8 Noyabr-Zəfər Günü münasibətilə Biləsuvar rayonunun fədakar və təcrübəli veteran müəllimləri, təhsil işçiləri bir araya gələrək tarixi qələbəmizin altıncı ildönümünü böyük qürur və ehtiram hissi ilə qeyd ediblər.
Biləsuvar Təhsil Veteranları qrupunun təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun tanınmış pedaqoqları şəhər mərkəzi parkında ucalan Şəhidlər abidə Kompleksini ziyarət ediblər. Keçmiş müəllimlər və təhsil fədailəri Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini dərin sayğı ilə anıb, şəhidlərimizin mübarək ruhuna dualar oxuyublar.
Qrupun rəhbəri, tanınmış və təcrübəli pedaqoq Fəday Əliyev tarixi zəfərimizin altıncı ildönümünə həsr olunmuş bu əlamətdar görüş barədə ətraflı məlumat verib. F.Əliyev çıxışında vaxtilə parta arxasında əlifba öyrətdikləri, milli ruhda böyütdükləri şagirdlərin 44 günlük Vətən müharibəsində göstərdikləri cəngavərlikdən, yazdıqları şanlı tarixdən danışıb. O bildirib ki, hər bir Azərbaycan vətəndaşının qəlbində şəhidlərimizin və qazilərimizin misilsiz qəhrəmanlıqları əbədi yaşayacaq və bu gün veteran müəllimlər öz yetirmələri ilə sonsuz fəxr və qürur hissi keçirirlər.
Tədbirdə çıxış edən Əməkdar müəllim Firudin Hüseynov, "Tərəqqi" medallı pedaqoq Kamal Teymurov, veteran müəllimə Xanımgül Abıyeva, Aydın Əbilov, Ağamməd İbayev, Əmrah Rufullayev, Ələsgər Şahbazov qazanılan tarixi zəfərin əhəmiyyətindən ürəkdolusu bəhs ediblər. Natiqlər xüsusilə vurğulayıblar ki, bu möhtəşəm qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və xalqımızın "Dəmir yumruq" ətrafında nümayiş etdirdiyi sarsılmaz birliyin, milli həmrəyliyin bariz nümunəsidir.
Şəhidlər Kompleksindəki rəsmi ziyarətdən sonra təhsil veteranları görüşü rayonun "Karvan" restoranında, səmimi çay süfrəsi arxasında davam etdiriblər. Müəllimlər keçmiş xatirələri yad edib, Zəfər Gününün ölkəmizə bəxş etdiyi bayram təəssüratlarını və sevincini bölüşüblər.
Samir Qurbanov
Oxunub: 24