17 may 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək World Urban Forum 13 (WUF13) öncəsi paytaxtda şəhərsalma və planlaşdırma mövzusunda növbəti beynəlxalq tədbir start götürüb. 4 may 2026-cı il tarixində Xəzər Universitetinin Neftçilər kampusunda yerləşən Mərmər salonda universitetin və Türkiyənin “Ufuk Planlama” şirkətinin birgə təşkilatçılığı ilə “Kent Orman Yaşam Atölyesi”nin 9-cu sessiyasının açılış mərasimi keçirilib.
Əməkdaşlığın uğurlu davamı
Qeyd edək ki, bu layihə Xəzər Universiteti və “Ufuk Planlama” şirkəti arasında uğurla davam edən əməkdaşlığın artıq üçüncü mərhələsidir. Bundan əvvəl tərəflər 2025-ci ilin may və oktyabr aylarında iki böyük təlim proqramını uğurla reallaşdırıblar. Cari layihə isə “Gənclər evini axtarır” mövzusu çərçivəsində multidissiplinar məkan planlaşdırılmasına həsr olunub.
Beynəlxalq tərkib və müasir yanaşmalar
8 may 2026-cı il tarixinədək davam edəcək təlim proqramında geniş tərkibli iştirakçı heyəti təmsil olunur:
Türkiyənin aparıcı ali təhsil müəssisələrindən 10 tələbə;
Xəzər Universitetindən 30 tələbə.
Proqramın əsas hədəfi şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma metodlarının mənimsənilməsi və tələbələrin bu sahədə praktiki bacarıqlarının inkişaf etdirilməsidir.
Nəzəriyyədən praktikaya: Gələcəyin şəhərsalma modeli
Layihə çərçivəsində memarlıq, landşaft memarlığı və şəhərsalma kimi müxtəlif sahələr üzrə multidissiplinar yanaşmalar tətbiq edilir. Tələbələr həm nəzəri mühazirələrdə iştirak edir, həm də xüsusi studiya işləri vasitəsilə keçmiş təcrübələrdən faydalanaraq gələcəyin şəhər modellərini hazırlayırlar.
İştirakçılar bu cür beynəlxalq və praktiki əhəmiyyətli layihədə yer almağın onların peşəkar inkişafına böyük töhfə verdiyini və müasir şəhərsalma yanaşmalarını tətbiq etmək üçün geniş imkanlar yaratdığını bildiriblər.
Oxunub: 64