Avropa İttifaqı (Aİ) Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynaya 90 milyard avro həcmində kredit vəsaitlərinin ayrılmasına mümkün vetosundan yan keçmək üçün yol tapacaq.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ARD kanalına verdiyi müsahibədə bildirib.
"Mənim fikrimcə, bloklanma baş verməyəcək. Aİ bundan yan keçmək üçün yollar tapacaq. Biz müvafiq vəsaitləri alacağıq. ABŞ bizə ehtiyacımız olan və avropalılarda olmayan müvafiq silahları əldə etmək imkanı verəcək", - o qeyd edib.
Zelenski, həmçinin Viktor Orbanın Ukraynaya vəsait ayrılmasını bloklamaq cəhdlərinə əl atmayacağına ümid ifadə edib.
Xatırladaq ki, fevralın 11-də Avropa Parlamentinin deputatları Strasburqda plenar sessiyada Ukrayna üçün 2026-2027-ci illər üzrə 90 milyard avro həcmində kreditin ayrılmasının lehinə səs veriblər. Bundan 60 milyardın Ukraynanın müdafiə məqsədlərinə xərclənməsi planlaşdırılır. 30 milyard isə "Ukraine Facility" mexanizmi vasitəsilə təqdim ediləcək makromaliyyə yardımı və ya büdcə dəstəyinə ayrılacaq. İndi Aİ Şurası kreditin verilməsi barədə nizamnaməyə dair yekun rəsmi qərar qəbul etməlidir. Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Budapeşt Rusiya neftinin Ukrayna ərazisindən "Drujba" neft kəməri ilə tranziti bərpa olunana qədər bu vəsaitlərin ayrılmasını bloklayacaq.
Oxunub: 0