Səadət Qədim qızı Abbasova 1974-cü ildə Xocalı şəhərində anadan olmuşdu. O, 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı zamanı cəmi 18 yaşında amansızcasına qətlə yetirildi.
Atası Qədim kişi Kəlbəcərdə doğulmuş, ömrünün ən gözəl illərini isə Xocalıda yaşamışdı. Beş övladı vardı və onların arasında ən istəklisi Səadət idi. Xocalı 1 saylı orta məktəbində təhsil alarkən müəllimi ondan gələcəkdə hansı peşəni seçəcəyini soruşanda tərəddüd etmədən: “Müəllim, jurnalist olacağam” – deyə cavab vermişdi.
Arzularının ardınca gedən Səadət Maliyyə-Kredit Texnikumunun Xocalı filialına qəbul olundu. 20 Yanvar faciəsindən sonra şair Məmməd Aslanın şəhidlərimizin ruhuna həsr etdiyi “Ağla, qərənfil, ağla” şeirini elə yanğı ilə söyləyirdi ki, onu dinləyən hər kəs kövrələrdi.
Səadət sevdiyi Valehlə ailə qurmuşdu. Cəmi üç aydan sonra ana olacaqdı. Lakin Xocalı soyqırımı onun arzularını, gələcəyini və dünyaya gələcək körpəsini əlindən aldı.
Həmin qanlı gecə kənd sakinləri ilə birlikdə meşəyə üz tutan Səadət düşmənin hücumuna məruz qaldı. Atılan güllələrdən biri onun gənc ömrünə son qoydu. Ertəsi gün Milli Ordunun əsgərləri əlləri qandallı gənc gəlinin cəsədini qarın üstündən götürərkən göz yaşlarını saxlaya bilmirdilər.
Atası isə həmin vaxt Dəhrəz kəndində əsir götürülərək digər əsirlərlə birlikdə Xankəndinə aparılmışdı. Buna görə də qızının son mənzilə yola salınmasını görə bilmədi.
Bu gün Səadət Abbasova Ağcabədi rayonunun Şotlanlı kənd qəbiristanlığında uyuyur. Məzarı heç vaxt qərənfilsiz qalmır. Vaxtilə qərənfillərə “Ağla” deyən o gənc qızın özü bu gün xalqımızın yaddaşında Xocalının unudulmayan şəhidlərindən biri kimi yaşayır.
“Onlar Heç Vaxt Böyüməyəcəklər” kitabı.
Müəllif: Səriyyə Müslim qızı.
Oxunub: 0