Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü dekabr ayının 12-də şəhərin 1 nömrəli məktəbinin akt zalında keçirilib. Əvvəlcə Ulu Öndərin anım günüilə əlaqədar bir dəqiqəlik sükutla əziz xatirəsini yad ediblər. Görüşdə sakinlərlə yanaşı , İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, şəhər Mərkəzi Xəstəxanasının,Məşğulluq idarəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.
Sakinlərlə keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cari il ərzində şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq və tikinti işlərinin bu soyuq qış ərəfəsində də sürətlə davam etdirildiyini bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən hər bir quruculuq işinin Mingəçevirin gözəlləşməsi ilə yanaşı vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını qeyd edib. Kommunal xidmət sahələrində infrastruktur layihələrinin uğurla başa çatdığını, bunun davamı olaraq kanalizasiya sisteminin yenidənqurulması istiqamətində işlərin 84 faizinin başa çatdırıldığını deyən şəhər rəhbəri gələcək illərdə də yaşayış binalarının əsaslı təmiri, nümunəvi məhəllələrin yaradılması, idman meydanlarının hazırlanması, işıq nöqtələrinin artırılması, asfaltlanma işlərinin davam etdiriləcəyini diqqətə çatdırıb. Yeni iş yerlərinin yaradılması məsələsinin xüsusilə diqqət mərkəzində olduğu, hazırda davam edən tikinti işləri sayəsində yeni iş yerlərinin açılacağını da bildirib. Çıxış edən sakinlər şəhərdə aparılan təmir-bərpa işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, problemlərdən bəhs ediblər.Sakinləri daha çox narahat edən problem təhsil nazirliyinin balansında olan istifadəsiz iki uşaq bagçasından olub. Onlar bildiriblər ki,həmin ərazidə olan binaların sakinləri dəfələrlə bu barədə müraciətlər etsələrdə müraciətləri cavabsız qalıb.
Digər çıxış edən sakinlər isə hündür ağacların budanması,zirzəmilərdə çirkab suların yığılması ,1 nömrəli məktəb həyətinin işıqlanmasının olmaması və digər problemləri dilə gətiriblər.
İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərin həlli ilə bağlı sakinləri bir daha əmin etdi ki,qaldırılan məsələlərlə bağlı problemlər aidiyyəti qurumlara çatdırılacaq.
Esmira Hidayətova,Mingəçevir
Oxunub: 157