazanılan nəticələri uzunmüddətli dövlət gücünə çevirməkdir.

Bu gündəlikdə Zəfər tarixi yaddaş, suverenlik başlanğıc nöqtəsi, təhlükəsizlik zərurət, iqtisadiyyat dayaq, diplomatiya manevr sahəsi, milli şüur isə ideoloji sipərdir. Qarabağ və Şərqi Zəngəzurda qurulan həyat isə bütün bu siyasətin insan taleyindəki nəticəsidir. VIII Qurultay nitqinin əsas mənası odur ki, Azərbaycan Zəfərdən sonrakı hədəflərini təhlükəsizlik, suveren qərarvermə və milli inkişaf üzərində qurur.

Oxunub: 3
Oxşar xəbərlər
SON XƏBƏRLƏR