dini radikalizm və ekstremizmlə mübarizə

Dövlət qulluğuna qəbulda müsahibə qaydası dəyişir

Dövlət qulluğuna qəbulda müsahibə qaydası dəyişir

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin müsahibə mərhələsi və daxili müsahibə iki mərhələdən ibarət olacaq. Tələblərə cavab verən namizədlərin sayı beş və daha az olduqda isə onlar birbaşa ikinci mərhələyə buraxılacaqlar.

Djb.az modern.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.

Məcəlləyə əsasən, inzibati vəzifələrə qəbul üzrə müsabiqə test imtahanından və müsahibədən ibarət olacaq. Müsahibə üçün qeydiyyatdan keçmiş və vakant vəzifənin tələblərinə cavab verən şəxslərin sayı beş nəfərdən çox olduqda birinci mərhələ keçiriləcək.

Bu mərhələdə namizədlərin vəzifə təlimatına, qulluq funksiyalarına və müsahibə proqramına uyğun səriştələri yoxlanılacaq. Azı 50 faiz nəticə əldə edənlər arasından ən yüksək göstəriciyə malik beş nəfər ikinci mərhələyə keçəcək.

Beşinci yer üzrə eyni nəticəni bir neçə namizəd topladıqda tapşırıqların əvvəlcədən müəyyənləşdirilmiş prioritet ardıcıllığı əsas götürüləcək. Daha yüksək prioritetli tapşırıq üzrə yaxşı nəticə göstərən şəxsə üstünlük veriləcək.

Birinci mərhələnin vaxtı və yeri barədə məlumat onun keçirilməsinə azı beş iş günü qalmış səlahiyyətli qurumun və vakant vəzifənin aid olduğu dövlət orqanının rəsmi internet səhifələrində yerləşdiriləcək.

İkinci mərhələ üçün üç nəfərlik müsahibə komissiyası yaradılacaq. Komissiyaya səlahiyyətli qurumun və vakant vəzifənin aid olduğu dövlət orqanının hərəsindən bir nümayəndə, həmçinin bir müstəqil ekspert daxil ediləcək. Məcəllədə göstərilən bəzi yüksək inzibati vəzifələr üzrə isə komissiya yalnız müvafiq dövlət orqanının nümayəndələrindən formalaşdırılacaq.

Müsahibənin ikinci mərhələsi fərdi qaydada, Azərbaycan dilində və azı 20 dəqiqə aparılacaq. Namizədin razılığı ilə videoçəkiliş həyata keçiriləcək. Bu mərhələdə onun səriştələri yoxlanılaraq vəzifəyə uyğunluğu müəyyənləşdiriləcək.

Üzrlü səbəb olmadan müsahibəyə qatılmayan namizəd üçün həmin vakant vəzifə üzrə elan edilmiş cari müsabiqə və ya daxili müsahibə çərçivəsində təkrar müsahibə keçirilməyəcək.

Qeyd edək ki, indiyədək qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən, həm müsabiqə üzrə müsahibə, həm də daxili müsahibə bir mərhələdən ibarət idi.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR