Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu tərəfindən 2026-cı il 2- 30 iyul aralığında Xəzər Universitetinin Tarix və Arxeologiya departementinin müəllimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayevin rəhbərliyi ilə Quba rayonunun Səbətlər kəndi ərazisindəki “Təhməzi” son antik və orta əsrlər dövrünə aid qədim yaşayış yerində ilk dəfə əsaslı və kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılmışdır. “Təhməzi” yaşayış yeri 2022-ci ildə Azərbaycanın şimal-şərq regionunda aparılan tədqiqatlar zamanı aşkar edilmişdir.
Arxeoloji qazıntılar zamanı “Təhməzi” yaşayış yerində iki kəşfiyyat quyusu qazılmışdır. Hər iki qazıntı sahəsindən müxtəlif tip kramika fraqmentləri, daş alətlər (dən daşları, çəki daşları), fauna qalıqları (quş və heyvan sümükləri) əldə edilmişdir. Aşkar edilən maraqlı arxeoloji tapıntılardan biri də 2 nömrəli kəşfiyyat quyusunda izlənilən çiy kərpic, çay daşları və bişmiş kərpiclərdən ibarət müxtəlif tikililərə məxsus özül və divar qalıqlarıdır. Yaxşı halda qorunmuş bişmiş kərpiclərdən ibarət divar qalığının eni 90-92 sm, hündürlüyü isə üst-üstə üç kərpic olmaqla, 25-27 sm-dir. 1,7 – 2,1 metr dərinliyində mədəni təbəqələrin izlənilməsi zamanı ocaq yerləri, döşəmə, kiçik diametrli təsərrüfat quyusu və s. müşahidə edilmişdir.
Arxeoloji tədqiqatların başlıca məqsədi Azərbaycanın şimal-şərq regionunda antik və erkən orta əsrlərdə yaşayış yerləri və şəhər mədəniyyətinin yaranmasını, maddi irsimizin və arxeoloji abidələrin xarakterik xüsusiyyətlərini, əhalinin təsərrüfat həyatını, o cümlədən, siyasi proseslər nəticəsində bölgədə müxtəlif xalqların məskunlaşması, köçəri xalqların miqrasiyası, regionun müxtəlif sivilizasiyalar və dövlətlərlə qurulan iqtisadi və mədəni münasibətlərini kompleks şəkildə tədqiq etməkdir.
Oxunub: 0