dini radikalizm və ekstremizmlə mübarizə

Müzəffər Xalqın Əbədi Zəfər Salnaməsi


Rəna Nəsibzadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 24 saylı şəhər poliklinikasının baş həkimi

Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması və bir milyondan çox həmyerlimizin 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olması xalqımızın daxilində sönməyən bir nisgil yaratmışdı. Uzun müddət beynəlxalq aləmdə “dondurulmuş münaqişə” kimi qələmə verilən bu ədalətsizliklə xalqımız heç vaxt barışmadı. İşğal dövründə dövlətimizin mütləq prioriteti məhz torpaqlarımızın azad edilməsi idi. Məqsədyönlü və prinsipial siyasət, iqtisadi sahədə regional və qlobal üstünlüyümüz, habelə çoxşaxəli və effektiv xarici siyasət gələcək Zəfərin möhkəm təməlini qoyurdu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”. Dövlət başçısının fəaliyyəti illərlə vahid bir məqsədə xidmət edirdi. Ölkə rəhbəri bu amalı belə ifadə etmişdir: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.

Bu yolda büdcədə hərbi xərclərin artması və milli hərbi sənaye kompleksinin inkişafı Silahlı Qüvvələrimizi addım-addım daha da gücləndirirdi: “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq”.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq verilən “İrəli!” əmri ilə “Dəmir yumruq” əməliyyatı başladı. Hərbçilərimiz “Öldü var, döndü yoxdur!” şüarı ilə döyüşlərə atıldılar. 44 günlük Vətən müharibəsində bir dənə də olsun fərari olmadı; Azərbaycan dövləti, xalqı və ordusu sarsılmaz qüdrətini bütün dünyaya nümayiş etdirdi. “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi”. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Prezidentin müharibə dövründəki nitqləri və diplomatik cəbhədəki çıxışları bütün ölkə əhalisi tərəfindən böyük rəğbətlə təqdir edildi. Nəticədə rəsmi İrəvan kapitulyasiya aktına imza atmağa məcbur oldu və Azərbaycan tarixi Qələbəsini qazandı.

Tarixi zəfərdən sonra da dövlətimiz qətiyyətli addımlarını davam etdirdi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması və bir gündən az davam edən lokal Antiterror əməliyyatı suverenliyimizin tam bərpası ilə nəticələndi. Dövlət başçısının dediyi kimi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”. Müharibədən sonra möhtəşəm Zəfər Paradı ilə yanaşı, 8 Noyabr Zəfər Günü, 20 Sentyabr Dövlət Suverenliyi Günü təsis olundu, Zəfər Parkı və Zəfər Muzeyi yaradıldı, həmçinin qəbul edilən amnistiya aktları ilə cəmiyyətdə milli həmrəylik daha da gücləndirildi.

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli birliyi və siyasi həmrəyliyi ən yüksək zirvəyə qaldırdı. “Dəmir yumruq” həm də milli birliyimizin rəmzinə çevrildi. Ali Baş Komandanın vurğuladığı kimi: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”. Eyni zamanda Azərbaycan sülh tərəfdarı olduğunu hər zaman nümayiş etdirir: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”.

Bu gün Azərbaycanın tarixində yeni inkişaf səhifəsi açılır: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı, Qarabağın və Şərqi Zəngəzurun yenidən məskunlaşdırılması, məşğulluq tədbirləri, DOST və ASAN xidmət mərkəzlərinin orada fəaliyyətə başlaması bu quruculuğun əyani sübutudur.

Dövlətimiz şəhid ailələrinə və müharibə iştirakçılarına ali diqqət göstərir, genişmiqyaslı sosial dəstək paketləri və “YAŞAT” Fondu vasitəsilə qazilərimizi daim qayğı ilə əhatə edir. Cənab Prezidentin qeyd etdiyi kimi: “Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır... Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

Yazılan bu qəhrəmanlıq dastanı xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunub. Ali Baş Komandanın dediyi kimi: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”. 8 Noyabr Zəfər Günü bizim qürurumuz, milli mənliyimiz və əbədi yaşayacaq zəfər simvolumuzdur!

Oxunub: 7
Oxşar xəbərlər
SON XƏBƏRLƏR