17 may 2026-cı il tarixində Bakıda keçiriləcək13-cü Dünya Şəhərsalma Formu (WUF-13) öncəsi Xəzər Universiteti və Ufuk Planlama şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Kent Orman Yaşam Atölyesi”nin 9-cu sessiyası uğurla yekunlaşıb.
WUF-13-ün əsas prinsiplərinə uyğun şəkildə təşkil edilən layihənin builki mövzusu “Gənclər evini axtarır: bu gün və gələcəyin tələbə yaşayış məkanları” olub. Layihənin bağlanış mərasimi və final təqdimatları 8 may 2026-cı il tarixində Xəzər Universitetinin Neftçilər kampusunda yerləşən Mərmər salonda keçirilib.
Türkiyədən Ufuk Planlama və Kent Orman Yaşam Atölyesi qurucusu, Ankara Üniversitesi Öğretim Görevlisi Dr. Nejla KILINÇ rəhbərliyi ilə həyata keçirilən layihə türksoylu gəncləri bir araya gətirdi. Layihənin əsas məqsədi gələcəyin şəhərlərində gənclərin və tələbələrin yaşayış ehtiyaclarını araşdırmaq, dayanıqlı və insan yönümlü yaşayış məkanları konsepsiyaları hazırlamaq, həmçinin WUF-13 çərçivəsində urban inkişafın sosial və ekoloji aspektlərini tələbələrin baxışında təhlil etmək olub. Təlim proqramında iştirak edən tələbələr şəhərsalma, memarlıq və sosial həyatın inteqrasiyasını nəzərə alan innovativ yaşayış modelləri üzərində çalışıblar.
Layihə müddətində Dr. Nejla KILINÇ, Aydoğan KILINÇ, Prof. Dr. Güzin AYRANCIOĞLU, Bahar Dikensak, Selman TOPLU, Ersin EKİCİ , Rəşad Ələkbərov, Dos. Fərhunə Atakişiyeva və Urfan Məmmədov kimi mütəxəssislər və müəllimlər tələbələrlə öz peşəkar təcrübələrini və fikirlərini bölüşüb, mövzu ilə əlaqədar tövsiyə və məsləhətlər veriblər. Təlim prosesində tələbələr həm akademik, həm də praktik baxımdan şəhərsalma və yaşayış məkanlarının planlaşdırılması üzrə mühüm biliklər əldə ediblər.
Dörd gün davam edən intensiv studiya proqramı ərzində tələbələr dörd qrup şəklində çalışaraq “Gənclər evini axtarır” mövzusu çərçivəsində konseptual layihələr hazırlayıblar. Layihələrdə tələbələrin sosial həyatı, ortaq istifadə məkanları, yaşıl və təhlükəsiz yaşayış mühiti, enerji effektivliyi, çevik memarlıq həlləri və gələcəyin şəhərlərində gənclərin yaşayış tələbatları əsas istiqamətlər kimi ön plana çıxıb.
Final təqdimatları zamanı iştirakçılar hazırladıqları layihələri münsiflər heyəti və qonaqlar qarşısında təqdim edərək gələcəyin tələbə və gənclik yaşayış modelləri ilə bağlı innovativ yanaşmalarını nümayiş etdiriblər. Təqdim olunan layihələrdə ağıllı texnologiyalar, ekoloji davamlılıq, yaşayış kompleksləri və sosial əlaqələri gücləndirən ictimai məkan konsepsiyaları xüsusi maraq doğurub.
Təlim proqramının sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar. İştirakçılar layihənin onlara WUF-13 gündəliyinə uyğun olaraq şəhərsalma və yaşayış məkanlarının gələcəyi haqqında multidisiplinar düşünmək, nəzəri biliklərini praktik layihələrdə tətbiq etmək və beynəlxalq təcrübə qazanmaq baxımından mühüm imkan yaratdığını bildiriblər. “Kent Orman Yaşam Atölyesi”nin 9-cu sessiyası WUF-13 öncəsi gənclərin yaşayış məkanlarının gələcəyinə həsr olunan beynəlxalq əhəmiyyətli akademik və praktik platformalardan biri kimi yadda qalıb. Yığcam Göstər
Oxunub: 46